Əks halda, hakim partiya 2028-ci il seçkilərində həm parlament, həm prezident, həm də bələdiyyə seçkilərində uduzacaq
“Ortada çox böyük bir məğlubiyyət var. AKP-nin gözlənilən qurultayında ciddi dəyişikliklərin olması təbii və qaçılmazdır”
Türkiyənin hakim partiyası, Ədalət və İnkişaf Partiyasında (AK Partiya) Qurultay hazırlığı başlayıb. Prezident və AK Partiya lideri Rəcəb Tayyib Ərdoğan bu barədə sərəncam imzalayıb. Hakim Partiyanın Qurultayı 2025-ci ildə keçiriləcək. Qeyd edək ki, cari ilin mart ayında qardaş ölkədə keçirilmiş bələdiyyə seçkilərində müxalifətin iqtidara qalib gəlməsindən sonra AK Partidə ciddi dəyişiklik və islahatlar gözlənilirdi. Proqnozlara görə, partiya rəhbərliyinin 60-70 faizi əvəzlənəcək. Həmçinin İstanbul və Ankara təşkilatlarının rəhbərlərinin də dəyişəcəyi gözlənilir. Yeni dövr üçün daha çox gənclər və cəmiyyət arasında rəğbət doğuran şəxslərin partiya idarəçiliyinə gətiriləcəyi güman edilir.
Qeyd edək ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası Mərkəzi İdarə Heyəti (MKYK) prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb. Ərdoğan partiyanı qurultaya aparacaq qərarı AK Partiya Mərkəzi İdarə Heyətində imzalayıb. İclasda qurumun sədr müavini Erkan Kandemir qurultaya hazırlıqla bağlı təqdimatında bu proseslə bağlı həyata keçiriləcək təqvimi təqdim edib. Planlaşdırılan təqvimə əsasən, AK Partiyanın qurultay təqvimi sentyabrın 4-də başlayacaq. Oktyabrın 12-dən etibarən ilk konfranslar şəhər və rayonlarda keçiriləcək. Əyalət konfranslarının aprelin sonunadək başa çatdırılması, qurultayın isə 2025-ci ilin mayında keçirilməsi planlaşdırılır. Ərdoğan partiyada və ictimaiyyətdə dəyişikliklə bağlı müzakirələrə “Təyin etdiyimiz təqvim və əsasda olacaq” şəklində şərh verib və böyük qurultaya işarə edib. Qurultayda həm əyalət, həm də rayon təşkilatlarında, partiya rəhbərliyində ciddi dəyişikliklər gözlənilir.
Ərdoğanın xüsusilə 2028-ci il seçkilərini nəzərə alaraq MKYK-da dəyişikliklər edəcəyi və partiya “vitrin”inin daha gənc kadrlardan ibarət olacağı bildirilir. İndiyə qədər Ərdoğan həm qurultay, həm də seçki prosesində hazırkı heyətinin 50 faizindən çoxunu dəyişməyi seçib. AK Partiyadakı mənbələrdən verilən məlumata görə, növbəti qurultayda daha geniş dəyişikliyin olacağı gözlənilir.
Türkiyə siyasətində baş verən prosesləri, xüsusilə də qurultay öncəsi baş verəcək hadisələri şərh edən Natiq Miri “Sherg.az"a açıqlamasında AKP-nin gözlənilən qurultayında ciddi dəyişikliklərin olmasının təbii və qaçılmaz olduğunu deyib. N.Mirinin sözlərinə görə, ortada çox böyük bir məğlubiyyət var:
“2002-ci ildən sonra ardıcıl on səkkiz seçkidə qalib gələn Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyası qarşısında gözlənilməz məğlubiyyəti hökumət tərəfindən də rəsmi etiraf edilib. Ərdoğanın şəxsi xarizması və partiyanın populyarlığına rəğmən İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə CHP-nin qalib gəlməsi göstərdi ki, AKP-nin gördüyü işlər cəmiyyət tərəfindən dəstəklənmir. Partiyanın işlərinin rəvan getməməsi də bilavasitə insanların iqtisadi durumunun getdikcə çətinləşməsi, qiymətlərin bahalaşması və orta aylıq əməkhaqqının bu bahalaşmaya adekvat olmaması ilə əlaqəlidir. İnflyasiya günü bu gün də ikirəqəmli səviyyədə davam edir. Uzun müddətdir hökumət Türkiyə lirəsinin ucuzlaşmasının qarşısını ala bilmir”.
Politoloq bildirib ki, AK Partiya da başda partiya lideri olmaqla fironlaşma prosesi gedir. İllərdir hər seçkidə qalib gələn partiya üzvləri məğlubedilməzlik hissinə qapılıblar: “Türkiyənin başına bəla olan digər məsələ isə “Hər bir Fironun öz Musası” var prinsipinin orada keçərli olmamasıdır. Çox təəssüf ki, qardaş Türkiyədəki “firon”un “Musa”sı mövcud deyil. CHP-nin hökumətə alternativ kimi görülməsi isə həddindən artıq yanlış yanaşmadır. CHP xarici ölkələrin geosiyasi alətinə çevrilib, açıq-aşkar Kollektiv Qərbin əlindəki casus yuvasıdır. Odur ki, AKP-nin qurultayda Türkiyə siyasətini silkələyəcək bir dəyişikliyə getməsindən başqa çarəsi yoxdur. Əks təqdirdə 2028-ci il seçkilərində həm parlament, həm prezident, həm də bələdiyyə seçkilərində uduzacaq. Bu məğlubiyyət isə Türkiyənin taleyində yenidən qeyri-müəyyənlik dövrünün başlamasına rəvac verəcək. Fikrimcə, sonuncu bələdiyyə seçkiləri AKP üçün bir dərs olmalı idi. Lakin partiyanın bu seçkilərdən dərs çıxardığını görmədik. Əgər 2025-ci ildə keçiriləcək qurultayda əsaslı dəyişikliklər baş verməz, idarəetmənin bütün strukturlarında dinamik və obyektiv insanların vəzifə başına gətirilməsi müşahidə edilməsə, xalq bu dəyişikliyi öz rifahında hiss etməsə, Türkiyənin gələcəyi qeyri-müəyyən olacaq. Mütləq AKP və iqtidarda özünütəşkil prosesi getməli “Firon”a alternativ “Musa”lar yetişdirilməlidir”.