Hasib Sayğılı: "Ermənistan hazırda "mədə narahatlığı" dönəmini yaşayır"

 "Müalicə təşəbbüsləri uğurlu olarsa, həm ermənilərin özü sağalar, həm də regionda sülh və sabitlik  əldə olunar"

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Helsinkidə finlandiyalı həmkarı Elina Valtonenlə görüşüb. Tərəflər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Mirzoyan Cənubi Qafqazda davamlı sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb, həmçinin regional kommunikasiyaların açılması ilə bağlı Ermənistanın baxışını təqdim edib

Ötən gün Türkiyə milli müdafiə naziri Yaşar Gülər də Azərbaycan və Ermənistan arasındakı danışıqlardan söz açıb. Gülər göstərilən səyləri və son vaxtlar əldə edilən irəliləyişi məmnuniyyətlə qarşılayıb. Bölgədə terrorla mübarizə, bu istiqamətdə həyata keçirilən işlər və əldə edilən nailiyyətlər barədə danışan nazir Azərbaycan-Ermənistan nizamlanması məsələsinə də toxunub: "Bir daha vurğulamaq istəyirəm ki, Qafqazda sabitlik Azərbaycan və Ermənistan arasında imzalanacaq hərtərəfli sülh sazişi vasitəsilə əldə olunacaq. Bu istiqamətdə iki ölkənin göstərdiyi səyləri və son vaxtlar əldə etdikləri irəliləyişləri məmnuniyyətlə qarşılayırıq. Bundan sonra da "Bir millət, iki dövlət" anlayışı ilə daim can Azərbaycanın yanında olacağıq". Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazır olduğunu deyib. Problem isə ondadır ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddialarını ehtiva edən bənd hələ aradan qaldırılmayıb. Bu məqam sülh sazişinin imzalanmasını mümkünsüz edir. 


 
Fatih Sultan Mehmet Universitetinin professoru, tarixçi-alim Hasip Sayğılı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında qalıcı və yekun sülh sazişinin əldə olunmasının önündəki əsas əngəl Fransa kimi regiondan kənar güclərin İrəvana dəstək görüntüsü yaratmaq təşəbbüsləridir. Professorun sözlərinə görə, öz nüfuz dairəsində etibarını tamamilə itirən Makron Administrasiyası Cənubi Qafqazdakı proseslərə müdaxilə edərək itkilərini kompensasiya etmək niyyətindədir:

"Əfsuslar olsun ki, Ermənistan hökumətinin fərqli məqsədlərə xidmət edən Qərbin aldadıcı ritorikasını əsl dəstək kimi görməsi sülh sazişinin imzalanmasını yubadır. Ancaq aprel ayında Ermənistan-ABŞ və Avropa Birliyi üçlü görüşündən istədiyi nəticəni ala bilməyən Paşinyan mümkün çərçivədə daha real addımlara meyil etməkdədir. Birmənalı olaraq qeyd edilməlidir ki, kənar güclərin öz maraqlarına xidmət edən müdaxilələri olmazsa, Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi mümkün hala gələcək. Millətlər arasında əbədi sülh olmadığı kimi əbədi düşmənçilik də ola bilməz. Ölkələr öz güclərini real qiymətləndirməli və bilməlidirlər ki, imkansız xəyallar ancaq fəlakət gətirir. Sovet rejiminin süqutundan sonra bölgədə baş verənlər göstərdi ki, etnik təmizləmə və işğalçılıq siyasəti Ermənistana fəlakət və iztirabdan başqa heç nə gətirməyib". 

H.Sayğılı vurğulayıb ki, insanın həzm edə biləcəyindən daha çox qida qəbul etməsi mədə narahatlığına səbəb olduğu kimi, eyni şey ayağı yerə dəyməyən "milli siyasətlər" üçün də keçərlidir: "Hazırda Ermənistan da "mədə narahatlığı" dönəmini yaşamaqdadır. Müalicə təşəbbüsləri uğurlu olarsa, həm ermənilərin özü, həm də regionda sülh və sabitliyin əldə olunmasında ciddi töhfə olar. Əgər ermənilər axının tərsinə getməzsə, münaqişə və düşmənçilikdən qalıcı sülhə keçid etmək mümkün ola bilər. O cümlədən hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlər də qısamüddətli siyasi hesablamalardan kənara çıxmalıdır. Belə bir siyasət Azərbaycan-Ermənistan münasibətlərinə, regionun sülh və sabitliyinə də faydalı olacaq".