Azərbaycan daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Söhbət, Müstəqil Dövlətlər Birliyinin Bədən Tərbiyəsi və İdman Şurasının 20 dekabr 2021-ci il qərarına əsasən 2025-ci ildə 3-cü MDB Oyunlarının Azərbaycanda keçirilməsindən gedir.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı da " Sherg.az"a açıqlamasında 3-cü MDB Oyunlarının Azərbaycanda keçirilməsi ölkə idmanının tərəqqisi ilə paralel, beynəlxalq münasibətlərin inkişafı baxımdan da çox mühüm bir hadisə olduğunu deyib. Xanım deputatın sözlərinə görə,Bədən Tərbiyəsi və İdman Şurasının yekdil qərarı ölkəmizə göstərilən yüksək etimadın və inamın göstəricisi olmaqla yanaşı, cənab Prezident İlham Əliyevin düzgün qurulmuş xarici siyasət strategiyasının bariz nümunəsidir:
"Beynəlxalq müstəvidə Azərbaycanın qlobal xarakterli tədbirləri yüksək səviyyədə təşkil etmək praktikası mövcud olduğu üçün sözügedən qərar heç də təsadüfi deyil. Bu baxımdan 2015-ci il Birinci Avropa Oyunları və 2017-ci il İslam Həmrəylik Oyunlarını xatırlamaq kifayətdir. Bu tip tədbirlər yalnız idman yarışları deyil, eyni zamanda dövlətlərin və millətlərin bir araya gəlməsi, əməkdaşlıq və dostluq mühitinin yaradılması üçün də bir plotformadır.
Yarışların ölkənin ikinci böyük şəhəri olan, tarixi əzəməti ilə göz oxşayan Gəncədə və digər şəhərlərdə keçirilməsinin nəzərə alınması regionların hərtərəfli inkişafı üçün geniş perspektivlər yaradır.
İdman infrastrukturunun inkişafı: Oyunlar çərçivəsində yeni idman obyektlərinin inşası və mövcud olanların modernləşdirilməsi, Respublikanın idman ənənələri üçün müsbət təsir göstərəcəkdir.
Turizm potensialının artması: MBD oyunları zamanı ölkəyə gələcək idman nümayəndələri, rəsmilər, azarkeş faktoru turizim sektorunun və digər sahələrin inkişafına öz töhfəsini verəcəkdir.
Gənclərin inkişafı: Bu cür tədbirlər ölkə rəhbərliyi tərəfindən gənclər siyasətinin prioritet istiqamətlərindən olan idmana marağı artıracaq, sağlam yaşam tərzinin yayılmasına kömək edəcəkdir".
G. Ağamalı bildirib ki, MBD Oyunları Azərbaycanın beynəlxalq arenada müsbət imicini daha da artıracaq, ölkəmizin regionda idman diplomatiyası sahəsindəki rolunu gücləndirəcəkdir.