Paytaxt “İqlim Fəaliyyəti Həftəsi”nə hazırlaşır

Ekologiya və ətraf mühitin mühafizəsi
 
Rövşən Abbasov: “Təbiətin mühafizəsində dünya dövlətlərinin əməkdaşlığı önəmlidir”

  Bakıda bir neçə gündən sonra “Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH)” keçiriləcək. Bu tədbir beynəlxalq ictimaiyyətin noyabrda Bakıda keçiriləcək COP29-a hazırlaşdığı bir vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək. Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən, vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirəcək. Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan “Gələcəyin Sammiti”ndə çıxışı zamanı ölkəmizin COP29-dan gözləntilərinin böyük olduğunu vurğulayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, nazir çıxışı zamanı ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, dayanıqlı inkişafın təmini, habelə iqlim dəyişikliyi ilə mübarizə üzrə birgə fəaliyyətin təşviqi, qlobal çağırışlarla mübarizə istiqamətində baxışı və təşəbbüslərindən ətraflı bəhs edib, “Gələcəyin Sammiti”nin mövcud qlobal çağırışlarla mübarizədə çoxtərəfliliyin əhəmiyyətini nümayiş etdirmək üçün bir şans olduğu diqqətə çatdırılıb. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində mövcud beynəlxalq öhdəliklərin qətiyyətli addımlarla dəstəklənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov ölkəmizin milli səviyyədə 17 məqsəd, 88 hədəf və 119 göstəricini prioritetləşdirərək dayanıqlı inkişaf gündəliyini irəlilətməkdə davam etdiyini diqqətə çatdırıb. 2030-cu ilə qədər olan dövr üçün tərəfimizdən 4 Könüllü Milli Hesabatın təqdim olunduğu, habelə 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən Azərbaycanın bu sahədə qabaqcıl ölkələrdən olduğu bildirilib. Ərazilərimizin işğaldan azad olunması ilə DİM-lərin icrası istiqamətində yeni imkanların yarandığını qeyd edən nazir Ceyhun Bayramov, hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin DİM-lərin icrasının bütün aspektlərini özündə əhatə etdiyini diqqətə çatdırıb. Ölkəmizin 18-ci Milli DİM kimi vətəndaşlarımızın həyat və sağlamlıqlarına, habelə sözügedən yenidənqurma fəaliyyətinə hədə törədən mina təhdidi ilə mübarizə fəaliyyətini geniş təşviq etdiyi vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın uzun illər beynəlxalq hüquq normalarının pozulmasının, BMT Nizamnaməsi və qətnamələrinin yerinə yetirilməməsinin acı nəticələrini yaşayan bir ölkə kimi hər zaman sözügedən mexanizm və alətlərin qeyd-şərtsiz tətbiqinə və bu istiqamətdə ikili standartların yolverilməzliyinə vurğu etdiyi qeyd olunub. Cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini bildirən nazir Ceyhun Bayramov iqlim dəyişikliyi təhlükəsi ilə mübarizədə Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bir araya toplayaraq, inklüzivlik əsasında iqlim məsələlərində əməkdaşlığı gücləndirmək istiqamətində fəaliyyət göstərdiyini bildirib. COP29 sədrliyimizin bu mübarizənin maliyyə tərəfini prioritetləşdirərək, ambisiyaların gücləndirilməsi ilə fəaliyyətin artırılması istiqamətlərinin təşviqini əsas götürdüyü diqqətə çatdırılıb. COP29-un iqlim gündəliyi ilə yanaşı, eyni zamanda qlobal sülhə töhfə olması istiqamətində Azərbaycanın “COP Barışıq Çağırışı” təşəbbüsü ilə çıxış etdiyi, bu çağırış çərçivəsində COP29 ayı ərzində barışığın əldə olunması istiqamətində birlik və hörmətin təşviq olunduğu bildirilib. Nazir qeyd edib ki, COP29 qlobal sülh və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq: “Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq. Sonda gəlin bir daha iqlim davamlılığı və dayanıqlı inkişafın, sülh və təhlükəsizliyin sadəcə arzu-istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi təsdiq edək. Biz yalnız cəsarətli, inklüziv və əməkdaşlıq fəaliyyəti vasitəsilə buna nail ola bilərik”.
  Qeyd edək ki, bu ilin may ayında ölkəmizdə keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində cənab Prezident İlham Əliyev mina təhlükəsi, minaların təbiətə, insan sağlamlığına vurduğu ziyanları xatırladaraq dünya dövlətlərini bu qlobal problemin həllində birgə əməkdaşlığa çağırıb. Prezidentin müraciətində qeyd edilirdi ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir: “Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsiylə nəticələnən Vətən müharibəsinin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Prezident müraciətində bildirirdi ki, Azərbaycan öz mina probleminə paralel olaraq beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Ötən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib və bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı iş aparılır. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb. Bu, Azərbaycanın müasir dövrün çağırışlarından olan mina ilə mübarizə əzmini nümayiş etdirir.

  Ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a Azərbaycanın ev sahibliyi etməsi xüsusi önəm daşıyır:

" Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Bu o deməkdir ki, mina partlayışları təkcə insanların həyatına təhlükə yaratmır, insanların həyatını məhv etmir, ətraf mühitə də böyük ziyan vurur. Mina partlayışları zamanı ətrafa yayılan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Verilən məlumatlara görə, aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün davamlı şəkildə müvafiq işlər görülür. İndi imkanlar əvvəlki illərlə müqayisədə xeyli artıb. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Lakin minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi, bu ekoloji fəlakətin qarşısının alınması, regionda, həmçinin dünyada qlobal iqlim dəyişikliklərinin önlənməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi, dünya dövlətlərinin birgə səyləri, geniş əməkdaşlığı vacibdir. Bu, sadəcə bir dövlətin əldə edəcəyi nəticədən asılı ola bilməz. Dünyamızı xilas etmək üçün ilk növbədə təbiəti qorumalıyıq. Ona görə də dünya dövlətləri birgə əməkdaşlıq etməlidirlər. Ümid edirik ki, COP29 çərçivəsində qlobal iqlim böhranları ilə yanaşı, mina təhlükəsi, mina problemi, onun törətdiyi bütün, o cümlədən ekoloji fəsadların aradan qaldırılması imkanları da müzakirə ediləcək, iştirakçı ölkələr qabaqcıl təcrübə mübadiləsi aparacaq və torpaqlarmızın minalardan təmizlənməsinə töhfə verəcəklər".