Azərbaycan Türk Ocağı və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə beynəlxalq elmi simpozium keçirilib
Dekabrın 20-də Azərbaycan Türk Ocağının və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə İnstitutun Akt zalında böyük türk mütəfəkkiri Ziya Gökalpın vəfatının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi simpozium keçirilib. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Türk Ocaqları Baş Qərargahı sədrinin köməkçisi, professor Mehmet Şahingöz, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətli, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Faiq Ələkbərli, Ankara Hacı Bayram Veli Universitetinin professoru Zaynabidin Abdiraşidov, Dr. Paşa Quluzadə, Yıldız Teknik Universitetinin professoru Süleyman Doğan, Akdeniz Universitetinin professoru Mustafa Yıldıran, "Türk Yurdu" jurnalının baş redaktoru Ayşegül Büşra Paksoy və başqa alimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Alimlər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Tədbiri açıq elan edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə deyib ki, adətən Azərbaycan elm adamları ilə bağlı konfranslar təşkil olunsa da, bu gün böyük türk mütəfəkkiri Ziya Gökalpın vəfatının ildönümünü qeyd etmək üçün buraya toplaşmışıq. Alim vurğulayıb ki, bu gözəl başlanğıcın ənənə halını alması müsbət olardı:
"Türk xalqları zəngin mənəvi irsə sahibdir. Əlbəttə, söhbət yalnız Türkiyədən yox, həmçinin Azərbaycandan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistandan gedir. Ziya Gökalpdan başlamaq doğrudur. Çünki o həm də tanınmış filosof olub. Onun çox gözəl fəlsəfi irsi var. Mədəniyyət və sivilizasiya problemlərinə dair ideyaları var. Dərin fəlsəfi biliklər bizi birləşdirən dəyərdir. Ona görə hesab edirəm ki, Ziya Gökalpla bağlı tədbir faydalıdır".
Daha sonra söz AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətliyə verilib. E.Mədətli Ziya Gökalpla bağlı tədbirin keçirilməsini əlamətdar hadisə aldandırıb:
"Akademiya rəhbərliyinin, hörmətli İsa Həbibbəylinin qərarı ilə Fəlsəfə İnstitutunda türk tarixini, türk fəlsəfəsini, müasir türk düşüncəsini, məktəbləri, cərəyanları öyrənən ayrıca şöbə yaradılıb. Artıq şöbə tərəfindən tədbirlər də keçirilib. Bugünki tədbir daha böyük və nəticəli tədbir kimi dəyərləndirilməlidir. Ona görə ki,Ziya Gökalp türk düşüncə tarixinin, türklük hərəkatının ən öncüllərindən biri olub. Onun sistemləşdirdiyi türkçülüyün əsasları həm Türkiyədə, həm Azərbaycanda, həm də bütün türk cümhuriyətlərində olduqca yüksək dəyərləndirib. Ziya Gökalpa qədər Azərbaycanda, Krımda və digər bölgələrdə türkçülük ideyaları, türkçülüklə bağlı dəyərli fikirlər olub. Lakin Ziya Gökalp onları sistemli hala gətirib".
Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı çıxışı zamanı tədbir iştirakçılarını salamlayıb və bildirib ki, bu tədbirin AMEA-nın Fəlsəfə İnstitutunda keçirilməsi təsadüfi deyil:
"Ziya Gökalp təkcə Türkiyə üçün deyil, türk dünyası üçün böyük fikir, düşüncə insanıdır. Onun Azərbaycanın milli-azadlıq hərəkatında, türkçülük hərəkatında fikrən təsirləri çox güclü olub. Buna görə də Ziya Gökalpın vəfatının yüzüncü ildönümündə onu anmaq bizim borcumuzdur. Türk Ocaqlarının 1912-ci ilin martın 25-də quruluşunda Ziya Gökalp, eyni zamanda Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mehmet Emin Yurdakul kimi şəxsiyyətlər iştirak ediblər. Azərbaycanda Türk Ocağı Azərbaycan Xalq Cümhuriyyətinin bir əsəri olaraq ortaya çıxıb. 1918-20-ci illərdə fəaliyyət göstərib. Azərbaycan Türk Ocaqlarının əsas baniləri Əhməd Cavad, Abdulla Şaiq, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və digər münəvvər ziyalılarımız olublar. Bakı işğaldan azad olunandan sonra Cümhuriyətin daxili işlər naziri Behbud xan Cavanşirə müraciət olunur ki, Azərbaycanda da Türk Ocağı qurulsun. Məhz dövlət qurumunun rəsmi icazəsi ilə Azərbaycan Türk Ocağı qeyri-hökumət təşkilatı kimi quruldu və fəaliyyətə başladı. Türk dünyası ilə əlaqələrin qurulmasında mühüm rol oynayıb. Gənc Azərbaycan Cümhuriyyətinin inkişafı yönündə fəaliyyət proqramı həyata keçirib. Biz də bir qrup ziyalı olaraq AXC-nin yüzilliyində Azərbaycan Türk Ocağını bərpa etdik. 4 ilə yaxındır fəaliyyətimizi davam etdiririk".
A.Aşırlı vurğulayıb ki, Ziya Gökalp bizim üçün çox önəmli şəxsiyyətdir:
"Onun təkcə Türkiyədə deyil, Azərbaycandakı ictimai-siyasi həyata, milli hərəkata da təsirləri olub. Məhəmməd Əmin Rəsulzadənin islam əsasları üzərində qurduğu Müsavat partiyasının, ümummiyyətlə istiqlal hərəkatının milli platformaya keçməsi məhz Rəsulzadənin Türkiyədə mühacirətindən sonraya təsadüf edir. Rəsulzadə öz xatirələrində, əsərlərində Ziya Gökalpla olan münasibətlərindən yazıb".
Türk Ocaqları Baş Qərargahı sədrinin köməkçisi, professor Mehmet Şahingöz çıxışında bildirib ki, Ziya Gökalp və Türk Ocaqları hər zaman iç-içə olublar. Professorun sözlərinə görə, Ziya Gökalp Türk Ocaqlarının quruluşunda, ideologiyasının formalaşmasında mühüm rol oynayıb:
"Bu hadisələrə doğru qiymət vermək üçün XIX əsrin sonu, XX əsrin əvvəlində dünyada cərəyan edən proseslərə nəzər yetirmək vacibdir. O dövrlərdə Osmanlı imperiyasında ciddi milli oyanış hərəkatı geniş vüsət almışdı. Osmanlı dövlətinin türk kimliyi birbaşa bilinmirdi. Osmanlının son dönəmi çar Rusiyasının son dövrlərində cərəyan edən proseslərdən çox fərqlənmirdi. Türk münəvvərləri bu vəziyyətdən çıxış yolu axtarmağa başlamışdı. Çar Rusiyasında Yusuf Akçura, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu kimi ziyalılar Türkiyəyə gələrək türk münəvvərlərini də hərəkətə keçirdilər. Balkan savaşından sonra türklər belə demək mümkünsə, özlərinə gəldilər, ayıldılar. Çünki qeyri-türklər həmin dövrdə öz dərnəklərini qurmuş, qəzetlərini buraxmışdı. Amma türklərdə hərəkətlilik yox idi. Çar Rusiyasından Türkiyəyə gəlmiş milli hərəkat öndərlərindən təsirlənən şəxslərdən biri də Ziya Gökalp idi. O dönəmdən sonra Osmanlı münəvvərləri də çar Rusiyasından gəlmiş türk ziyalılarla birgə çalışmağa başladılar. Türk Ocaqları və "Türk Yurdu" dərgisi də bu fəaliyyətin nəticəsi olaraq qurulmuşdu. "Türk Yurd"u dərgisinin ən önəmli yazarlarından biri də Ziya Gökalp idi".
Ankara Hacı Bayram Veli Universitetinin professoru Zaynabidin Abdiraşidov “Ziya Gökalpda çədidcilik və Türk Dünyası” adlı elmi məruzə ilə çıxış edib. O deyib ki, Ziya Gökalpın türkçülüyü və turançılığı irqçilik kimi dəyərləndirilə bilməz. Z.Abdiraşidov vurğulayıb ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Osmanlıya gələn türk aydınları türk milliyətçiliyinin şəkillənməsində, yayılmasında böyük rol oynayıblar:
"Bu mənada Ziya Gökalpın düşüncələri də önəmlidir. İsmayıl bəy Qaspıralı "Tərcüman" qəzetində millətçiliyi gündəmə gətirmiş, "dildə, fikir, əməldə birlik" şüarı ilə tanınmışdı. Müsəlmanların çoxu türk kökənli xalqlar olduğuna görə, İ.Qaspıralının milli birlik çağırışı Rusiya türklərinin birliyi mənasını daşıyırdı. O baxımdan İsmayıl bəy Qaspıralı və Ziya Gökalp türkçülük hərəkatının iki önəmli məhəng daşıdır. Onların fikirləri türklərin çağdaş dönəmə keçidi üçün mühüm bir vizyon yaradıb".
Yıldız Teknik Universitetinin professoru Süleyman Doğan “Vəfatının 100-cü ilində Ziya Gökalpı anma və anlamaq” adlı məruzə ilə çıxış edib. S.Doğan qeyd edib ki, Ziya Gökalp müxtəlif sahələrdə bilik və bacarıqlara sahib fərqli bir şəxsiyyət olub: "Ziya Gökalp bir türkçüdür, amma bu, etnik məsələdən daha çox duyğulara söykənən türkçüdür. Bu da Mustafa Kamal Atatürkün "nə mutlu türkəm" şüarındakı türkçülük deməkdir. Ziya Gökalp "türk kimdir?" sualına "türkə xidmət göstərən, faydalı olan" cavabını verir".
“Ziya Gökalpın ideal türk təhsili və təsəvvürü” adlı məruzə ilə çıxış edən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Paşa Quluzadə deyib ki, Ziya Gökalp türk dünyasının tək filosofu sayıla bilər. Onun sözlərinə görə, Ziya Gökalpın ideal türk təhsili çox önəmlidir:
"Z.Gökalpın təhsilə böyük əhəmiyyət verdiyini bilirik. Xüsusən, ictimaiyyət elmlərinə daha çox diqqət ayırıb. Əslində o, ictimaiyyət elmi dedikdə fəlsəfəni önə çəkirdi".
Sonra çıxış edən Akdeniz Universitetinin professoru Mustafa Yıldıran isə “Türk Dünyasının ekonimik gələcəyi və Ziya Gökalpın Turan məfkurəsi” adlı mözuda fikirlərini səsləndirib. O vurğulayıb ki, Turan fikrinin önəmli müdafiəçilərindən biri Ziya Gökalp olub. Qeyd edib ki, türkçülüyün əsas memarlarından biri də Ziya Gökalpdır.
“Türk yurdu” dərgisinin baş redaktoru Ayşegül Buşra Paksoy "Ziya Gökalp, qadın haqları və Türk Dünyasına baxış" adlı məruzəsində Ziya Gökalpın qadın və ailə baxışından, yanaşmasından danışıb. Baş redaktor bildirib ki, Ziya Gökalp çoxyönlü bir mütəfəkkir idi: "Bu qədər fərqli sahədə fəaliyyət göstərmiş, fikirlər bəyan etmiş çox az adam var. Düzdür, Ziya Gökalpın da mübahisəli fikirləri var idi, amma onlar dəyərli mütəfəkkirin dəyərini azaldacaq şeylər deyil. Çünki Ziya Gökalpın dövrünün bütün problemlərinə diqqət yönəldən və səmimiyyətlə onların həllinə çalışan şəxs olub".
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, türkoloq-alim Faiq Ələkbərli “Türk xalqlarının fəlsəfi fikir tarixində Ziya Gökalp fenomeni” adlı məruzəsində deyib ki, Ziya Gökalpın düşüncələrinin formalaşmasında Əli Süavinin, Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspıralının da rolu olub. Eyni zamanda Ziya Gökalpın özü də türk dünyasının digər ziyalılarına yol göstərib:
"Əgər Ziya Gökalp İsmayıl bəy Qaspıralıdan, Əli bəy Hüseynzadədən təsirlənirsə, onun özü də Məhəmməd Əmin Rəsulzadəyə təsirini göstərib. Bu bir fikir alış-verişidir. Əgər Əli bəy Hüseynzadə "türk hissiyatlı, islam etiqadlı, firəng qiyafəli deyirdisə, Ziya Gökalp "Türk Yurdu" dərgisində bunu "türkləşmək, islamlaşmaq, müasirləşmək" adı altında daha da dəqiqləşdirdi". F.Ələkbərli qeyd edib ki, Ziya Gökalp sadəcə Türkiyə deyil, bütün türk dünyası, xalqları üçün önəmli şəxsiyyətdir.