Qarabağlılar kimi Qərbi azərbaycanlılar da öz yurdlarına qayıdacaq  - ŞƏRH

Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik

  Bakının mərkəzində aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin  abidəsi ucaldılıb. Abidənin açılışında Prezident İlham Əliyev də iştirak edib. Ölkə başçısı açılış nitqində qeyd edib ki, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir: "Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar Qərbi Azərbaycana qayıdış məsələsini aktuallaşdırıb. Azərbaycanlı olaraq hamımız bu mesajların önəmini  çox yaxşı anlayırıq. 
44 günlük müharibə və antiterror əməliyyatlarından  sonra hər kəs əmin oldu ki, prezidentin atdığı addımlar konkret hədəflərə ünvanlanmış mesajdır.
  Qərbi Azərbaycandan deportasiya edilmiş 100 minlərlə soydaşımızın doğma yurdlarına dönüşü bəzilərinə xəyali görünsə də, mütləq gerçək olacaq. Ölkə başçısının yeritdiyi uzaqgörən  və balanslaşdırılmış siyasət bizə bu inamı aşılayır. 
İnanırıq ki, Ermənistanın üzərində hərbi, siyasi, ideoloji və diplomatik Zəfərimiz  Hüquqi Zəfərə çevriləndə Qərbi azərbaycanlı soydaşlarımızın tarixi vətənimizə Ən Böyük Qayıdışı real olacaq. 

  Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov  da "Şərq"ə açıqlamasında dövlət başçımızın Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın qayıdış məsələsini hər zaman diqqət mərkəzində saxladığını deyib. 


Onun sözlərinə görə, Qərbi Azərbaycan mahalının rəmzinə çevrilmiş Dədə Ələsgərin heykəlinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev tarixə ekskurs edərək bir daha qeyd etdi kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalıb: "Cənab Prezident qeyd elədi ki, ilk iki deportasiyanın üzərindən müəyyən müddət keçəndən sonra Qərbi azərbaycanlıların hamısı olmasa da, böyük bir qismi yenidən öz dədə-baba torpaqlarına qayıdıb. Hətta 97 yaşında öz doğma yurdundan köçməyə məcbur olmuş ustad Aşıq Ələsgər də 100 yaşında bütün təhlükələrə baxmayaraq, yenə də öz Vətəninə qayıdıb. Bu da bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Ölkə rəhbəri bunu əminliklə deməyə əsas verən bir sıra amilləri qeyd etdi və bildirdi ki, Qərbi azərbaycanlıların yaşlı nümayəndələrində Vətən sevgisi, torpaq həsrəti unudulmayıb və eyni zamanda o torpaqları görməyən Qərbi azərbaycanlıların gənc nümayəndələri də bu gün Vətən həsrəti ilə yaşayırlar. Bunu Qarabağda doğulmamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşayan bugünkü qarabağlı gənclərin nümunəsində də görmək mümkündür. 
Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir”.
  Politoloqun sözlərinə görə, Cənab Prezidentin çıxışlarında Qərbi Azərbaycana qayıdışımızla bağlı güclü inam hissi diqqəti cəlb edir: "O, güclü inamın və iradənin həqiqətən də çox vacib amil olduğunu, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə istənilən amalımızı, hədəfimizi həyata keçirə biləcəyimizin mümkünlüyünü, hər şeyin bizim öz əlimizdə olduğunu diqqətə çatdırdı". 

Ə.Hüseynov həmçinin qeyd edib ki, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması və bu gün Böyük Qayıdışın başlanması Qərbi azərbaycanlılarda da öz doğma yurdlarına qayıdacaqları ilə bağlı ümidləri həqiqətən də xeyli artırıb: 

"Bu gün əksər Qərbi azərbaycanlıların böyük arzusu var ki, yenidən o torpaqlara qayıtsınlar və eləcə də Aşıq Ələsgərin doğulduğu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında da onun qəbirüstü abidəsi bərpa olunsun. Bir çox göyçəlilər vaxtilə Ulu Öndər Heydər Əliyevin Göyçə camaatı ilə görüşündə söylədiyi sözləri bu gün də dəqiq xatırlayırlar. Ulu Öndər həmin görüşdə demişdi ki, “mən çox inanıram ki, gün gələcək, dövr dəyişəcək, siz öz dədə-baba torpaqlarınıza qayıdacaqsınız və orada ata-babalarınızın qəbrini ziyarət edəcəksiniz və Aşıq Ələsgərin sazı o dağlarda təzədən çalınacaq”.  Prezident İlham Əliyev də buna ürəkdən inanır və bilir ki, inşallah, o günü görmək bizim hamımıza qismət olacaq. 30 il davam edən işğal dövründə erməni vandallarının Qarabağda, Şərqi Zəngəzurda dağıtdığı görkəmli şəxsiyyətlərimizin məzarları, abidələri 44 günlük Vətən müharibəsindən sonra bərpa olunmağa başlayıbsa, deməli, günün birində Aşıq Ələsgərin doğma Ağkilsə kəndindəki qəbirüstü abidəsi də mütləq bərpa olunacaq. Bütün bunların baş tutması üçün Cənab Prezidentin də vurğuladığı kimi, ilk növbədə qarşıya hədəflər qoymalıyıq, düzgün hədəflər seçməliyik.
Bu mənada biz Aşıq Ələsgərin paytaxtımızın mərkəzində abidəsinin açılışına sıradan bir hadisə kimi yanaşmamalıyıq. Əlbəttə, bu gün Bakıda Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması heç şübhəsiz ki, ilk növbədə Aşıq Ələsgərin xatirəsinə bütün Azərbaycan xalqının hörmətinin ifadəsidir. Ancaq eyni zamanda bu abidənin açılışının rəmzi anlamı, mənəvi və siyasi konteksti də var. Dövlətimizin başçısının vurğuladığı kimi, bu abidənin açılışı bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Bəli, biz o günü səbirsizliklə gözləyir və inanırıq ki, gün gələcək, biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik".