İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Maliyyə piramidalarının hər biri dələduzların əsas gəlir mənbəyinə çevrilib
Son zamanlar müxtəlif sosial şəbəkələrdə onlayn kazino və qumar oyunları ilə bağlı səhifələr çoxalıb. Milyonlarla insanı öz ətrafına toplayan bu sektorda dələduzluq halları ciddi problem kimi özünü göstərir. Dələduzluq yalnız oyunçulara maddi-mənəvi ziyan vurmaqla, təcrübələrinə mənfi təsir etməklə kifayətlənmir, eyni zamanda oyun sənayesinə və platformalar üçün ciddi təhlükələr yaradır. Hər kəs üçün açıq olan bu səhifələrdən istifadə isə rahat və limitsizdir. Bir çox insanı bu üsulla tələyə salan səhifələrin qurbanları isə günü-gündən daha çox artır.
Maliyyə piramidası (ingilis piramidası sxemi) saxta biznes modelidir. İlkin iştirakçıların gəliri malların, xidmətlərin satışı hesabına deyil, plana sonradan qoşulan insanların vəsaiti hesabına təmin edilir.
İş ondadır ki, bütün iştirakçılara gəlir ödəmək mümkün deyil və piramidanın yaradıcıları da bunu yaxşı bilir. Plan “investorların” və onların pullarının daimi axını olduğu müddətcə işləyir. Yeni insanlar investisiya etməyi dayandırdıqda, köhnə iştirakçılara ödəmək üçün heç bir gəlir olmur və piramida dağılır.
Qeyd edək ki, ölkəmizdə onlayn və ya oflayn mühitdə belə hərəkətlər qanunvericiliyə zidd olduğu halda bir qrup şəxs məqsədli şəkildə onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və təbliğat aparır.
İnternet üzərindən kazino oyunları təşkil edən saytların serverləri də xarici ölkələrdə yerləşib, internet üzərindən idarə olunduğu üçün həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir. Həmin platformanı işlədənlər daimi olaraq domenlərini dəyişirlər. Çünki qanunsuz olduğuna görə domenləri dövlət tərəfindən bloklanır.
Lakin məlumat üçün bildirək ki, ötən ay Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Baş İdarənin əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “Instagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılan səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər.
Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib. Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
Maliyyə piramidalarının bir neçə iş prinsipi olduğunu vurğulayan iqtisadçı-ekspert Əyyub Kərimlinin sözlərinə görə, maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur: “Layihənin ilkin mərhələsində ona üzv olanlar maliyyə piramidasından vəd edilmiş qazancı əldə edə bilirlər. Piramidanın əsas iş prinsipi daha çox insanın bura cəlb olunmasıdır. Əks halda, onlar insanları aldada bilmirlər. İlk qoşulanlara qoyduqları pulun qarşılığında faizlər ödənilir. Həmin insanlar təhrik edilir ki, ətrafında olan insanları bu piramidaya qoşsunlar. İlk qoşulanlar nəsə gəlir əldə etsələr də, sonradan onlara qoşulanlar heç nə əldə etmirlər. İnsanlar axın etdikcə maliyyə kütləsi böyüyür. Əslində, bu piramidalar heç bir iqtisadi əsasa söykənmir. İkinci forma kimi isə kütləviliyin təmin edilməsi üçün müxtəlif vasitələr ortaya atılır. Kimlərsə ucuz bir əşyanı digərinə daha baha qiymətə ötürür”.
Ekspertin sözlərinə görə, insanlar heç bir əsası olmayan bu piramidalara onlara söz verilən dividendlərə aldanırlar: “Belə ki, maliyyə piramidaları 20 faizdən çox dividend söz verir. Bunun nəticəsində də kütləvilik təmin olunur. İlk qoşulanlar bu xeyiri gördüyünə görə sonradan gələnlər üçün nümunə olurlar və beləcə, insanlar aldanır. Vətəndaşlarımıza tövsiyə edərdim ki, böyük dividendlər söz verən təşkilatlara inanmasınlar. Əlavə vəsait əldə etmək istəyirsinizsə, banklara, maliyyə birjalarına pul yatıraraq dividend əldə edə bilərsiniz".
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Azərbaycanda piramida sistemləri uğursuz alınır:
“Aztəminatlı insanlar əllərindəki son vəsaitləri risksiz hesab etdiyi və az zəhmət tələb edən, əziyyətsiz sahələrə investisiya etmək istəyirlər. Bu da dələduzlar üçün münbit şəraitdir. İnsanlar istismar olunur. İstər fiziki formada, istərsə də hazırkı rəqəmsal müstəvidə fəaliyyətini aparan maliyyə piramidalarının hər birisi dələduzların əsas gəlir mənbəyinə çevrilib. Məsələn, vətəndaşlar sadəcə kimsənin ayda 10-15 min pul qazandığını eşidirlər. Lakin özləri illərdir bu sxemin içərisində heç vaxt yaxşı nəticə əldə edə bilməyiblər. Mən uzun illər - 6-7 il maliyyə piramida sistemlərinin içində olan insanlar tanıyıram ki, maksimum 600-800 manat pul qazanıblar. Lakin şəxsən maliyyə piramidalarından ayda 15-20 min vəsait qazanan insan tanımıram. Çünki bunlar yalan vədlər, şirnikləndirici tələlərdir. Bir neçə insan ortaya ataraq, onun menecer olduğunu, külli miqdarda pul qazandığın iddia edirlər. Maliyyə piramidaları texniki olaraq belədir ki, hər bir sağ və solun altında yenidən sağ və sol və beləcə davam edir. Təbii ki, bu sxem uzandıqca bir yerdə qırılma baş verir və bu anda balans pozulur. Siz o ana qədər cəmi 100-150 manat pul qazanırsınız və sonradan bu, balanssız formaya keçir. İllərlə sadəcə şirniklərnirsiniz ki, filan yerdə kimsə menecerdir və o, ayda 6-15 min pul qazanır və nə vaxtsa o müstəviyə çatacağam. Lakin təəssüflər olsun ki, qurbanların heç biri pul qazana bilmir, lakin yuxarıda bir-iki şirnikləndirici insanın boş vədləri hökm sürür. Maliyyə piramidaları ənənəvi üsulda necə baş verirdisə, rəqəmsal müstəvidə də həmin formanın rəqəmsallaşma müstəvisi var və heç bir dəyişiklik yoxdur”. Lakin internet üzərindən kazino oyunları təşkil edən saytların serverləri xarici ölkələrdə yerləşir və internet üzərindən idarə olunur. Bu baxımdan həmin oyunları təşkil edənlərin cəzalandırılması çətin məsələdir. Həmin platformanı işlədənlər daimi olaraq domenlərini dəyişirlər. Çünki qanunsuz olduğuna görə domenləri dövlət tərəfindən bloklanır. Məsələn, istifadəçilər hesaba 200 manat pul qoyub, 400 manat qazanandan sonra platforma təhlükəsizlik səbəbindən həmin hesabları bloklayır. Heç bir məlumat vermədən onların vəsaitini mənimsəyir. Azərbaycanda bu platformalar qanunsuz olduğu üçün də heç cür dövlət təminatı almaq mümkün olmur. Belə hallarda onlara kömək etmək mümkün deyil. Bu tipli platformalar nəinki istifadəçilərə şanslar yaradır, əksinə, onların pullarını oğurlayır. İstifadəçiləri daha çox "bet" vasitəsilə kazinoya çəkirlər. Ümid edirəm ki, qısa zamanda qanunsuz mərc platformalarının reklamı tez bir zamanda dayandırılacaq. Onu da deyim ki, son vaxtlar sosial şəbəkələrdə gedən qeyri-qanuni mərc platformalarına qoyulan pulların geri qayıtmaması ilə bağlı çox şikayətlər olur. Ona görə də bu cür oyunları oynamaq məsləhət deyil”.