Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar “sağlam gələcək istəyirik” mesajı verir
Uşaqların təbiətə "dost" mesajları
Bunu ətraf mühitin çirklənməsində iştirak edən böyüklər də görməlidirlər
Sağlam gələcəyin əsas şərti sağlam təbiətdir. Təmiz hava, çirklənməyə məruz qalmamış təbii resurslar – çaylar, torpaq, bitki aləmi… Bütün bunlar təbiətin sağlam qalmasını şərtləndirir. Sağlam mühitdə böyüyən, inkişaf edən uşaqlar da gələcəyin sağlam nəslini yetişdirəcəklər. Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri uşaqların sağlamlığının təmin edilməsidir. Bu məqsədlə icra olunan proqramlar, layihələrlə yanaşı uşaqların təbiətin mühafizəsi istiqamətində maariflənməsi, təbiəti sevməyi öyrənmələri də çox önəmlidir. IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə artıq uzun illərdir keçirilən “Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq fotomüsabiqə məhz bu ali məqsədə xidmət edir. Beynəlxalq fotomüsabiqə bu il də eyni adla və eyni amalla keçiriləcək. İctimai Birliyin mətbuat xidmətinin məlumatına görə, fotomüsabiqə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunub. Layihə dünyaşöhrətli fotoqraf, "Reza Visual Academy"nin təsisçisi Reza Deqatinin iştirakı ilə həyata keçirilir. “Yer Kürəsi Uşaqların Gözü ilə” yalnız fotomüsabiqə deyil, həm də gələcək nəsli ətraf mühit haqqında maarifləndirməyə və bu sahədə fəaliyyət göstərməyə dəvət edən bir çağırışdır. Müsabiqəyə dünyanın müxtəlif yerlərindən 18 yaşına qədər olan uşaqlar və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlərlə bağlı fərqli baxışlarını fotolar vasitəsilə təqdim etməyə dəvət olunur. “Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” devizi altında keçirilən müsabiqə, gəncləri ətraf mühitə olan sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir. Qalib fotoşəkillər COP29 çərçivəsində noyabrın 11-dən etibarən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək. Xatırladaq ki, əvvəlki “Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq fotomüsabiqəsi gənc fotoqrafların bədii istedadlarını nümayiş etdirərək qlobal diqqət cəlb edib, fotoqrafiyanın maarifləndirmə və sənət sahələrini unikal və effektiv formada birləşdirən rolunu göstərib. Müsabiqə gənclərə ətraf mühitin mühafizəsində mövqe tutmağı və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham verməyi hədəfləyir. Təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşına qədər uşaqlar və yeniyetmələr müsabiqədə iştirak etmək üçün mövzuya uyğun 1-dən 20-dək fotoşəkil (şəkillərin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah ilə) təqdim edə bilərlər. Müraciət üçün son tarix oktyabrın 31-dir. Münsiflər heyəti fotoşəkilləri yaradıcılıq, mövzuya uyğunluq, düşüncə və emosiya oyatmaq qabiliyyəti əsasında qiymətləndirəcək. Qaliblər qlobal tanınma imkanı ilə yanaşı, sənət nailiyyətlərinə görə SRL kameralar qazanacaqlar. Təqdimatlar müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn verilə bilər. Müsabiqədə iştirak etmək istəyənlərə daha ətraflı məlumat üçün müraciət edəcəkləri elektron ünvanlar təqdim olunub. İştirakçılar https://childreneyes.earth veb-saytına daxil ola bilər. Həmçinin sosial media hesabları da var: Instagram: @childrenseyesonearth; Facebook: @childrenseyesonearth Əlaqə: [email protected]
Qeyd edək ki, “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA kampaniyası çərçivəsində uşaq və gənclər arasında ətraf mühitlə bağlı maarifləndirici işlərin aparılması, daimi fəaliyyətin təmin olunması, ekologiya problemlərinin ailənin, cəmiyyətin və milli həyatın ayrılmaz hissəsinə çevrilməsi naminə fəalliyətləri ehtiva edir. Kampaniya ekoloji maariflənməni beynəlxalq səviyyədə həyata keçirmək məqsədilə "Yer Kürəsi Uşaqların gözü ilə" foto-müsabiqəsini reallaşdırır. Müsabiqə tanınmış fotoqraf Reza ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Foto-müsabiqəyə qatılan gənclər "Mən Təbiəti Sevirəm" "Mən Çirklənmədən Qorxuram" mövzularında çəkdikləri şəkillər ilə müraciət edirlər. Şəkillər foto, incəsənət ekspertləri tərəfindən seçilir və müəlliflər təltif olunur. İndiyədək bu müsabiqədə qalib olan fotolar Bakı da daxil, bir çox xarici ölkə şəhərlərində sərgilənib, nümayiş olunub. Bu müsabiqə daha çox gənclər arasında geniş yayılıb və bu, onların dünyaya bir mesaji hesab edilir. Təbiətin mühafizəsini, uşaqlara, gələcək nəslə təmiz, sağlam təbiətin miras qoyulması kimi ali məqsədi öz fəaliyyətində rəhbər tutan IDEA kampaniyası ekoloji maariflənməni beynəlxalq səviyyədə həyata keçirərək "Yer kürəsi uşaqların gözü ilə" fotomüsabiqəsini reallaşdırır. Bir sıra ölkələrdən fotomüsabiqəyə qatılanlar təbiətin mühafizəsi mövzusunda fotolarını təqdim edirlər. Müsabiqəyə təqdim olunan fotoların geniş məkanlarda nümayişi uşaq və gənclərin təbliğ etdiyi ekoloji çağırışların əhaliyə çatdırılması məqsədi daşıyır.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, uşaqların təbiətə "dost" mesajlarını ətraf mühitin çirklənməsində iştirak edən böyüklər də görməlidirlər:
- Ətraf mühitin çirklənməsində bu və ya digər şəkildə iştirak edən, ekoloji problemlərə, qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlara səbəb olan böyüklər bilməlidir ki, öz övladlarının gələcəyini böyük təhlükəyə atırlar. Ağır metallarla çirklənmiş hava ilə nəfəs alan uşaq necə sağlam böyüyə bilər? Uşaqlara təbiəti mühafizə etməyə valideynlər öyrətməli olduqları halda, əksinə, təbiətin çirklənməsində birbaşa iştirak edirlər. Uşaqlarsa bir çox məsələlərdə böyüklərə örnək olur, çox zaman. Təbiətin mühafizəsi də bunlardan biridir. Bu mənada IDEA İctimai Birliyinin “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi, əslində, böyüklərə ciddi mesajdır. Xatırladım ki, Elm və Təhsil Nazirliyi tərəfindən “Pəncərəmdən açılan mənzərə” adlı fotomüsabiqə də keçirilib. Bu fotomüsabiqə məktəbdənkənar fəaliyyət üzrə təşkil olunub və Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilmişdi. Festivalın əsas məqsədi uşaqların evdə qaldıqları müddətdə asudə vaxtlarının səmərəli və faydalı təşkili, ev şəraitində yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, uşaqlarda foto sənətinə marağın artırılması, bu sahədə istedadlı uşaqların aşkara çıxarılması və dünya uşaqları arasında dostluq əlaqələrinin qurulmasından ibarət olub. "Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik” və “Sevdiklərim” nominasiyaları üzrə keçirilən fotomüsabiqədə Azərbaycan və digər ölkələrdən olan məktəblilər iştirak ediblər. Belə ki, onlayn beynəlxalq fotomüsabiqəyə Türkiyə, Amerika, İngiltərə, Rusiya, Almaniya, İsveç, BƏƏ, Kanada, Çin, Bolqarıstan, Qətər, Belarus, Qırğızıstan və Azərbaycandan 200-dən çox iştirakçı 450-ə yaxın fotoşəkil təqdim edib. Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan Fotoqraflar Birliyinin üzvü Yevgeniya Nəcəfova, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fotomüxbiri Rüstəm İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Qurbanova, rəssam-dizayner Könül Orucova təmsil olunub. Münsiflər heyəti tərəfindən hər nominasiyada 3 yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq 225 iş seçilib. Seçilmiş işlər üzrə 108 iştirakçı I, II, III və həvəsləndirici yerlərə layiq görülüb. Fotomüsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.
K.Əsədov qeyd etdi ki, bu cür müsabiqələrin uşaq və gənclərin həm asudə vaxtlarının səmərəli təşkili, bacarıqlarının, istedadlarının üzə çıxması, uşaqlar arasında bir-biriylə ünsiyyətin artması, ortaq maraqların birləşməsi, uşaqların ətraf mühitə, cəmiyyətdə baş verən dəyişikliklərə münasibəti, həmçinin təbiətin mühafizəsi, sağlam gələcək barədə düşüncələrini ifadə etmələri baxımından əhəmiyyəti böyükdür:
- Ümumiyyətlə, hesab edirəm ki, məktəblilər təbiətlə daha çox təmasda olmalı, təbiət qoynunda açıq dərslərə üstünlük verilməlidir. Bununla uşaqlar təbiəti daha yaxından tanıyacaq, onunla iç-içə olaraq təbiətdən zövq almağı, onu sevməyi və ən əsası, həm də qorumağı, mühafizə etməyi öyrənəcəklər. Uşaqlarımız üçün sağlam gələcək miras qoymaq istəyiriksə, onlara təbiəti sevməyi aşılamalıyıq.