Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
İşlər sürətlənib
Artıq yaşayış massivləri hazır olduğu üçün payız aylarında qayıdış prosesinə başlanacaq
Regionların inkişafı Qarabağımızın işğaldan azad edilməsiylə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran, dağlıq hissəsi də daxil, Ağdam, Füzuli, həmçinin Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Böyük Qələbə əldə etdiyimiz 44 günlük Vətən müharibəsinə qədərki dövrdə ölkənin digər regionlarında sürətli sosial-iqtisadi inkişafa nail olundu. İnfrastrukturlar yeniləndi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniyyət ocaqları inşa edildi, turizmin inkişafı üçün münbit şərait yaradıldı. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də davam edir.
İşğaldan azad edilən ərazilərdə gedən bərpa-quruculuq işləri dövlətimizin başçısının xüsusi diqqətindədir.
Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir.
Dövlət başçısının regionlara səfərləri bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan Dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verib. Bir sözlə, Prezidentin səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda Xudavəng monastır kompleksində olublar. Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Azərenerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Prezident və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanış olublar.
İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, eyni zamanda Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olub.
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olublar, İstisu Mineral su zavodunun açılışında iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti Kəlbəcər rayonunda “Azərenerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının (KSES-in) açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını edib. Eyni zamanda dövlətimizin başçısına Kəlbəcərdə, Laçında və Ağdərədə tikintisinə başlanılan ümumi gücü 37,5 MVt olan 6 KSES barədə məlumat verilib.
Kəlbəcərdən olan jurnalist, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Sherg.az"a açıqlamasında orada bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, digər rayonlarda olduğu kimi Kəlbəcərdə də ilkin olaraq əhalinin qısa müddətdə qayıtması ilə bağlı işlər davam etdirilir:
“İnfrastruktur layihələri sürətlə həyata keçirilir və Kəlbəcər Böyük Qayıdışa hazırlanır. Şəhərin mərkəzində yeni yaşayış massivləri salınır. Hələlik 4 mərtəbəli yaşayış binaları tikilir, sonrakı mərhələlərdə isə azmərtəbəli və həyət evlərinin tikilməsi nəzərdə tutulur. İnzibati binalar, məktəb və uşaq bağçaları, xəstəxanaların tikintisi istiqamətində də ciddi işlər həyata keçirilir. İşğaldan azad edilmiş şəhər və rayonlarda tikinti işlərinin təhlükəsiz şəkildə həyata keçirilməsi üçün həmin ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə aparılır. İlk növbədə, kommunikasiyaların keçdiyi ərazilər minalardan təmizlənir. İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində böyük infrastruktur layihələri icra edilib. Bu, xüsusilə yolların, tunellərin, körpülərin inşasında, elektrik, su xətlərinin çəkilməsində, kiçik su elektrik stansiyalarının, su anbarlarının, sanatoriya-kurort mərkəzlərinin, hərbi hissələrin inşasında özünü göstərir”.
Həmkarımızın sözlərinə görə, Kəlbəcərdə həyata keçirilən əsas layihələrdən biri yol infrastrukturunun qurulmasıdır: “Hazırda bir neçə istiqamətdə Kəlbəcərə yol çəkilişi və mövcud olan yolların müasir standartlara uyğun şəkildə yenidən qurulması davam etdirilir. Bu yollardan biri Murov dağının altından Kəlbəcərə çəkilən 12.5 km tuneldir. Digər isə ənənəvi Kəlbəcər-Ağdərə yoludur. Antiterror əməliyyatı zamanı düşməndən azad olunan bu yolda da ciddi yenidənqurma işləri həyata keçirilir. Digər yol isə Laçından və Daşkəsən istiqamətindən Kəlbəcərə çəkilir.
Dövlət başçısı işğaldan azad olunmuş əraziləri yaşıl enerji zonası elan edib. Bu ərazilərdə erməni işğalına qədər 30 kiçik su elektrik stansiyası fəaliyyət göstərirdi. Ermənilər işğal dövründə bu stansiyaları darmadağın edib, talayıblar. Artıq bu istiqamətdə də yenidənqurma və bərpa işləri sürətləndirilib. 15-ə yaxın elektrik stansiyası ya istismara verilib, ya da tikilmək üzrədir. Qarabağımızın yenidənqurma və bərpa işləri arasında səfalı Kəlbəcərdə yerləşən “İstisu” mineral sudoldurma zavodunun və “İstisu” Müalicə-İstirahət Kompleksinin tikintisi olduqca əlamətdar layihələrdəndir. 1981-ci ildə inşa edilən zavod 1991-ci ilin sonlarında erməni işğalı nəticəsində fəaliyyətini dayandırıb. 1927-ci ildə fəaliyyətə başlayan sanatoriya isə sözügedən işğala qədər keçmiş Azərbaycan SSR-də müttəfiq əhəmiyyətli ikinci böyük kurort hesab edilirdi.
«Baku Steel Company» QSC-nin (BSC) ən keyfiyyətli məhsulları ilə yenidən tikilən “İstisu” zavodu 7,8 min kvadratmetr ərazini əhatə edəcək, “İstisu” Müalicə-İstirahət Kompleksinin ümumi sahəsi isə 32 min kvadratmetr olacaq”.
Kəlbəcərə qayıdış prosesi ilə bağlı əhalidə yüksək əhvali-ruhiyyə olduğunu vurğulayan A.Camal deyib ki, hər kəs ilk köç karvanına adının düşməsi uğrunda ciddi rəqabət aparır: “May ayında Kəlbəcər şəhərinə əhalinin qaytarılmasına başlanması gözlənilsə də, rayonun coğrafi şəraiti prosesi gecikdirib. Artıq yaşayış massivləri hazır olduğu üçün payız aylarında qayıdış prosesinə başlanacağını güman edirəm. Lakin növbəti ilin yaz ayından proses intensiv və sürətli hal alacaq”.