İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Onların fəaliyyətindəki qərəz və manipulyasiya yalnız Ermənistanın maraqlarına xidmət edir
Bu kimi təşkilatlar bircə dəfə azərbaycanlıların öz evlərindən didərgin edilib, yurd-yuvalarının talandığını görmədi, onların haqlarını qorumadı
İnsan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları müxtəlif sifarişçi qrupların əmrlərinə uyğun olaraq müəyyən ianələrin qarşılığında bu və ya digər ölkənin ünvanına hədyanlar yazmağa vərdiş ediblər. Belə təşkilatlardan biri də “University Network for Human Rights" (UNHR) təşkilatıdır."University Network for Human Rights" (UNHR) təşkilatı insan hüquqları mövzusunda fəaliyyət göstərən və əsasən müxtəlif münaqişə bölgələrindəki vəziyyəti işıqlandırmaq məqsədilə fəaliyyət göstərən bir təşkilat kimi tanınır. Lakin bu təşkilatın fəaliyyətinə daha yaxından nəzər saldıqda, onun Azərbaycana qarşı bariz qərəzli mövqe tutduğu və xüsusilə Qarabağ münaqişəsi ilə bağlı hazırladığı hesabatların obyektivlikdən uzaq olduğu ortaya çıxır. UNHR son illərdə Ermənistan-Azərbaycan münaqişəsi kontekstində ölkəmizə qarşı tənqidi mövqelər tutaraq, Qarabağ məsələsində Ermənistanın iddialarını dəstəkləyən hesabatlar hazırlayıb. Bu hesabatlarda Azərbaycan tərəfi daim təcavüzkar kimi təqdim olunur, erməni tərəfinin törətdiyi cinayətlər isə ya tamamilə gözardı edilir, ya da onların əhəmiyyəti minimuma endirilir.
Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlar, ölkəmizin dünyada getdikcə artan nüfuzu, siyasi arenada söz sahibinə çevrilməsi bir çox anti-Azərbaycan dairələrin, erməni lobbisinin yuxusunu ərşə çəkdiyi kimi, UNHR və digər beynəlxalq təşkilatları da qıcıqlandırmaqdadır.
Qərb üçün demokratik ölkə ona qulaq asan, itaət edən, necə deyərlər, “sözəbaxan” ölkədir. Biz artıq şahidlik edirik ki, dünyanın “bizdən və bizdən olmayan” bloklarına bölünməsi, ayrı-seçkilik və sıfır tolerant, o cümlədən nifrət dili təşviq edilməsi gizli deyil, açıq formada həyata keçirilir. Sülh və sabitliyə ehtiyac duyulduğu bir vaxtda qarşılıqlı anlaşma meydandan qovulur. İkiüzlü təşkilatların ideoloqlarının çəkinmədən, özü də qəsdən ayırıcı xətləri dərinləşdirməsi, hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışması dövlətləri bu və ya digər düşərgəyə aid etməsi, qruplara bölməsi heç bir məntiqə və standarta sığmır.
Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyən beynəlxalq təşkilatlar 2023-cü ilin sentyabr ayında da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra iddia etmişdi ki, guya orada ermənilərin hüququ pozulub. Deyəsən, özünü hüquq müdafiəçisi adlandıran bu təşkilatlar bir milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqının 30 ilə yaxın müddətdə pozulan hüquqlarını “yaddan çıxarıblar”. Bir dəfə də olsun bu barədə bəyanat verib, Ermənistana haqlı irad bildirmədilər.
Lakin özünü radikal erməni diasporunun muzdlu carçısına çevirmiş qərb təşkilatlarında reallıqla üst-üstə düşməyən anti-Azərbaycan hesabatları dərc edilir. Hazırlanmış hesabatlarda heç bir məntiqə əsaslanmadan Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin könüllü olaraq Ermənistana köçüb getməsi hüquq pozuntusu kimi qələmə verilir. Bu təşkilatlar insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə, yenə də radikal millətçi-terrorçu təəssübkeşinə çevrilir. Erməniləri, erməniçiliyi müdafiə edirlər.
Qeyd edək ki, vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının böhtan xarakterli hesabatından sonra "University Network for Human Rights" (UNHR) təşkilatı Azərbaycana qarşı yönəldilmiş "ermənilərə qarşı cinayətlər" mövzusunda yeni bir hesabat üzərində işləyir. Bu yeni sənəd təşkilatın artıq mövcud olan doqquz "hesabat", qeydlər və məqalələr toplusuna əlavə olunur.
Siyasi şərhçi Elçin Alıoğlu bu mövzudakı araşdırmasında bildirib ki, UNHR-in belə yanaşması təşkilatın obyektivliyini və etibarlılığını ciddi şəkildə şübhə altına alır. Onun sözlərinə görə, UNHR-in hazırladığı hesabatlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi 30 ilə yaxın müddət ərzində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi etnik təmizləmə, qətliamlar və digər müharibə cinayətləri heç bir şəkildə əks olunmur:
“Xocalı soyqırımı və ya erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində törətdiyi digər cinayətlər bu hesabatlarda ya qeyd olunmur, ya da yalnız qısa şəkildə, əhəmiyyətsiz bir detal kimi təsvir olunur. UNHR-in Qarabağ münaqişəsi ilə bağlı yaydığı hesabatlar yalnız qərəzli deyil, həm də çox vaxt saxta və reallığa əsaslanmayan məlumatlarla doludur. Təşkilatın "fakt toplama missiyaları" adlandırdığı fəaliyyətlər, əslində, birtərəfli məlumatların toplanması və yalnız Ermənistanın maraqlarına xidmət edən saxta sübutların yaradılmasına yönəlib. Bu missiyalar zamanı təşkilatın nümayəndələri guya məxfiliyi qorumaq məqsədilə müsahibə verdikləri şəxslərin adlarını dəyişdirir, lakin bu, daha çox manipulyasiya və dezinformasiya yaratmaq məqsədi daşıyır. Bundan əlavə, UNHR-in hesabatlarında istifadə edilən mənbələrin etibarlılığı da ciddi sual altındadır. Təşkilatın bəzi hesabatları Ermənistanın rəsmi təbliğatını dəstəkləyən məlumatları əsas götürərək, onların obyektivliyini ciddi şəkildə şübhə altına alır. Məsələn, UNHR-in 2023-cü ildə yaydığı bir hesabatda, Ermənistanın Qarabağda azərbaycanlılara qarşı törətdiyi cinayətlərə dair hər hansı bir ciddi dəlil təqdim edilmədən, Azərbaycan tərəfi ermənilərə qarşı guya "soyqırım" törətməkdə ittiham edilir. Bu cür əsassız iddialar, həm Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq məqsədi daşıyır, həm də təşkilatın özünü etibarsız bir qurum kimi göstərir. Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti nümayəndələri UNHR-in Azərbaycana qarşı qərəzli mövqeyini və saxta hesabatlarını dəfələrlə pisləyiblər. Həmin hesabatlar Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyini zəiflətməyə və Ermənistanın haqsız iddialarını dəstəkləməyə yönəlmiş bir kampaniyanın tərkib hissəsi kimi qəbul olunur. Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ciddi çətinliklərlə üzləşir və bu cür qərəzli təşkilatların fəaliyyəti bu prosesi daha da çətinləşdirir. Bu dəfə də UNHR ampluasına sadiq qalıb. Tomas Beker Harvard məzunu və hüquq üzrə amerikalı mütəxəssis, təşkilatın nümayəndəsi kimi "fakt toplama missiyası" (fact-finding mission) adı altında Azərbaycanı könüllü tərk edərək, Ermənistana yollanmış qarabağlı erməniləri danışdırıb. Təbii ki, həmin şəxslər UNHR-in ölkəmiz və xalqımızla bağlı mövqeyinə tam uyğun olaraq "qarabağlı erməni qaçqınlar" kimi təqdim olunub. Sözügedən missiya çərçivəsində o, Ermənistana gələrək, həmin şəxslərlə görüşlər təşkil edir”.
E.Alıoğlunun sözlərinə görə, hesabatda diqqətçəkən məqam odur ki, müsahibə edilən şəxslərin adları guya onların məxfiliyini qorumaq üçün dəyişdirilir. Fəqət proses, daha doğrusu, prosedur təəccüb doğurur. Daha doğrusu, sanki çox ucuz və bəsit məzhəkə yaşanır: “Ermənistanın Baş naziri Nikol Paşinyan fasiləsiz olaraq bəyan edir ki, qarabağlı ermənilərin yaşamı tam təmin olunub, onlar özlərini "absolyut təhlükəsizlikdə hiss edirlər". Belədirsə, yəni qarabağlı ermənilər "absolyut təhlükəsizlikdə"dirsə, onda nə üçün UNHR bu adamların ad və soyadlarını gizlədir, şərti adlardan istifadə edir? Sanki bu praktika mass-medianın cinayətkarların adlarını gizlətməsi kimi bir təcrübədir. Birləşmiş Ştatların mediası və xüsusilə də insan haqlarının müdafiəsi təşkilatları azərbaycanlılarla bağlı məsələlərdə belə "həssas" davranmırlar. Məsələn, "Associated Press"ə istinadən "Los Angeles Times"da dərc olunmuş xəbərdə haqlarında bəhs olunan, Birləşmiş Ştatlarda məskunlaşmış azərbaycanlı miqrantların adları açıq şəkildə qeyd olunmuşdu”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə “Şərq”ə açıqlamasında deyib ki, “University Network for Human Rights” təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli çıxışlar edib: “44 günlük Vətən müharibəsi zamanı da onların bizim haqlı mövqeyimizi müdafiə etdiklərini görmədik. İnsan haqlarını zirvəyə qaldıran bir təşkilat olmasına baxmayaraq, UNHR bu dəfə də öz qərəzli mövqeyi ilə gündəmə gəlib. Bu təşkilatlar 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığını, azərbaycanlıların öz evlərindən didərgin edilib, yurd- yuvalarının talandığını görmədi, onların haqlarını qorumadı. Nə səslərini çıxartdılar, nə də ermənilərin bu vəhşiliklərindən yazdılar. Ermənistana sanksiya tətbiq etməyin lazım olduğunu, onların beynəlxalq hüququ pozduğunu bildirmədilər.
Mən bu təşkilatlarla çox işləmişəm, o zaman da biz öz sözümü demişik. Amma müharibə zamanı gördüm ki, insan haqları ilə məşğul olan beynəlxalq təşkilatlar bizə qarşı çox pis münasibətdə oldular. Onlar müharibədən sonra gəlib şəhər və kəndlərimizə niyə baxmadılar. Görəydilər ki, ermənilər necə viran qoyub Qarabağı. İnsan haqlarını müdafiə edən təşkilat sözü dəqiq və yoxlayaraq deməlidir. Gəlib görsünlər, baxsınlar, ondan sonra hesabat hazırlasınlar, kimlərinsə dediklərinə əsasən yazmasınlar. “University Network for Human Rights”in Azərbaycana qarşı qərəzli mövqeyi və Qarabağ məsələsi ilə bağlı hazırladığı saxta hesabatlar bu təşkilatın obyektivlikdən nə qədər uzaq olduğunu göstərir. Onların fəaliyyətindəki qərəz və manipulyasiya yalnız Ermənistanın maraqlarına xidmət edir və Azərbaycanın beynəlxalq arenada haqlı mövqeyini zəiflətmək məqsədi daşıyır. Bu kimi təşkilatların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin, əmin-amanlığın və Bakı ilə İrəvan arasında normal dövlətlərarası münasibətlərin yaradılmasına yönəlmiş prosesə ciddi maneələr törədir. Azərbaycanın beynəlxalq səviyyədə bu kimi qərəzli təbliğatla mübarizəsi və həqiqətləri dünya ictimaiyyətinə çatdırması üçün daha da aktiv şəkildə işləməsi zəruridir”.