Vətənpərvərliklə vətənşüvənliyi səhv salan bu insanlar qaragüruh addımlarla özlərini göstərirlər
“Necə ki, insanlarımızın çoxu saxta hacı, məşədi, kərbəlayi kimi titullardan istifadə edərək öz şəxsiyyətlərini pərdələməklə məşğul olurlar. Eyni qaydada da siyasi sui-istifadəçilər kütləsi var”
“Tez-tez rastınıza çıxır belə adamlar: Profilinə Məhəmməd Əmin Rəsulzadənin, Elçibəyin şəkillərini qoyurlar.
Kənardan çox çəkici görünür. Düşünürsən ki, bu profili işlədən adam tariximizə sadiq insandır, çox vətənpərvərdir. Amma...”. Bu sözləri sosial media hesabında gənc yazar Eminquey Akif paylaşıb.
Yazar qeyd edib ki, profilinə Rəsulzadənin, Elçibəyin şəklini yapışdıran adam hansısa paylaşımın rəy yerində söyüş yazır, beldən aşağısıyla danışır, hansısa xanıma söz atır: “Təsəvvür edirsiniz? Rəsulzadənin şəklinin yanında söyüş, “padxod”... Sizdə də ikrah hissi doğurmurmu? Bu adamların əksəriyyəti nəinki Rəsulzadənin şəklinin yanındakı söyüşün olmazlığını, heç Rəsulzadənin özünün də kimliyini anlayacaq başda deyillər. Onların əksəriyyəti nə Rəsulzadəni dərk edirlər, nə də Elçibəyi. Onların əksəriyyəti nə Rəsulzadəni sevirlər, nə də Elçibəyi. Onlarınkı acıq verməkdir. Bu tip adamların əksəriyyəti ya hakimiyyətə müxalif olur, ya da kasıb. Bu tip adamların əksəriyyətinin Rəsulzadə sevgisi maddiyyatdan, nifrətdən doğulub. Sevgilisindən ayrılıb hansısa bir eybəcər oğlanla şəkil paylaşan ərgən qız hərəkətidir bunların əksəriyyətinin etdiyi. Onların hamısına yox, əksəriyyətinə bu dəqiqə vəzifə versən Rəsulzadənin də, Elçibəyin də şəklini o dəqiqə satarlar.
Yoxsa ki, profilinə o şəkli qoyub niyə kiməsə söyüş yazasan? Niyə qız-qadının mesaj yerində sülənəsən? Niyə biədəb-biədəb sözlər yazasan?
Əminəm ki, bu adamların hamısı üçün yox, əksəriyyəti üçün ümumiyyətlə, kimin prezident olması maraqlı deyil. Onlar üçün bircə maraq var: qarınları. Əgər bu gün Rəsulzadə yaşasaydı, Elçibəy yaşasaydı, bunlar yenə kasıb olsaydılar, mütləq ki, bir başqa şəkil tapacaqdılar profilləri üçün”.
E.Akifin sözlərinə görə, Rəsulzadə, Elçibəy bu adamların sığınacaq yeridir. Bu şəxsiyyətlərin adı ilə özlərini pak saxlayır, onların dəyərləri ilə özlərini təmizə çıxarırlar: “Amma başa düşmürlər ki, profilinə şəklini qoyduğun şəxsiyyətin həyatı ən azı sənə nümunə olmalıdır. Bunların sırasına profilinə Hz. Hüseynin, Hz. Əlinin şəklini qoyanlar da aiddir. Eyni zümrədirlər. Sadəcə, motivləri ayrıdır.
Bu tip adamların əksəriyyəti Rəsulzadənin, Elçibəyin şəkilləri ilə özlərinə hörmət qazanırlar, onların kölgəsində daldalanırlar, onların adına bürünüb min hoqqadan çıxırlar. O gün feysbukda dostluğumdan 47 dənə Rəsulzadə, 32 dənə də Elçibəy çıxarmışam. Kimin ki profil şəkli Rəsulzadənin, Elçibəyin şəklidir, dostluğuma da qəbul etmirəm. Qorxuram Elçibəy, Rəsulzadə şəkilli adamlardan. Məncə, bu ölkə üçün bir Rəsulzadə, bir Elçibəy bəs eləyər. Yoxsa, adam dəli olar. Özü daxil nəsil-kökü sürgün görmüş, sürgünlərdə can vermiş 47 dənə Rəsulzadə olar?!”.
Millət vəkili Fazil Mustafa isə “Sherg.az"a açıqlamasında deyib ki, sosial şəbəkələrdə bu cür davranış sərgiləyən insanlar bizim mental xüsusiyyətlərimizdən qaynaqlanan addımlar atırlar:
“Necə ki, insanlarımızın çoxu saxta hacı, məşədi, kərbəlayi kimi titullardan istifadə edərək öz şəxsiyyətlərini pərdələməklə məşğul olurlar. Eyni qaydada da siyasi sui-istifadəçilər kütləsi var. Vətənpərvərliklə vətənşüvənliyi səhv salan bu insanlar qaragüruh addımlarla özlərini göstərirlər. Öz şəxsiyyətləri ilə önə çıxmağı bacarmadıqları üçün tanınan, sevilən şəxsiyyətlərin ideyaları, fotoları ilə manipulyasiya edirlər. Bu, yanlış yoldur. Doğrudan da, insanda ikrah yaradır. İnsanlar sosial şəbəkələrdə öz şəxsiyyətləri, dünya görüşləri, düşüncələri ilə özünü cəmiyyətə təqdim etməlidir. Sözsüz ki, tarixi şəxsiyyətlərə, siyasi xadimlərə simpatiyanın olması normal haldır. Biz də Məhəmməd Əmin Rəsulzadəni, Əbülfəz Elçibəyi böyük şəxsiyyət kimi qəbul edir, tariximizin ən böyük dəyərləri hesab edirik. Bu o demək deyil ki, onların portretinin arxasına sığınıb özlərinin dar düşüncələrini, əxlaqsız əməllərini nümayiş etdirsinlər. Eyni yanaşma “Qurani-Kərim”dən götürdüyü hansısa sitatı, ayəni profilinə qoyub ən iyrənc, əxlaqsız davranış sərgiləyən, söyüş yazan insanlara da aiddir. Hansı ki, Quran əxlaqına sahib olan kəslər nəinki o ifadəni yazmalı, heç ağlına belə gətirməməlidir. Xəstə təfəkkürlü insanların sayının artması, texnologiyanın imkanlarından istifadə edərək öz düşüncələrini cəmiyyətə yeritməsi xoşagələn hal deyil. Onların bu addımı mütləq şəkildə ictimai qınaq hədəfinə çevrilməlidir”.