İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İnanırıq ki, Cəbrayıl, eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək
Bu gün Cəbrayıl şəhəri günüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Qeyd edək ki, Cəbrayıl şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 mld dollar məbləğində ziyan dəyib. Erməni vandalizmi nəticəsində ərazidə yerləşən tarixi abidələr dağılıb. Ermənilər işğal müddətində Cəbrayılda bütün mədəni, tarixi, dini abidələri, qəbiristanlıqları yerlə-yeksan edib, ekoloji terror törədiblər.
Buradan məcburi köç edənlər Azərbaycanın müxtəlif bölgələrində çadır şəhərciyində məskunlaşıblar.
44 günlük Vətən müharibəsində isə Cəbrayılın adı işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk olunub.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun 2, 3 oktyabr tarixində 5 kəndi, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edilib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Artıq Cəbrayıl azaddır. Əvvəlki qüdrətinə qovuşmaq üçün bərpa-quruculuq işləri sürətlə davam edir. Bu gün Cəbrayılda böyük quruculuq işləri aparılır. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Onu da deyək ki, işğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub. Onlar özünüməşğulluq, vakansiyalara uyğun işlə təminat, haqqı ödənilən ictimai işlər proqramları çərçivəsində işlə təmin ediliblər.
Ötən həftə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu dəfə Cəbrayıl şəhərinə 41 ailə - 124 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Cəbrayıl şəhərində həyata keçirilən bərpa-quruculuq işlərini dəyərləndirən millət vəkili Ceyhun Məmmədov “Sherg.az"a açıqlamasında deyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrilib:
“4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olunub, yenidən Azərbaycan torpaqlarına birləşdirilib.
Bu günü görmək, bu sonsuz sevinc hisslərini yaşamaq xalqımızın ən böyük arzusu idi. Ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq, fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi, “Laçın dəhlizi” Azərbaycanın nəzarətinə götürüldü.
1993-cü ildən bəri ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. Bu böyük sevinci cəbrayıllılara, bütün xalqımıza bəxş edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, xalqımızın bütün igid, qəhrəman əsgər və zabitlərinə ürəkdən təşəkkür edirik. İnanırıq ki, tezliklə həyat öz axarına düşəcək, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcəkdir”.
Deputatın sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılda böyük quruculuq və abadlıq işləri həyata keçirilir.
İnanırıq ki, Cəbrayıl, eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək: “Sakinlərin sosial rifahını yaxşılaşdırmaq üçün iş yerləri yaradılır. Təkcə Cəbrayıl yox, ümumiyyətlə, işğaldan azad olunmuş bütün torpaqlarımıza qayıdış bizim üçün çox sevindiricidir. Sözün həqiqi mənasında bu günü çox gözləmişik. Bunun davamı gələcək, təkcə Cəbrayılın özünə yox, kəndlərə də köç olacaq.
Artıq Cəbrayıl sakinlərinin işlə təmin olunması üçün müəssisələr açılıb.
Cəbrayılda bir sıra iş yerləri və müəssisələr var. İqtisadi zona baxımından orada xeyli işlər görülür. İşıq, elektrik stansiyası, polis idarəsi artıq hazırdır, xəstəxana tikilir. Bu strukturlar orada öz fəaliyyətlərini uğurla davam etdirirlər. Yəni dövlət qurumlarının fəaliyyəti üçün şərait yaradılıb, digər strukturlar da çalışırlar. Hesab edirəm ki, bu gün insanların orada məskunlaşması üçün hər cür şərait var. Bu, dövlətimizin növbəti uğuru, qələbəsidir və biz bir yerdə bu uğura nail olmuşuq".