Burada təkcə Ələsgərə yox, onun coşqun təbinə və ilhamına da abidə qoyulub
Dünəndən Aşıq Ələsgər müasirimizdir. Təkcə ona görə yox ki, istirahət parkına “gəlib”, həm də ona görə ki, ölkə əhalisinin bəlkə də, 90 faizi ondan danışır. Yaradıcılığından, saz-söz sənətindən deyil, amma. Abidəsindən daha çox danışılır. Dədə Ələsgərin ruhu inciməsin, ədalət tərəzisini düz tutmağa çalışaq və onu da deyək ki, söz xəzinəsindən, irfani yaradıcılığını vurğulayanlar, qoşmalarından paylaşanlar da var. Sağ olsunlar. Belə paylaşım edənlərin məqsədi Aşıq Ələsgər dühasını göz önünə gətirməkdir. Və abidə haqqında rəylərin əksəriyyəti mənfi yöndədir. Yəni abidə ictimaiyyət tərəfindən bəyənilməyib, deyə bilərik. Bəyənib heykəltəraşın bədii təxəyyülünün məhsulu olduğunu izah etməyə çalışanlarla, həmin abidədə Aşıq Ələsgəri müasir şou-biznes “aşıqlarına” – toylarda sazı sintizatora qoşub, baş-ayaq tutanlara bənzədənlər arasında qızğın mübahisə gedir. Düşüncə fərqliliyi təbiidir. Kimsə klassik abidə tərzini sevir, kimisi modernizmi, interpretasiyaları. Yəni bənzətmələri. Oxucularımızın bəzisinin yəqin yaddaşında qalmış olar, 1980-ci illərdə Azərbaycan televiziyasında “Qız atası” tele-tamaşası nümayiş olunurdu. Tele-tamaşada Bakıdan rayona gedən gənc “Yarik” (Cəfər Namiq Kamal ) abstrakt təfəkkürlü rəssam idi. Sevdiyi qızın atasının rəsmini çəkir. Rəsm tamamlananda kişi ha baxır, bir şey başa düşmür. Özünü görə bilmir. Rəssam da “qayınatası”nı başa salmağa çalışır ki, bu, abstrakt təfəkkürdür. Rəsmə baxıb özünü orada təsvir etməlisən. Axırda kişi dözməyib deyir ki, hər şeydən keçirəm, heç olmasa, bığlarımı mənə göstər. Rəssam göstərir: bığ qarnının üstündə. Kişi “dəliyə” dönür ki, bığ qarnımda niyə “bitib”?.. Rəssam bunu yenə də abstrakt təfəkkürə bağlayır. Aşıq Ələsgər abidəsinin müəllifi, Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev də Kult.az-a açıqlamasında izah etməyə çalışır ki, Aşıq bu abidədə “çağırış” edir: “Biz burada təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıqlardan deyil. O, filosof, şair olub, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Şükür Allaha ki, rəşadətli Ordumuzun qanı hesabına, cənab Prezidentin rəhbərliyi ilə torpaqlarımız qayıtdı. Bu fonda Aşıq Ələsgərin heykəli də hayqıran obrazdır. Bundan əlavə, Qazaxda Ağköynək qəbiristanlığında Aşıq Ədalətin heykəlini də mən hazırlamışam. Aşıq Ədalət sazı necə çalırdı, hara qaldırırdı? Bunu təkcə Aşıq Ədalət yox, çox aşıq edirdi. Ekstaza gələndə saz başın üstünə kimi qalxır. Bu, ona verilən dəyərdir…” Müəllifin fikirlərinə hörmətlə yanaşırıq. Cəmiyyət öz baxış bucağından ümumiyyətlə abidələri hündür pyedestal üzərində, əzəmətli, nəhəng, möhtəşəm formada görür. Məsələn, Hacı Zeynalabdin Tağıyevin abidəsinin “İçərişəhər” metrostansiyasının önündə pyedestalsız qoyulması, sanki bizlərdən biri olaraq görünməsi də uzun müddət mübahisə predmeti oldu. Son illərdə paytaxtda qoyulan abidələr sovet illərindəkindən kəskin fərqlənir. Heykəlciklər öz “mənbəyini” Hacıbala Abutalıbovdan alıb. H.Abutalıbov Bakı meri olanda dənizkənarı bulvar ərazisində xeyli adam heykəlcikləri düzdü. Əvvəlcə, təəccüb etdik, sonra alışdıq, onlara da. Biz cəmiyyət olaraq qəhrəmanları – fərq etmir, hansı sahəyə aiddirlər – ucalıqda görməyə öyrəşmişik. Onların xalq arasından çıxmış olduqlarını sanki unuduruq deyə, xalqın arasında görünmələrinə qəribə baxırıq və qəbul etmək istəmirik. Bəlkə bu, daha düzgündür. Nəticə etibarilə onlar həqiqətən də seçilənlərdir!..
İctimai rəylərə də qısaca nəzər salaq:
Yazıçı Şərif Ağayar: - Mən də belə gözləmirdim, düşünürdüm, Nizami, Füzuli heykəli kimi bir nümunə çıxar. Amma və lakin burada təkcə Ələsgərə yox, onun coşqun təbinə və ilhamına da abidə qoyulub. Yəni realist deyil, rəssam interpretasiyasıdır. Heykəl mütəhərrikdir və Ələsgər enerjisini ötürə bilir. Sazla arasındakı boşluq isə zen-buddistlərin yay-ox boşluğunu xatırladır. Bu, Aşıq Mübarizin buraxdığı boşluq deyil. Janra uyğun baxsanız, mən görənləri siz də görəcəksiniz. Əsər təsəvvürünüzdəki gerçəkliklə üst-üstə düşmürsə, o demək deyil ki, pisdir. Hərənin öz Ələsgəri var. Bu da Natiq Əliyevin və Malik Babayevin Ələsgəridir. Təyinatı üzrə yanaşıb peşəkar qiymətləndirsək, daha yaxşı olar. Bir az da səmazənlik edir. Ariflik məqamının duruşudur. Bir əli ilə səmadan alıb, baxışları və o biri əli ilə daha aşağıdakılara verir. Saz da bu aralıqda bir vəsilədir. Qolların boşluğuna isə kainat sığar.
Vaqif Qarayev: Aşıq Ələsgər! Heykəllə işim yox, amma daha möhtəşəmini görmək istərdik... Rəhmətlik ustad xanəndə Əlibaba Məmmədov deyirdi ki, Aşıq Ələsgər aşıq şeirinin Füzulisidir!!!!
Mayis Əlizadə: Zərrə qədər Ələsgər ruhu yoxdur. “Boney-M” qrupunun gitara çalanlarını xatırladır...
Xəzər İsgəndərli:
- Şükür buna ki, sazı başının arxasına qoymayıblar, Aşıq Mübarizin ifa elədiyi kimi. Aşıq Ələsgərin adı gələndə, Allah ona rəhmət eləsin, ilk beyində canlanan onun şeirləri olur, saz ora özü yapışır, yəni Kişi söz aşığı olub saz yox. Heykəl hansısa bir saz aşığını xatırladır, qatır üstündəki məzlum Koroğlunu da yəqin bu heykəltəraş yapıb. Koroğluda bütün uşaqlıq düşüncələrimizi alt-üst elədilər.
Ən aktiv pərəstişkar
Fərid Hüseyn: - Diqqətimi ilk çəkən onun hərəkət və dinamika ifadə edən formasıdır. Aşıq Ələsgərin saz tutduğu və sanki musiqi çaldığı anı təsvir edən bu heykəl, onu ənənəvi "statik" bir kompozisiyadan fərqləndirir. Rəssamın Ələsgəri adi bir aşıqdan daha çox, ilhamını və daxili enerjisini ifadə edən bir simvol kimi təsvir etməsi nəzərə çarpır. Onun duruşu və ifa hərəkəti canlılıq və güc nümayiş etdirir, bu da əsərin daha çox realist deyil, ekspressiv bir dildə danışdığını göstərir. Bu mənada, əsər janra və məqsədə uyğun olaraq, Ələsgərin yaradıcılıq gücünü simvollaşdırır. Əlbəttə, hər kəsin bədii zövqü və gözləntisi fərqlidir, lakin bu heykəl, mənə görə, klassik bir abidədən çox, Ələsgərin ruhunu və ifa sənətinin dinamikasını canlandırmaq məqsədi güdür. Ümumilikdə, heykəl Ələsgərin coşqun təbinin və enerjisinin simvolik bir ifadəsi kimi maraqlı və qeyri-adi bir təsvir yaradır.
Sükürzadə İldırım: - Görünür, heykəltəraş Aşıq Ələsgəri müasir aşıq kimi təsəvvür edib.
Hüquqşünas Ramin Qurbanov: - Heykəltəraş Aşıq Ələsgəri Aşıq Mübarizlə səhv salıb.
Dunya Sakit: - Heykəltəraş deyiləm, amma əsl aşıqların - hansı ki, Dədə Ələsgər məhz beləydi - sazı elə çoban çomağı kimi qaldırmasının mümkün olmadığını yaxşı bilirəm....
Aynur İmran: - Müslüm Maqomayevin barmaqları qolundan uzun idi, problem pyedestalda deyil axı. Ciddi texniki problemlər var heykəllərdə. Bu da sazı yerə çırpacaq deyəsən. Müəyyən standartlara əməl olunmalıdı, yoxsa belə biabırçılıq qaçınılmazdı. Ayrıca, heykəli o insana qoyurlar ki, onun özəlliyi, möhtəşəmliyi unudulmasın. Lağlağı mənbəsi olsun deyə qoymurlar, yəni əslində, qoymamalıdırlar. Bizdə tərsinədir. Heykəltəraşlıq bu günlərdə, əslində, Azərbaycanda yadlaşan mədəniyyətin təzahürü hesab oluna bilər. Heykəltəraşın da Üzeyir Mehdizadəsi var, bunu anlayıram.
Cəlil Ələsgərov: - Məncə, heykəlin yanına heykəltəraşlıq alətləri və digər materiallar qoyub bu sözləri yazmaq lazımdır: "Kim bu heykəldən daha yaxşısını yarada bilərsə, buyursun". Görək neçə nəfərdən səs çıxacaq.
Səyyarə Quliyeva: - Lütfü Zadənin heykəlini görəndən sonra heç bir heykələ təəccüblənmirəm.... Maqomayevin raxid kimi təsviri, Qıratın poni boyda olmağı, Ələsgərin sazı göydə çalmağı əsl sənət əsəridir, sadəcə biz cahilik, başa düşmürük?!
Pəri Həsənova: - “Sənin ərin ölsün, mənim arvadım”. Bu əndrabadi saz məhz bu əndrabadi sözləri vəsf edir. Zarafat bir yana, Koroğlunun Qıratı o heykəldən sonra at olmaqdan imtina edib.
Bizcə bu mübahisələrə Aşıq Ələsgərin özü nöqtə qoysa yaxşıdı:
“...Ölməyincə bu sevdadan çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam, şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində elm içində ümmanam;
Dəryaların qaydasıdı, ümmana baş endirir”.