“Yeni Partiya”nın sədri Özgür Özəl partiyanın sədr seçkisində üzvlərin birbaşa səs verəcəyini açıqlayıb. Sherg.az xəbər verir ki, Özəl təqaüdçülər, qadınlar və gənclərlə bağlı mesajlar verərək, partiyanın sədrini 600 nümayəndənin deyil, 1 milyona yaxın üzvün müəyyənləşdirəcəyini bildirib.
Özəl Artvin səfərinin ikinci günündə Hopa rayonunda vətəndaşlarla görüşüb. O, qadınların sosial təminatı və pensiya hüququ ilə bağlı danışıb.
“Yeni Partiyanın anlayışı hər yerdə qadın və kişinin yan-yana, bərabər olduğu və bütün vəzifələri bərabər şəkildə bölüşdüyü anlayışdır. Türkiyədə evdar qadınlar, əmək bazarından kənarda qalan qadınlar və sosial təminatsız kənd təsərrüfatında çalışan qadınlar sosial təminat və pensiya hüququ əldə edəcəklər”, – deyə Özəl bildirib.
“15 noyabrda sədr seçkisi keçiriləcək”
Özəl bütün qadınları və gəncləri “Yeni Partiya”ya üzv olmağa dəvət edib. O bildirib ki, oktyabrın 7-dək partiyaya üzv olanlar Artvin vilayətində və Türkiyənin 81 vilayətində keçiriləcək il rəhbərliyi seçkilərində birbaşa səs verə biləcəklər.
“Oktyabr ayında üzv olanlar isə noyabrın 15-də keçiriləcək sədr seçkisində 81 vilayətdə, 973 rayonda quracağımız seçki qutularında səs verəcəklər. ‘Yeni Partiya’nın sədrini 600 nümayəndə deyil, 1 milyona yaxın üzv birbaşa müəyyənləşdirəcək”, – deyə Özəl qeyd edib.
O, Türkiyədə bütün vətəndaşları “yeni siyasətdə birləşməyə və yeni yolla addımlamağa” çağırıb.
Özəl həmçinin bildirib ki, gələcəkdə siyasəti məhəllə və rayon məclisləri vasitəsilə Ankaraya daşıyacaqlar.
“Yeni Partiya”nın qapısının bütün demokratların üzünə açıq olduğunu deyən Özəl bildirib ki, partiya müxalifətə qarşı çıxanların deyil, müxalifətin bütün rəngləri ilə birlikdə mübarizə aparanların partiyasıdır.
Onun sözlərinə görə, məqsəd hakimiyyəti dəyişdirmək və ədalətli, bərabər və haqqaniyyətli bir sistem qurmaqdır.
“Dövlət bir partiyanın mülkü, imtiyazlı şəxslərin maraqlarını təmin edən vasitə olmayacaq. Hamımız birlikdə uğur qazanacağıq. Hamınıza güvənirəm”, - deyə Özəl vurğulayıb.