Repetitorluq əlavə təzyiq, stress, yorğunluqdur

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlığını yaşamayanlar

“Uşaqların əylənmək, dostları ilə oyunlar oynamaq, maraqlı fəaliyyətlərdə iştirak etmək kimi əsas hüquqları repetitorluq yükü altında əzilərək ikinci plana keçir”

  Dövlətin və cəmiyyətin gələcəyini uşaqlar müəyyən edir. Onların düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır.
Sözsüz ki, uşaqların layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur.
  Həkimlər isə hesab edir ki, hər bir uşağın psixoloji, mənəvi və fiziki cəhətdən yararlı vətəndaş olması üçün təhsildən öncə sağlamlığına diqqət edilməlidir. Lakin təhsilin başına bəla olan repetitorluq uşaqların aqressiv və fiziki qüsurlu böyüməsinə yol açır.
  Şagirdlərin məktəbdən sonra hazırlıq kurslarına və repetitorlara üz tutmasının onların sağlamlığı və fiziki inkişafı üçün çox ciddi problem olduğunu vurğulayan pediatr Vaqif Qarayevin sözlərinə görə, hər il valideynlərin məktəbli uşaqlarla bağlı şikayətləri çoxalır.
Bu barədə tövsiyələrini paylaşan pediatr belə deyib:
" 14 yaşı var, arterial təzyiqi yüksəkdir, gündüz 1-də dərsdən gəlir, sonra gedir hazırlıqlara. Axşam 7-8-də evə qayıdır, sonra gecə 2-3-ə kimi dərs hazırlayır. Səhər də 7-də oyanır... Əksər ailələrdə vəziyyət belədir. Hələ azyaşlı uşaqları demirəm...
Cəmi 10 gündür dərslər başlayıb. Ənənəvi "1-cilər sindromu"nu yenə də görürük.
Valideynlər yenə "yatmır", "yemir", "oyanıqdır, əsəbidir" kimi şikayət edirlər. Valideyn dərs yükünü, məktəb(müəllim) isə valideyni günahlandırır. Ailələrin yeganə səhvi budur ki, ibtidai sinif şagirdlərini dərsdən sonra kurslara aparırlar. Etməsəniz yaxşıdır, imkan verin uşaqlığını yaşasın övladlarınız!".
Həkimin sözlərinə görə, ağır dərs yükü, dərsdən sonra gedilən repetitor hazırlığı uşaqların sağlam böyüməsinə mənfi təsir edir: “Təhsil sağlamlığın hesabına olmamalıdır! Uşaq sağlam olmalıdır ki, yaxşı oxusun! Həm valideyn boğazından kəsib repetitora verir, uşağın sağlamlığı da əldən gedir!
  Məktəbli dərsdən çıxıb yorğun halda hazırlıqlara gedir. Axşama kimi gah bu, gah da o biri müəllimin hazırlığına gedir. Evə yorğun, ac-susuz gəlib çıxır. Onun idman hərəkəti etməyə gücü, həvəsi qalmaz. İdman, fiziki inkişaf, fiziki hərəkətlər çox vacibdir, sağlamlıq üçün. Sutka boyu bu hazırlıqdan o kursa, o kursdan bu hazırlığa qaçan uşaqlar da təbii olaraq yorulur, əsəbi olur, diqqətsiz olur, iştaha pozulur, yuxu pozulur, ümumi ovqat pozulur. Bu hallar bir-iki uşaqda olsa, adam fikirləşərdi ki, fərd olaraq bu uşaqlar dözmür. Halbuki əksəriyyətdə bu var. Mən həmişə deyirəm ki, valideynə öncə uşağın sağlamlığı vacibdir. Təhsil sonradan gələn şeylərdir. Əgər uşağın sağlamlığı pozulursa, verəcəyimiz təhsil kimə lazımdır. Axı təhsili sağlam uşağa verərlər. Həkim və illərlə uşaqlarla işləyən bir adam olaraq mən uşaqların bu qədər yüklənməsinin, repetitorlarda qalmasının əleyhinəyəm”.
  Qeyd edək ki, həkimin dediklərində böyük həqiqət payı var. 15-20 il bundan qabaq paytaxtın və bir sıra digər şəhər mərkəzlərinin müəyyən imkanlı ailələri 10- 11-ci sinifdə oxuyan övladları üçün repetitor xidmətində maraqlı idilərsə, indi ən ucqar rayon və kəndlərin ən imkansız kütləsi belə yuxarı və aşağı sinif fərqindən asılı olmayaraq əlavə müəllim tutmaq, el arasında deyildiyi kimi, uşaqlarını müəllim yanına hazırlığa göndərmək zərurətı qarşısında qalıblar. Hətta repetitorluq bağca yaşlı uşaqların valideynlərinə də sirayət edib.
  Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, repetirorluq uşaqları yaşamağa qoymur. “Sherg.az"a açıqlamasında bütün şagirdlərin dərsdən sonra hazırlığa getdiklərini xatırladan Kamran müəllim qeyd edib ki, hazırkı təhsil sistemi və ali məktəblərə qəbul prosesi uşaq psixologiyası və inkişafı üzərində ciddi mənfi təsir göstərir:

“Valideynlərin yüksək rəqabətə görə övladlarını repetitor yanına göndərməsi geniş yayılan bir praktika halına gəlib. Bu vəziyyət uşaqları çox erkən yaşdan sıx bir tədris prosesinə cəlb edir, onların sosial və emosional inkişafını geridə qoyur, nəticədə uşaqlar uşaqlıqlarını tam yaşaya bilmir.
Sıx repetitorluq dərsləri uşaqların təbiətən ehtiyac duyduğu boş vaxtları və oyun fəaliyyətlərini əvəz edir. Uşaqlar yalnız dərs öyrənməklə, test həll etməklə vaxt keçirdikdə, onların emosional inkişafı və sosial bacarıqları zəifləyir.
  Uşaqların teatr, incəsənət, idman kimi fəaliyyətlərə qoşulması, yaradıcılıqlarını inkişaf etdirməsi üçün vaxt qalmır. Bu isə balanssız inkişafın əsas səbəbidir. Uşaqların əylənmək, dostları ilə oyunlar oynamaq, maraqlı fəaliyyətlərdə iştirak etmək kimi əsas hüquqları repetitorluq yükü altında əzilərək ikinci plana keçir.
  Bədii ədəbiyyat oxumaq, yaradıcı düşünmək və tənqidi analiz bacarıqları kənarda qalır. Teatr tamaşalarına getmək, bədii əsərləri müzakirə etmək, geniş dünyagörüşü formalaşdıran mədəniyyət tədbirlərində iştirak etmək uşaqların həyatından çıxarılır. Bunun nəticəsində, uşaqların estetik zövqləri və yaradıcılıq qabiliyyətləri azalır, tənqidi düşüncə bacarıqları zəifləyir”.
  Təhsil ekspertinin fikrincə, repetitorluq uşaqlar üzərində ciddi psixoloji təzyiq yaradır. Uşaqlar, çox vaxt valideynlərin gözləntilərinə cavab vermək, cəmiyyətdə uğurlu bir şəxs olmaq üçün təzyiq hiss edir və bu, onların psixoloji sağlamlığına mənfi təsir göstərir: “Təzyiq, stress, yorğunluq kimi amillər uşaqların həvəsini qırır, məktəbdən, dərslərdən və ümumilikdə təhsildən uzaqlaşmalarına səbəb olur.
  Təhsil sisteminin köklü islahatlara ehtiyacı var. Valideynlərin repetitorluğa müraciət etməmələri üçün məktəblərdə tədris keyfiyyəti artırılmalı, şagirdlərə daha interaktiv və maraqlı dərs metodları təqdim edilməlidir.
İmtahanlara hazırlıq sadəcə test həlli ilə məhdudlaşmamalı, uşaqların geniş dünyagörüşünə, sosial və yaradıcı bacarıqlarına da xüsusi diqqət ayrılmalıdır.
Bununla yanaşı, məktəbdənkənar fəaliyyətlərin, teatr, incəsənət və idman tədbirlərinin tədris prosesinə inteqrasiyası vacibdir.
Beləliklə, repetitorluq sisteminin geniş yayılması uşaqların həm akademik, həm də sosial inkişafına mənfi təsir göstərir. Təhsilin balanslı və hərtərəfli olması üçün məktəblərdə tədris keyfiyyətinin artırılması, uşaqların mədəni və yaradıcı fəaliyyətlərə qoşulmasına şərait yaradılması təxirəsalınmaz bir zərurətdir.
  Ailələrin repetitorluq xərcləri ilə bağlı maddi sıxıntılar yaşadığı bir mühitdə, təhsil bərabərliyinin təmin olunması və uşaqların uşaqlıq illərini doya-doya yaşaması üçün dövlət siyasətində dəyişikliklər edilməlidir”.