Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Bütün bunlar regionların, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəldilməsi ilə eyni vaxtda aparılır
Azərbaycan tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsindən sonra ümumən regionda qüvvələr nisbəti xeyrimizə dəyişdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişafın cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətlə daha da yüksəlməsi hazırda ölkəmizi həm iqtisadi, həm də hərbi qüdrətə malik ölkə olaraq tanıdır. Təbii ki, iqtisadi inkişafa aparan yol regionların sosial-iqtisadi inkişafına dayanır. Ötən illər ərzində ölkəmizin hər bir bölgəsində iqtisadi inkişafın təzühürlərini görmək mümkündür. Torpaqlarımız işğaldan azad edildikdən, erməni separatizmi üzərində qətiyyətli qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər, icra olunan layihələr bu bölgələrdə iqtisadi inkişafı sürətləndirib. Sadəcə, son 2-3 ilin xronikasına nəzər salsaq, bu inkişaf görünəcək. Təkcə bu ilin sentyabrında cənab Prezident Qarabağa səfəri zamanı bir çox yeni layihələrin icrasına start verib, aparılan bərpa-quruculuq işləri ilə tanıs olub, lazımi tapşırıq və tövsiyələrini verib. Bu il Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Universitet ilk tələbələrini qəbul edib və tələbələr üçün yataqxana da tikilərək istifadəyə verilib. 1 saylı körpələr evi-uşaq bağçası, 4 saylı tam orta məktəb, Xankəndi Dövlət Dram Teatrı, “Zəfər” meydanında Konqres Mərkəzi, “Bulud” hoteli… bəzilərində tikinti, bəzilərində təmir-bərpa işləri aparılıb. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi, Xıdırlı, Kəngərli kəndlərində bərpa işləri, İmarət Kompleksinin bərpası, İmarət Stadionunun, Eyvazxanbəyli kəndinin təməlinin qoyulması, “Agdham City Hotel”in, Ağdam Sənaye Parkının açılışı və yeni zavodların işə salınması regionda nəhəng quruculuq işlərinin aparıldığına sübutdur. Eləcə də, Kəlbəcər rayonunda cənab Prezidentin iştirakı ilə İstisu qəsəbəsinin təməli qoyuldu. İstisu – müasir istirahət kompleksinin tikinitisi isə davam edir. Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksi, inzibati binaların, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi aparılır. Kəlbəcər rayonunda 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyası artıq istifadəyə verilib. KSES-in açılışında iştirak edən cənab Prezident burada SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını da edib. Dövlət başçısına görülən işlər barədə məlumat verilərək bildirilib ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir. Kəlbəcər rayonunda “Zar”, Göygöl rayonunda isə 4,1 meqavat gücündə “Toğanalı” Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. “Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək “yaşıl enerji”nin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Bununla Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, yaşıl enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerji sisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. 2025-ci ildə digər bölgələr də daxil olmaqla daha 6 kiçik su elektrik stansiyasının tikintisi və istismara verilməsi nəzərdə tutulur. Bütün bunlar ölkəmizin hər bir regionunda iqtisadi inkişaf tempinin yüksəldiyini göstərir.
Regionların iqtisadi inkişafı ilə bağlı “Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov diqqəti bu günlərdə cənab Prezidentin iştirakı ilə keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirəyə yönəltdi:
"Müşavirədə cənab Prezident qarşıda duran hədəfləri aydın göstərdi. Prezident qeyd etdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olub. Bu da çox müsbət göstəricidir. Baxmayaraq ki, dövlətin qarşısında ilk növbədə, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası dayanır və bu işlər böyük vəsaitlər tələb edir, gələn il minimum əməkhaqqı və minimum pensiyalar artırılacaq. Yəni dövlət həssas təbəqə sayılan vətəndaşların da rifah halının yaxşılaşdırılması üçün əlindən gələni edəcək. Son beş il ərzində Azərbaycanda həqiqətən də böyük sosial islahatlar paketi reallaşdırılıb. Və bütün bunlar regionların, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəldilməsi ilə eyni vaxtda aparılır. Yəni ümumi inkişaf gedir. Regionların inkişafı ilk növbədə əhalinin məşğulluğunun artırılması məqsədi daşımalıdır ki, sosial inkişafa da nail olunsun. Ağdam Sənaye Parkının yaradılmasını, Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı, Xankəndidə toxuculuq fabrikinin, İpək kombinatının işə salınması, universitetin fəaliyyətə başlaması ümumi sosial-iqtisadi inkişafın göstəriciləridir. Cənab Prezident çıxışında vurğuladı ki, bütün bu məsələlər iqtisadi inkişaf templərinin saxlanacağına əminlik yaradır. Gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq. Xarici sərmayələrin cəlb olunması, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Bizim ənənəvi sənaye məntəqələrimizdə, - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, - yeni müəssisələr açılır. Eyni zamanda azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir. Prezident qeyd etdi ki, gələn ilin əsas xərcləri artıq müəyyən edilib. İlk növbədə ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri və eləcə də Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələr. Həm sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Elə etməliyik ki, biz gələn il imkan daxilində bütün əsas vəzifələri icra edək. Heç kim şübhə etmir ki, məhz belə də olacaq. Azərbaycanın heç bir regionu inkişafdan geri qalmamalıdır. Ümumi sosial-iqtisadi inkişaf hər bir bölgəyə, hər bir şəhər, qəsəbəyə müsbət təsirini göstərməlidir".