Onlar heç də uşaqlarından az internetdə olmurlar
“Ona görə də hansısa bir uşağın problemindən danışarkən birinci növbədə ailəyə diqqət etmək lazımdır”
İnternet artıq gündəlik həyat tərzimizə çevrilib desək, yanılmarıq. Hər təbəqədən olan insanlar, o cümlədən yeniyetmə, gənc yaşlı, qoca artıq bu gün mütləq şəkildə internetdən, virtual məkandan istifadə edir. Getdikcə insanlarda internet asılılığı yaranmağa başlayıb. Gecədən səhərədək kompüterin arxasında vaxt keçirən və yaxud telefondan asılıb qalan insanların sayı kifayət qədər çoxdur. Beləliklə, dünyada asılılıqlar arasında internetdən asılılıq dördüncü yerdədir.
Psixoloq Elnur Rüstəmovun dediyi kimi, mobil telefon insanların bir-biriləri ilə ünsiyyət saxlaması üçün nəzərdə tutulub. O, “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu gün mobil telefon ünsiyyət kommunikasiya vasitəsi kimi deyil, daha çox məlumat almaq vasitəsi kimi istifadə edilir:
“Ola bilər ki, bir insan eyni vaxtda yazışaraq bir neçə insanla ünsiyyət saxlasın. Yəni insanlarda təkcə danışmaq deyil, internet asılılığı var. Əksər hallarda insanlar internet işləməyən məkanlara – kafe, restoran və sairə girmək istəmirlər. Bax bu, asılılılıq, narahatçılıqdır. Bizi də narahat edən məqam, insanların ifrat informasiya ilə artıq yüklənməsidir. Hansı ki, o informasiyanın doğru-yanlış olduğuna insanlar özləri qərar verə bilmirlər. İfrat informasiya ilə yüklənmək insanların əhvali-ruhiyyəsinə təsir göstərir, bu da onun davranışlarına, iş əmsalına sirayət edir”.
Psixoloq hesab edir ki, uşaqları bu asılılıqdan uzaqlaşdırmaq üçün valideynlər telefonlardan uzaq durmalıdırlar:
“İnternet asılılığı olan valideynlər evdə olduqları vaxt uşaqlarla vaxt keçirmək istəmirlər. Nəticədə bir müddət keçdikdən sonra uşaqlarda davranış, ünsiyyət problemi, fobiyalar yaranır. Ona görə də hansısa bir uşağın problemindən danışarkən birinci növbədə ailəyə diqqət etmək lazımdır. Bu zaman bəlli olur ki, valideynin problemi heç də uşağın problemindən az deyil. Bu problemlər təkcə ailədən deyil, həm də sosial şəbəkələrdə çox vaxt keçirməkdən qaynaqlanır. Hətta uşağın əlinə mobil telefon verirlər ki, sakit dayansın və sairə. Uşaq internetdən istifadə edirsə, yenə də valideyn buna ciddi nəzarət etməlidir. Bunun üçün bəlli bir zaman, limit ayrılmalıdır”.