- “Bundan sonra bir daha düşünərlər”
“Əlbəttə ki, Azərbaycan prezidenti vurğunu bunun üzərinə etməklə, bəzi dairələrin bizim qələbəmizə ortaqolma cəhdlərinin üzərindən bir xətt çəkdi. Bilirsiniz ki, 44 günlük müharibə başa çatdıqdan sonra sağdan soldan müəyyən siyasi qüvvələr, hətta xarici ölkələrdə bizim bu qələbəmizə ortaq çıxmağa başladılar.
Halbuki o savaşda bir nəfər də olsun xarici ölkə vətəndaşı vuruşmamışdı. Yəni, orada şəhid olanlar da, müharibədə iştirak edənlərin hamısı da 100% Azərbaycan vətəndaşları idi. Üstəlik də Azərbaycan silah sursatı idi”.
Bu fikirləri Sherg.az-a siyasi şərhçi Azər Həsrət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının VIII Qurultayında 44 günlük Vətən müharibəsində qazanılan qələbənin yalnız Azərbaycan xalqı və dövlətinə mənsub olması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən söylədi. Siyasi şərhçi qeyd etdi ki, cənab Prezident reallığı bütün dünyaya çatdırdı: 
- Cənab prezident onun da üzərindən bir xətt çəkdi ki, biz pulumuzu verib, silah almışıq. Yəni, bir silah bazarı var, siz silahınızı, sursatınızı, texnikanızı satırsınız. Biz də pulunu verib almışıq, hətta bəzən bahasına, daha baha qiyməti almışıq. Bu o deməkdir ki Azərbaycanın qələbəsinə ortaq olmağa heç kimin haqqı yoxdur. Bu, Azərbaycan Prezidentinin məsələyə tam aydınlıq gətirməsi kimi dəyərləndirilməlidir. İkinci tərəfdən də, biz əlbəttə ki, qardaş Türkiyənin, Pakistanın, İsrailin, yaxud da yeri gələndə Belorusun belə rolunu kiçildə bilmərik. Onlar bizimlə tərəfdaş olublar, bizim haqlı davamızda, yanımızda olublar, özəlliklə də qardaş Türkiyə bütün mərhələlərdə yanımızda olub. Biz bunu həmişə istər prezident İlham Əliyevin dilindən, istərsə də bizim kimi ayrı-ayrı şəxslər vasitəsilə dilə gətirmişik, vurğulamışıq. Təşəkkür etmişik, bildirmişik ki, bəli, qardaş Türkiyə yanımızda olub, Pakistan yanımızda olub, İsrail yanımızda olub. Biz bunu həmişə deyirik. Amma təəssüflər olsun ki, özəlliklə də qardaş Türkiyənin içində ictimai rəydə yanlış fikir formalaşdırılıb, demə Qarabağı Türkiyə gəlib ermənilərin əlindən alıb Azərbaycana veribmiş. Bu qədər dayaz və bizi incidəcək, bizi narahat edəcək fikirləri tirajlamaqdadırlar. Ona görə cənab Prezident bunu açıq şəkildə dedi ki, biz heç kimin dəstəyi ilə iş görməmişik və heç kimin də himayəsinə ehtiyacımız yoxdur. Yəni bu işi buraya gətirənlər utansınlar əslində. Biz iki qardaş dövlət arasında belə müzakirələrin, belə söhbətlərin olmasını arzulamazdıq. Amma məcburiyyət qarşısında gerçəkləri dilə gətirməli oluruq. Olanda da bəzi adamlar inciyir, elə siyasilər də, dövlət adamları da, vətəndaş cəmiyyəti, jurnalistlər və s. Amma neynək, bizi məcbur edirsinizsə, biz də bunu demək məcburiyyətindəyik. Azərbaycan xalqının qələbəsində xalqın rolunu aşağılamaq, gözardı etmək doğru bir şey deyil. Bu qələbənin əlbəttə ki, müəllifi Azərbaycan xalqıdır və bu qələbənin başında Müzəffər Ali Baş Komandan İlham Əliyev gedir.
A.Həsrət qeyd etdi ki, qələbəyə möhürünü 3 minədək şəhidimiz, 44 günlük Vətən müharibəsindən sonraki əməliyyatlarda da yüzlərlə şəhidimiz vurub, qazilərimiz vurub. Onların içində bir nəfər də olsun xarici ölkə vətəndaşı yoxdur:
- Bəzən baxıram, Türkiyədən deyirlər ki, bizdən kimsə gəldi, orada iştirak etdi, nə bilim hansısa yönətimdə filan. Qardaşıq, bəs, necə olmalıdır?! Sabah irağ olsun, Türkiyə bir savaşa girərsə, məgər Azərbaycan onu meydanda tək qoyar? Əlbəttə, biz də bacardığımızı edəcəyik. Amma Türkiyə buna ehtiyac duyarsa edəcəyik. Azərbaycan da buna ehtiyac duyubsa, misal üçün, bir mütəxəssisi gətirib Bakıda oturtmaqla, yaxud da ki hansısa texnikanın idarə olunmasını öyrətmək üçün, bunlar normaldır. Buna görə də durub Qarabağ müharibəsinin nəticələrinə tam da sahiblənmək, Azərbaycan dövlətini, Azərbaycan xalqını yox saymaq, əlbəttə bizə çox ağır gəlir, hələ-hələ bunu qardaş ölkədən edirlərsə, xətrimizə əlbəttə dəyir. Ona görə cənab Prezident hamının yaxşı eşidə biləcəyi bir səslə və dildə bəyan etdi ki, o qələbədə bizim heç bir ortağımız yoxdur. Qarabağ qələbəsi Azərbaycan xalqının öz qələbəsidir. Düşünürəm ki, bundan sonra artıq Azərbaycanın Qarabağ qələbəsi ilə öz siyasi maraqları üçün manipulyasiya etmək istəyənlər bir daha düşünərlər.