Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Rusiyanın İctimai Palatası yanında Koordinasiya Şurasının sədri, politoloq Vladimir Karasevin Azərbaycan dövlət başçısı barədə fikirlərinə cavab verib.
APA xəbər verir ki, o, sözügedən şəxsin məhz Azərbaycan Prezidentinin Qroznı səmasında AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasında Rusiyanın iştirakını elan etməsindən sonra qərəzli ifadələr səsləndirdiyinə diqqət çəkib.
“Əgər Rusiyanın İctimai Palatası bu cür nitq formasının etik normalar daxilində olduğu qənaətindədirsə, bu şuranın hansı səviyyədə olduğu məsələsi də aydınlaşır. Təəssüf ki, müasir Rusiyada ictimaiyyətdə yüksək sosial statusa malik insanların kobud və təhqiramiz ritorikaya üstünlük verməsi adət halını alıb. Vladimir Karasev bu addımın nəticələri ilə üzləşmədən xarici dövlətin başçısını təhqir etməyi bacarıbsa, ehtimal etmək olar ki, onun bu üslubdan Rusiyanın rəhbərliyinə qarşı da istifadə edəcəyi gün uzaqda deyil. Əvvəllər Rusiyanın ictimai xadimləri yüksək mədəniyyətə və əxlaqi prinsiplərə nümunə göstərilirdisə, hazırda təəssüflər olsun ki, bu dəyərlər yoxa çıxıb. AZAL-ın təyyarəsi barədə məhz Karasev kimi mədəniyyətdən uzaq varlıqlar fikir yürüdürlər”, - Amin Məmmədov qeyd edib.