Jurnalist övladları bu il tarix yazdılar

Bu sevincə dəyərdi

Tələbə adı qazananlar arasında xeyli tanınmış həmkarlarımızın övladları  var

  Dövlət İmtahan Mərkəzi Ali təhsil müəssisələrinə qəbul olan tələbələrin adlarını açıqlayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 82 883 nəfər iştirak edib. Onlardan 55 656 nəfəri (o cümlədən 7 287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 117 (o cümlədən 1 579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28 539 (o cümlədən 5 708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Tələbə adı qazananlar arasında tanınmış jurnalistlərin də övladları var.
  “Sherg.az” olaraq həmkarlarımızın sevincli günləri ilə bağlı təəssüratlarını öyrəndik.
  Jurnalistlər Sevinc Mürvətqızı və Səxavət Həmidin qızları valideynlərinin yolunu davam etdirərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub: “Nəhayət ki, səbirsizliklə gözlədiyimiz şad xəbər gəldi. Gözəl və ağıllı qızım Sara öz istəyi, şəxsi seçimi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə (əyani, dövlət sifarişi) qəbul olundu. Öz övladım da daxil olmaqla tələbə adı qazanmış bütün balaları ürəkdən təbrik edirəm. Onlara gələcək tələbə həyatlarında, dərslərində uğurlar arzulayıram”.
   “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlinin qızı Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub. Həmkarımız bizimlə söhbətində deyib ki, kiçik qızım Ayan Cəfərli qəbul imtahanlarında çox yaxşı nəticə göstərib. O, birinci mərhələdə III ixtisas qrupu üzrə qəbul imtahanlarından 592 bal toplayıb:

“Bu qrupu özü seçmişdi. Övladım Azərbaycan məktəbində təhsil alıb. Öncə Bakı şəhəri Xətai rayonunda yerləşən 260, sonra 171 saylı tam orta məktəbdə oxuyub. Onu türk, rus və ya başqa dillərdə təhsil verən liseylərə yönləndirmək imkanım var idi. Amma buna özünün həvəsi olmadı. O cür liseylərin əksəriyyəti yaşadığımız ərazidən uzaqdır. Düşündüm ki, uşaq yolda yorulmasın, evə yaxın məktəbdə təhsil alsın. Həm də qəbul imtahanlarındakı nəticələrdə əsas pay sahibi repetitorlardır. 9-cu sinifdən tarix, coğrafiya, Azərbaycan dili, ədəbiyyat və ingilis dilindən hazırlığa getdi. Olduqca məsuliyyətli və zəhmətkeş olduğundan ilk gündən inamım var idi ki, qəbul imtahanlarında nəticə yaxşı olacaq. Açığı, vaxtım az olduğundan orta məktəbdə dərslərini hazırlamaqda, ev  tapşırıqlarının icrasında ona kömək edə bilmirdim. Ancaq anası müəllimə olduğu üçün ona çox kömək etdi. Mən yalnız tətil günlərində bədii ədəbiyyat oxumasını təlqin edir, yaş səviyyəsinə uyğun müxtəlif kitablar alırdım. Nəhayət, qəbul imtahanlarının nəticələri açıqlandı. Məlum oldu ki, Ayan dövlət sifarişi üzrə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini qazanıb. Qızım 4 il ingilis dilində təhsil alacaq. Valideynləri olaraq çox sevincliyik. İndi bəzən biriləri “700 bal toplayanların axırı nə oldu”, “yüksək bal toplayan gənclər özlərini əmək bazarında reallaşdıra biləcəkmi” tipli suallar verirlər. Bilirsiz, bu, bir mərhələnin nəticəsidir. Uşaqlar bu mərhələni uğurla başa vurublar. Gələcəkdə nə olacaq, o, zamanın işidir. Ümumiyyətlə, Azərbaycanda yanlış bir düşüncə hakimdir: 700 bal toplayıbsa, mütləq NASA-da işləməli, gənc yaşda elmlər doktoru olmalıdır. Bu gün təhsildə, səhiyyədə, dövlət idarəetməsində, diplomatiya sahəsində qəbulda 650, 700 bal toplamış o qədər mütəxəssis var ki. Adı məşhur həkimlərin, müəllimlərin əksəriyyəti harada yetişib bəs? Hər şeyə neqativ yanaşmaq doğru deyil. Övladı ali məktəbə qəbul olunmuş valideyn kimi mən ölkəmizin, təhsilimizin də gələcəyinə inanıram. İnanıram ki, bu gün yüksək nəticə ilə ali məktəbə qəbul olunan övladlarımız sabah müxtəlif sahələrdə insanlara xidmət edəcək, cəmiyyətə faydalı şəxslər olacaqlar”.
  Siyasi şərhçi, jurnalist Cəmaləddin Quliyevin oğlu da Bakı Dövlət Universitetinə qəbul olanlar siyahısındadır.
Jurnalist Elçin Rüstəmlinin qızı  Bakı Dövlət Universiteti, Hüquq fakültəsini qazanıb: “Allaha çox şükür! Çox sağ ol, qızım! Aysu Rüstəmli: BDU Hüquq fakültəsi, əyani dövlət sifarişli. Tələbə adını qazanan bütün gənclərimizi, onların ailə üzvlərini təbrik edirəm”.
  İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadənin qızı Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq fakültəsinə daxil olub. Sevincini “Sherg.az"la bölüşən C.Hüseynzadə artıq ikinci övladının da tələbə adı qazandığını vurğulayıb:

“Bir valideyn kimi üzərimizə düşən əsas vəzifələrdən biri də övladlarımızın təhsil almasında onlara dəstək olmaqdır. Etiraf edək ki, hər bir ailədə uşaqların gələcəyi ilə bağlı arzular və seçimlər olur. Düzünü desəm, biz qızım Güneli tibb sahəsində görmək istəyirdik. Lakin qızım öz seçimini etdi və hüquqşünas olmağı, üçüncü qrupa hazırlaşmağı qarşısına məqsəd qoydu. Mənə çox xoş oldu ki, yaşının az olmasına baxmayaraq, müstəqil seçim etməyi və ona nail olmağı bacardı. Suraxanı rayonunda yerləşən 114 saylı orta məktəbi fərqlənmə diplomu ilə bitirərək, Dövlət Gömrük Komitəsinin Akademiyasının Hüquqşünaslıq ixtisasına qəbul oldu. Hesab edirəm ki, həyatımızda bəzi mərhələlər var ki, bizə yalnız bilik deyil, həm də böyük təcrübələr qazandırır. Bu mərhələlərdən biri də ali məktəbə qəbul olub tələbə adını qazanmaqdır. Şagirdlik illəri boyunca topladığı bilik və bacarıqlar, bu yeni dövrdə daha da inkişaf edəcək və həmin gənclər gələcək karyeraları üçün hazırlıq görəcəklər”.
  QHT sədrinin sözlərinə görə, tələbə olmaq yalnız bilik öyrənmək deyil, həm də şəxsiyyət kimi formalaşmaq deməkdir: “Universitet həyatı müstəqillik, zaman idarəetməsi və məsuliyyət tələb edir. Artıq övladlarımız öz təhsillərinə yön vermək, maraqlarına uyğun sahələrdə ixtisaslaşmaq üçün ilk addımlarını atırlar. Arzu edirəm ki, bütün gənclərimiz savadlı və təhsilli olaraq dövlətimizin işıqlı gələcəyi naminə çalışsınlar”.
  Jurnalist Anzulə Pərvizqızının oğlu Azərbaycan Texniki Universiteti Mexatronika və robotexnika ixtisasına qəbul olub: “Oğlum tələbə oldu  Öz seçimi - Mexatronika və Robototexnika mühəndisliyi. (Nə çətin addır belə) Qəbul olmaq əsasdır, amma uğurlu kadr kimi Vətənə xidmət etmək üçün hər zaman çalışmaq lazımdır. Məni tələbə anası edən Yaradana sonsuz şükürlər olsun”.
  "Azərbaycan" qəzetinin baş redaktorunun müavini İxtiyar Hüseynlinin oğlu UNEC-in biznesin idarə edilməsi fakültəsinə daxil olub:
“Sevincimiz hədsizdir… Bundan öncə də SAT və İELTS nəticələrinə əsasən, Bakıda ADA və Belçikada Ku Leuven universitetlərinin eyni adlı fakültələrinə qəbul olmuşdu. Seçimimiz “The Times Higher Education” reytinqinə görə, dünyanın 45-ci universiteti elan edilən, 599 yaşlı KU LEUVEN oldu”.
  İctimai Televiziyanın böyük redaktoru Rasim İsmayılovun oğlu Azərbaycan Texniki Universitetinin Logistika ixtisasına qəbul olub: “Dünənin totuş-motuşları artıq tələbə oldu. Bu da Texniki Universitetdə oxuyub (logistika) Lenin olacaq. Bütün balaların yolu işıqlı olsun!”.
  Jurnalist Tural Səfərovun oğlu da  Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.
  “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı isə  Qarabağ Universitetinə qəbul olub.
  Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı və oğlu Turqut tələbə adını qazanıblar. Bu barədə  "Sherg.az"a  açıqlama verən jurnalist belə deyib: "Ata-bala tələbə olduq. Bu gün həyatımda çox əlamətdar bir gündür. Böyük oğlum Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazandı. Dövlət sifarişli ixtisasa yiyələnib dövlətimizə xidmət edəcək.
Mən özüm də dinc durmayıb ikinci ali təhsil üçün müraciət etdim. Sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul oldum. Övladları ali məktəbə qəbul olan bütün valideynləri təbrik edirəm!".

  “Report” İnformasiya Agentliyinin redaktoru Araz Zeynalovun qızı Röya Zeynallı buraxılış və qəbul imtahanlarında yüksək bal toplayaraq, valideynlərini sevindirib. O, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinə (Koreya dili) qəbul olub.

  Yenisabah.az-ın baş redaktoru Elnur Məmmədli və APA-nın redaktoru Nigar Abbasovanın övladları Bakı Dövlət Universiteti, kompüter elmləri ixtisasına qəbul olub: “Evimizin ilk tələbəsi! Bakı Dövlət Universiteti, komputer elmləri, əyani. Dövlət sifarişli! Təbrik edirəm, gözəl qızım”,- deyə E.Məmmədli sevincini sosial şəbəkə hesabında bölüşüb.

  Telejurnalist Rauf Rəcəbovun oğlu da artıq tələbə adına sahibdir.  O Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub: “Bu gün tələbə adını qazanan abuturiyentləri, valideynlərini, müəllimlərini böyük fəxarət və sevinc hissi ilə təbrik edirəm. Bu gün tələbə adını qazananlar sırasında övladım Ramal Rəcəbzadə də var. O, ailə ənənələrinə sadiq qalaraq babası, əmisi və atası kimi idarəetmə məktəbini seçdi. Dövlət İdarəçilik Akademiyasının tələbəsi statusuna yiyələndi. Yolun açıq olsun, övladım. Hər zaman uğurlarına sevinək!”

  Missiya Media Qrupunun baş redaktoru Nicat Dağların oğlu Prezident yanında İdarəçilik Akademiyasının Davamlı İnkişafın İdarə olunması fakültəsinə qəbul olunub: “Mirsamir arzusuna çatdı. Prezident yanında İdarəçilik Akademiyasının Davamlı İnkişafın İdarə olunması fakültəsinə (dövlət sifarişli) qəbul oldu. Nə istəyirdi, haranı istəyirdi, ora da qisməti oldu. Şükür ki, Allah ikinci dəfə tələbə atası olmaq səadəti qismət elədi!”.

P.S. “Şərq” kollektivi tələbə adını qazanan bütün gəncləri, o cümlədən jurnalist övladlarını təbrik edir, təhsildə, gələcək həyatlarında yeni uğurlara imza atmağı arzulayırıq.