İqlimin qorunması hər fərddən asılıdır

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

QHT-lər dünyanın xilası naminə hökumətlərə dəstək verməli, ictimai fəallığın artırılması istiqamətində çalışmalıdırlar

  Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 qeyri-hökumət təşkilatlarının aktivliyi ilə də fərqlənir. Azərbaycan Milli QHT Forumu COP29-un Yaşıl Zonasında yerləşən Azərbaycan Pavilyonunda təmsil olunur. Burada Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılmış və dünyanın 85 ölkəsinin QHT-lərini birləşdirən COP29 QHT Koalisiyasının nümayəndələri ilə görüşlər, panel müzakirələr təşkil olunur. Qeyri-hökumət təşkilatları iqlim dəyişmələrinin fəsadlarını müzakirə edir, vətəndaş cəmiyyətinin qlobal iqlim böhranlarının aradan qaldırılmasında rolundan danışır, vətəndaş cəmiyyətinin fəallığının vacibliyini vurğulayırlar. COP29 çərçivəsində ictimai birliklər tərəfindən eko-çağırışlar, dünyamızın xilası, yaşıl dünya naminə aksiyalar təşkil edilib. Azərbaycan Pavilyonunda vətəndaş cəmiyyəti təmsilçiləri ilə keçirilən görüşlərdə UNESCO-nun Sülh Rəssamı və "Earthsavers DREAMs" Beynəlxalq UNFCCC Statuslu təşkilatın rəhbəri xanım Cecile Alvarez, "Earthsavers"in Kolumbiya nümayəndəsi Viktor Sebek və Fransanın "Energies 2050" təşkilatının İcraçı Direktoru Stefan Pofari qatılıb. Onlar Azərbaycan Milli QHT Forumunun üzvləri ilə bir araya gələrək COP29 mövzusunda fikir mübadiləsi aparıblar. Azərbaycan Pavilyonunda keçirilən görüş zamanı Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli beynəlxalq qonaqlarla ətraf mühitin qorunması, dayanıqlı inkişaf və enerji transformasiyası ilə bağlı məsələləri müzakirə ediblər. Qonaqlar COP29 çərçivəsində gələcək əməkdaşlıq perspektivləri barədə də öz fikirlərini bölüşüblər. COP29 fəaliyyətə başladığı gündən Yaşıl Zonada Azərbaycan Milli QHT Forumunun pavilyonu yerli QHT-lərin tədbirləri üçün açıqdır və ictimai birliklər yaradılmış imkandan isitfadə edir. Misal üçün, Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən “İqlim böhranında QHT-lərin rolunun gücləndirilməsi: kənd təsərrüfatının davamlılığı, su idarəçiliyi və qida təhlükəsizliyinə dair əməkdaşlıq yanaşmaları” adlı panel müzakirəsi keçirilib. Tədbir COP29 çərçivəsində Yaşıl Zonada yerləşən məhz Milli QHT Forumu Pavilyonunda baş tutub. Müzakirə zamanı Avropada iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq və hökumətlərarası təşkilatlarla əməkdaşlığın vacibliyi, iqlim böhranının təsirlərinə qarşı kənd təsərrüfatının dayanıqlılığının təmin olunması məsələləri, qida təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyəti, iqlim dəyişmələrinin post-konflikt ərazilərdə kənd təsərrüfatı və ekoloji vəziyyət üzərindəki təsirləri və digər mövzularda çıxışlar dinlənilib. Tədbirdə yerli və beynəlxalq ekspertlər, QHT-lər iştirak edib. Panelin yekununda suallar cavablandırılıb, müzakirələr aparılıb. COP29 iqlim konfransı çərçivəsində iqlim fəallarının aksiyası da keçirilib. Aksiya Asiyanın beynəlxalq təşkilatları tərəfindən Bakı stadionunun "mavi zona"sında baş tutub. Aksiya iştirakçısı banqladeşli fəal Amanullah Poraq bildirib ki, aksiya Asiya regionunda təbii qaz da daxil olmaqla, qalıq yanacaq mənbələrindən istifadənin azaldılmasına çağırır. "Biz Asiya regionunda mayeləşdirilmiş təbii qaz istehsalının genişləndirilməsinə qarşıyıq. Regionumuz çoxsaylı qaz layihələri ilə ciddi şəkildə çirklənib. Bu mitinqin məqsədi regionda qaz sənayesini genişləndirən layihə və təşəbbüslərə diqqət çəkməkdir", - deyə o bildirib. COP29 çərçivəsində "Ekomed" İctimai Birliyi də Yaşıl Zonada yerləşən Milli QHT Pavilyonunda "İqlim maliyyələşdirməsi və şəffaflıq: hesabatlılığa aparan yollar" adlı yan tədbir keçirib. Tədbirdə iqlim dəyişmələri ilə mübarizədə şəffaflığın və hesabatlılığın artırılmasının vacibliyi vurğulanıb, beynəlxalq və regional səviyyədə iqlim maliyyələşdirməsi sahəsində təcrübəli mütəxəssislər və icma liderləri bir araya gəliblər. Tədbirdə QHT-lərin iqlim maliyyəsi istiqamətindəki rolu və töhfələri vurğulanıb, “ReCATH” təşəbbüsləri vasitəsilə iqlim maliyyələşdirməsində etibarlılıq və hesabatlılığın yaradılmasına dair təqdimatlar edilib. COP29 çərçivəsində BƏƏ-də “COP Mirası - vətəndaş cəmiyyətinin iqlim maliyyəsi üzrə müzakirələri” adlı forum keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutan tədbirdə BƏƏ, Azərbaycan və Braziliya QHT-ləri bir araya gəlib. Forumun əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə vətəndaş cəmiyyəti institutlarının rolunu müzakirə etmək olub. Forumun "COP29: İqlim maliyyəsi, inklüzivlik və ətraf mühitin idarəolunması sahəsində vətəndaş cəmiyyətinin gücləndirilməsi" adlı ilk panelində çıxış edən Milli Məclisin deputatı Azər Allahverənov “Troika” adlanan – BƏƏ, Azərbaycan və Braziliya – dövlətlərinin QHT-ləri arasında iqlim maliyyəsi mövzusunda dialoq və əməkdaşlıq platformasının yaradılmasını təklif edib. Deputat qeyd edib ki, bu məqsədlə üç ölkənin mütəxəssislərindən ibarət işçi qrupu təsis olunmalı və onların vasitəsilə konkret hədəflərə aparan strategiya və yol xəritəsi hazırlanmalıdır. Təklif xarici tərəfdaşlar tərəfindən müsbət qarşılanıb və iqlim dəyişikliyinə qarşı birgə mübarizə üçün bu təşəbbüsün reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Forumda həmçinin QHT-lərin iqlim maliyyəsi sahəsində səmərəli fəaliyyəti üçün yeni imkanların yaradılması və ətraf mühitin qorunması üzrə birgə səylərin gücləndirilməsi yolları müzakirə edilib. 
  Qlobal iqlim böhranlarının aradan qaldırılmasında vətəndaş cəmiyyətinin nə kimi fəaliyyət göstərməli olduğundan danışan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva “Sherg.az"a açıqlamasında qeyd etdi ki, hər il dünya liderlərinin birgə iştirakı ilə keçirilən COP tədbirləri bu il, bəlkə də yer kürəsində ən gözəl ölkələrdən biri olan Azərbaycanda keçirilir: 

- Ölkəmiz öz əsrarəngiz təbiəti ilə seçilir, çünki 9 iqlim qurşağına malikdir. Elə bir nemət yoxdur ki, Vətənimizdə yetişməsin. Çay plantasiyaları, sitrus meyvələri, hər növdə meyvə-tərəvəz, bərəkətli torpaqlarımız var. Ölkəmizə gələn qonaqlar Vətənimizin gözəlliyini görüb heyran qalırlar. COP29 tədbirinin əsas məqsədi yer kürəsinin qlobal istiləşmə, şəhərləşmə, susuzluq, oksigen qıtlığı və atmosfer çirklənməsindən qorunması üçün beynəlxalq səviyyədə həll yolları tapmaqdır. Bu tədbirlərin əsas məqsədi planetlər arasında yeganə canlı varlıqların yaşaması üçün hər cür şəraiti olan yer kürəsinin gələcəyini qorumaqdır. Qlobal istiləşmənin, şəhərləşmənin, susuzluğun, oksigen qıtlığının və atmosfer təbəqəsinin çirklənməsinin qarşısını almaq, həmçinin canlı növlərinin məhv olmasının qarşısını almaq bu tədbirin əsas hədəflərindəndir. Bu qlobal problemin qarşısını yalnız bütün dövlətlərin liderləri bir araya gələrək həll edə bilər. Bu gün liderlər Bakıda toplaşıblar və inanırıq ki, bu görüşlər yer kürəsinin gələcəyini qorumaq üçün mühüm nəticələr verəcək. Çünki insanın və digər canlı növlərinin gələcəyi təhlükə altındadır.
  COP29 tədbirində iştirak edən bütün dövlət rəsmilərinə və qonaqlara uğurlar arzu edirik.  Eyni zamanda bildirmək istərdim ki, vətəndaş cəmiyyətləri dünyanın xilası naminə hökumətlərə dəstək verməli, ictimai fəallığın artırılması istiqamətində çalışmalıdırlar. İqlimin qorunması ilk növbədə bizim özümüzdən, ictimaiyyətdən asılıdır. İqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması, daha təmiz ekosistem, daha təmiz atmosferə sahib olmaq üçün vətəndaş cəmiyyəti üzvləri birgə hərəkət etməli, məqsədyönlü layihələrin icrasına nail olmalıdırlar.