Bakıda 35 il əvvəl insanlığa qarşı ən ağır cinayətlərdən biri törədilib. Bu faciənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qırmağa, suverenliyinə qovuşmasının qarşısını almaq idi. Lakin bu qırğın Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi.
Şəhidlərimizin qanı bahasına xalqımız öz azadlığına qovuşdu. Ona görə də 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq tarixinə qızıl həriflərlə yazılıb. Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, bu tarixi unutmamalı, şəhidlərimizin xatirəsini daim ehtiramla anmaqla yanaşı, qəhrəmanlıq tariximiz barədə də qürurla danışmalıdırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Marneulidəki “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”ndə (GAİM) 20 Yanvar faciəsinin 35 illiyinə həsr olunmuş anım mərasimində səsləndirilib.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqlik sükutla yad olunub.
GAİM-in icraçı direktoru Murad Muradov 20 Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə ətraflı danışıb.
Sonra mərkəzin könüllüləri Suleyman Novruzov və Emin Mamedov 20 Yanvar faciəsi ilə bağlı təqdimatla çıxış ediblər.
Tədbirin sonunda iştirakçılar “20 Yanvar. Danışan talelər” sənədli filmini izləyiblər.
Qeyd edək ki, GAİM-də faciə qurbanlarına həsr olunmuş xatirə guşəsi yaradılıb. Guşə yanvarın 27-dək açıq olacaq.