Tramp inauqurasiya mərasimi üçün 250 milyon dollar toplayıb

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp bu gün baş tutacaq inauqurasiya mərasimi üçün rekord məbləğ - 250 milyon dollar vəsait toplayıb.
“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən ABC teleşirkəti məlumat yayıb.
Vəsait Trampın və onun vitse-prezidenti Ceyms Devid Vensin inauqurasiya komitəsi, eləcə də inauqurasiya tədbirlərinin keçirilməsi üçün vəsait toplayan digər iri təşkilatlar tərəfindən toplanıb. Respublikaçının 2017-ci ildə baş tutmuş əvvəlki inauqurasiyası cəmi 107 milyon dollar toplamışdı.
Mənbələrin məlumatına görə, Trampın inauqurasiya mərasimini iri texnoloji şirkətlər – “Meta”, “Apple”, “Amazon”, “Google”, “Microsoft”, “OpenAI” və “Uber” maliyyələşdirəcək. Mənbələr həmçinin kriptovalyuta sənayesinin əsas oyunçularının da maliyyə vəsaiti ayırdığını bildiriblər: “Ripple” 5 milyon dollar, “Robinhood” 2 milyon dollar, “Coinbase” 1 milyon dollar sərmayə qoyub.