Polşa liderinin "binokl diplomatiyası" etiraz doğurur

Elşad Mirbəşiroğlu: "Anjey Dudanın  COP29-dan sonra Ermənistana getməsi sanki İrəvanın könlünü almaq məqsədi güdür"

 
  Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb. Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb. Qeyd edək ki, Polşa rəhbəri Yerasxda (Arazdəyən) Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüşüb və missiya ilə birlikdə Azərbaycanla sərhəddə patrulda iştirak edib. Həmçinin Polşa Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı da düşünür. Ekspertlərə görə, Polşa liderinin tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzura gələrək "binokl diplomatiyası"na qoşulması iki ölkə arasında tərəfdaşlığa ziddir. Hələ də hüquqi-normativ aktlarında qonşu dövlətə ərazi iddiası olan işğalçı dövlətin ambisiyalarının şirnikləşdirilməsidir. Ümumiyyətlə, Avropa İttifaqının keçmiş hərbçilərinin bölgədə qalması sülhə xidmət etmir və danışıqlarda Paşinyanı arxayınlaşdırır. Dudanın bu addımı ancaq və ancaq Fransa və Makronun yanındakı qüvvələrin maraqlarına cavab verir. Polşa lideri bunu bilirdi və xəbərdarlığa baxmayaraq, Zəngəzura getdi...

  Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a bildirib ki, belə hallar Avropa ölkələrinin liderləri tərəfindən tez-tez təkrarlanır. Professorun sözlərinə görə, bu da Qərbin ümumi yanaşmasının əlamətidir: 

"Diqqət yetirsək, görərik ki, digər məsələlərlə bağlı da Fransa, Polşa kimi ölkələr Qərbin strategiyasına uyğun davranırlar. Qərbin indiki strategiyası da ondan ibarətdir ki, Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratsın. Avropa İttifaqının "mülki missiyası" Ermənistanda artıq 2 ildir fəaliyyətdədir. Birinci missiyanın fəaliyyətinin nəticələrinin nədən ibarət olduğu barədə aydın təsəvvürlər olmadı. Buna baxmayaraq, ikinci missiya formalaşdırıldı və mandat verildi. Bildiyimiz kimi, bu missiyanın tərkibi daha da genişləndirilmiş oldu. Polşa Prezidenti A.Dudanın COP29 çərçivəsində Bakıda səfərdə olması, ardınca isə İrəvana yollanıb orada görüşlər keçirməsi bir sıra suallara səbəb olur və bəzi təsəvvürlər formalaşdırır. Birincisi, Dudanın məhz COP29 konfransında iştirakdan sonra Ermənistana getməsi sanki İrəvanın könlünü almaq məqsədi güdür. Yəni mesaj vermək istəyir ki, əvvəlcə Bakıya gedib, ardınca balans yaratmaq üçün İrəvana yollanıb. Yəqin ki, elə bu cürdür. Qərb Ermənistan üzərindən özünün hərbi-siyasi mövcudluğunu təmin etmək istəyir. Regionda yeni geosiyasi reallıqları Ermənistanı alət kimi istifadə edərək formalaşdırmağa çalışır".

  E.Mirbəşiroğlu qeyd edib ki, Avropa İttifaqının "mülki missiyası"na Polşanın qoşulma istəyi də təəccüb yaratmır: "Çünki Polşa bütövlükdə Avropa İttifaqının və Qərbin davranışlarına uyğun mövqe sərgiləyir. Bunu hər zaman müşahidə edirik. Dudanın Aİ-nin "müşahidə missiyası"nı ziyarəti, "binokl diplomatiyası"nın iştirakçısına çevrilməsi qənaətlərimizi daha da möhkəmləndirir. Nəzərə alaq ki, Aİ-nin "mülki missiyası" bir çox hallarda Ermənistanın Azərbaycana qarşı törətmiş olduğu təxribatlara fərqli prizmadan yanaşma missiyasını da yerinə yetirir. Ermənistan hansı istiqamətlərdə təxribatlar törədirsə, Aİ-nin "mülki missiyası" da orada peyda olur. Onlar Ermənistanın törətdikləri təxribatları başqa konseptdə öz hesabatlarına daxil etmək niyyətlərini güdürlər. Bunu "Azərbaycanın törətdiyi təxribat" kimi təqdim etməyə çalışırlar. Missiyanı təşkil edən ölkələrin mövqeləri bizə çox yaxşı bəllidir. Onlar aşkar ermənipərəst mövqe sərgiləyirlər. Ayrıca olaraq, yaxşı bilirik ki, Aİ-nin "mülki missiyası" həm də bütövlükdə region dövlətlərinə qarşı kəşfiyyat fəaliyyətini həyata keçirməkdədir. Polşa da bu prosesə qoşulursa, deməli, Cənubi Qafqaz regionunda kəşfiyyatçılıq fəaliyyətində öz iştirakını təmin etmək istəyir. O baxımdan Azərbaycanın reaksiyası çox təbiidir. Bu, Polşa üçün də bir siqnal olmalıdır ki, Azərbaycan proseslərə diqqətlə nəzər yetirir".