Qafqazda stabil qonşuluq siyasəti çox vacibdir - ŞƏRH

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi dost olaraq, daim bir-birinin yanında olub və bu dostluq dərin tarixi köklərə əsaslanır

Xəbər verdiyimiz kimi yanvarın 17-si Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanda səfərdə olub. Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşən Prezident İlham Əliyev baş nazirin fəaliyyətə başlayandan dərhal sonra Azərbaycana səfər etməsinə görə təşəkkürünü bildirib və İ.Kobaxidzeni təbrik edib. Tərəflər ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində iki ölkə arasında əməkdaşlığı və digər regional məsələləri müzakirə ediblər. 

Milli Məclisin üzvü Şahin Seyidzadə "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstanın yeni seçilmiş Baş nazirinin ilk dəfə Azərbaycana, Bakıya gəlməsi ənənəvi haldır. 

Deputatın sözlərinə görə,  bu gün dünyada hökm sürən vəziyyət fonunda regional təhlükəsizlik və sülhlə bağlı bəyanatlar mühüm əhəmiyyət kəsb edir: 

"Bunun fonunda Qafqazda stabil qonşuluq siyasəti çox vacibdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır. Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi dost olaraq, daim bir-birinin yanında olub və bu dostluq dərin tarixi köklərə əsaslanır. Bizim xalqlarımız əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub".

Parlamentari qeyd edib ki, səfər ərəfəsində Baş nazir İrakli Kobaxidze partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbriklərinə görə Prezident İlham Əliyevə təşəkkür edib: 

"Partiyasının qələbəsinin bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətli olduğunu vurğulayan Baş nazir qeyd edib: 

“Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”. 
Qürurverici haldır ki, bu gün hər iki dövlətlərin əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. Xüsusi qeyd edim ki, iqtisadi sahədə yaxşı nəticələr var. Dövlətimiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Eyni zamanda, hər iki ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı həmişə bir-birini dəstəkləmişdir. Bir daha demək istəyirəm ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri böyük əhəmiyyət daşıyır. Gürcüstan və Azərbaycan xalqları, həm coğrafi olaraq yaxın, həm də tarixən bir-birinə təsir edən xalqlardır. Hər iki xalq da Qafqaz regionunun mühüm hissəsini təşkil edir və uzun müddət müxtəlif mədəniyyətlər, dillər və etnik qruplarla qarşılıqlı əlaqə içində olublar".