Kriptovalyuta ilə başı çıxanlar məşğul olsa yaxşıdır

Burada insanları cəlb edən əsas məsələ tez və asan qazanc əldə etmək ehtirasıdır
Kimlərinsə məsləhətinə qulaq asıb, bu sahəyə yatırım etmək sonda onların pul itirməsi ilə nəticələnə bilər

  Dəyəri 1 milyon dollardan çox olan kriptovalyutalara sahib insanların sayı son 12 ay ərzində demək olar ki, iki dəfə (95 faiz) artaraq, 2024-cü ilin iyun ayının sonuna 172 300 nəfərə çatıb.
Bu barədə interfax.ru "Henley & Partners" konsaltinq şirkətinin apardığı "Crypto Wealth Report" araşdırmasına istinadən məlumat yayıb.
O cümlədən, indi 85 000 nəfər "bitkoin" milyonçusudur ki, bu da bir il əvvəlkindən 111 faiz çoxdur. Son bir il ərzində dünyada kripto-milyarderlərin sayı altı nəfər artaraq 28-ə çatıb. Kriptovalyuta portfeli 100 milyon dolları keçən insanların sayı isə 79 faiz artaraq 325 nəfərə çatıb. "Son bir il ərzində ortaya çıxan altı yeni kripto-milyarderdən beşi sərvətlərini "bitkoin" vasitəsilə artırıb ki, bu da kriptovalyutanın uzunmüddətli, yüksək dəyərli investorları cəlb etməkdə dominant mövqeyini vurğulayır", - "New World Wealth"in analitiki Endrü Emoyls qeyd edib.
  Son bir ildə "bitkoin" 2.4 dəfə bahalaşıb. Kriptovalyuta bir il əvvəl təxminən 26 100 dollara satılırdı, çərşənbə axşamı satış zamanı isə kotirovkalar təxminən 62 500 dollar təşkil edib.
Qeyd edək ki, Kriptovalyuta – rəqəmsal valyutanın bir növü olmaqla bərabər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Kriptovalyutanı internetin qızılı da adlandırırlar.
  Kriptovalyutanın əldə edilməsi prosesi – mayninq adlanır və bu zaman kriptoqrafiyadan istifadə olunduğundan valyuta sözünün əvvəlində “kripto” prefiksindən istifadə olunur. Hər bir kriptovalyuta vahidi ingilis dilində – Coin adlanır və coinlərin emissiyası yalnız qabaqcadan müəyyən olunmuş alqoritm əsasında məhdud sayda ola bilər. Coinlərin hər birində şifrələnmiş informasiya mövcuddur və istənilən növ saxtakarlıqdan mühafizə olunur. Coinlərin şəbəkədə olmasını, onların uçotunu və hesabatlığının aparılmasını Blokçeyin sistemi təmin edir. Kriptovalyuta hər hansı dövlətin siyasətindən, qanunlarından, pul vahidindən asılı deyil və heç bir dövlət tərəfindən tənzimlənmir. Onun qiyməti bazarda tələb-təklif əsasında müəyyən olunur və digər ölkələrin valyutası ilə mövcud bazar məzənnəsi ilə mübadilə edilə bilir. Bu valyutanı istifadə etməyi heç kim məcbur və ya qadağa edə bilməz. Çünki rəqəmsal valyutanın dövriyyəsinə və onu istifadə edənlərə heç kim nəzarət etmir. Kriptovalyuta isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmamasıdır. İnflyasiyaya məruz qalmır, saxta emissiya xüsusiyyəti qeyri-mümkündür. Təsəvvür edin fiziki və hüquqi şəxslər bir-biri ilə bank və ya hər hansı vasitəçi olmadan, həmçinin heç bir komissiya xərci ödəmədən valyuta mübadiləsi edir. Maliyyə sahəsində inqilabi yenilik sayılır.
  İqtisadçı-ekspert Natiq Cəfərlinin “Sherg.az"a açıqlamasına görə, kriptovalyutada insanları cəlb edən əsas məsələ tez və asan qazanc əldə etmək ehtirasıdır:

“Artıq bir çox ölkələrdə milyonlarla insan kriptovalyuta bazarında aktiv iştirakçıdır. Düzdür, Azərbaycanda bu qədər yayılmasa da, insanlar kriptovalyutadan yaxından maraqlanırlar. Burada əsas məsələ tez və asan qazanc əldə etmə ehtirasıdır. Çünki kriptovalyutalar həddindən artıq dalğalı və söz, xəbər axınlarına bağlı olan bir aktivdir. Onların dayağı, dəyərləri o qədər də güclü deyil. Sadəcə, xəbər axınlarına bağlıdır. Beynəlxalq mediada çıxan xəbərlərdən qiymətin artması və azalması baş verir. Çox böyük dalğalar yaranır”.
  İqtisadçı ən təhlükəli tərəf kimi mərkəzləşdirilmiş qaydaların olmadığını vurğulayıb: “Birinci növbədə kriptovalyuta ilə maraqlananlara məsləhət ondan ibarət ola bilər ki, bu sahədə ciddi şəkildə öyrənən, xəbər axınlarına diqqət edən, dünyadakı kriptovalyuta bazarı haqqında məlumatı olan insanlar bununla məşğul olsalar daha yaxşı olar. Çünki itkilərinin qarşısını almış olarlar. Amma çox təəssüf ki, çox zaman insanlar bilmədən, öyrənmədən bu sahəyə yatırım etmiş olurlar. Çox zaman bu yatırımda uduzurlar. Çünki kifayət qədər dalğalıdır. Bitkoindən söhbət gedirsə, bir gün ərzində 5-6 min bahalaşa da bilər, 5-8 min arası dəyərdən də düşə bilər. Ona görə də insanlar diqqətli olmalıdırlar. Bu sahədən başı çıxanların məşğul olması daha yaxşıdır. Kimlərinsə məsləhətinə qulaq asıb, bu sahəyə yatırım etmək sonda onların pul itirməsi ilə nəticələnə bilər”.