“Hələ bilmək olmaz...”
Ötən gün keçirilən Milli Məclisə seçkilərdə ən ciddi reqabətin getdiyi dairələrdən biri də 33 saylı Xətai seçki dairəsi idi.
Bu dairədə əsas rəqabət Zahid Oruc və Natiq Cəfərli arasında gedirdi. MSK-nın elan etdiyi nəticələrə görə, Zahid Oruc hazırda 58 faizlə (məntəqələrin 99,1 faizinin nəticələrinə görə) liderdir. Xüsusilə qeyd edək ki, 33 saylı dairədə ciddi rəqabətin getməsinə baxmayaraq, rəqiblər bir-birinə qarşı olduqca etikalı davranışları və siyasi intellektləri ilə diqqət çəkiblər. Maraqlıdır, Natiq Cəfərli rəqibi Zahid Orucu qalib gəlməsi münasibəti ilə təbrik edəcəkmi?
Bu barədə qəzetimizə açıqlamasında N.Cəfərli bildirib ki, hüquqi prosedurlar davam edəcək:
“Hələ bilmək olmaz Zahid müəllim udacaq, ya yox? Yaxud o dairə ləğv olunacaq, ya olunmayacaq. Çünki çoxlu sayda pozuntu var, bununla bağlı əlimizdə faktlar mövcuddur.
Əvvəl MSK-ya, sonra məhkəmələrə müraciət edəcəyik. Bütün bunların sonunda qanun pozuntularına yol vermiş məntəqələrin nətəcələri ləğv edilsə və bu, dairədə seçkinin nəticəsinə təsir göstərməsə, Zahid bəy qalib olsa, o zaman təbrik edəcəm”.
24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd iqtisadçı-ekspert Əyyub Kərimli isə mandat qazanan opponenti millət vəkili Könül Nurullayevanı təbrik edib: “Namizəd qismində bu seçkilərdə iştirakımı böyük nailiyyət, təcrübə və şərəf hesab edirəm. Seçki kampaniyasında yanımda olan, mənə dəstək olan komanda üzvlərinə və gənclərimizə dərin minnətdarlığımı bildirirəm. Mənə səs verən və dəstəkləyən bütün seçicilərə öz təşəkkürümü bildirirəm. Siyasi mədəniyyətin təzahürü olaraq qalib namizədi təbrik edirəm.
Rəqib olaraq, seçkilərdə nümayiş etdirdiyi yüksək siyasi mədəniyyət və qələbə münasibəti ilə Könül xanıma gələcək fəaliyyətində, Nizami rayon seçicilərinin problemlərinin həllində uğurlar arzu edirəm”.
31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının deputatlığa namizədi olmuş Həbib Ələkbərsoy həmin dairədə keçirilən seçkilərdə qələbə qazanan rəqibi bitərəf namizəd olmuş Qaya Məmmədovu qələbəsi münasibətilə təbrik edib. Partiyanın sədr müavini təbrikində Q.Məmmədova üzərinə götürdüyü bu məsuliyyətli yolda uğur arzulayıb, millətə və dövlətə xeyirli olacağına və seçilən biri kimi ölkəmizə qarşı təzyiqlərin önündə sipər olacağına ümid etdiyini bildirib.