20 Yanvar şəhidlərinin xatirəsi Strasburqda anılıb

Strasburqda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası (AŞ) yanında Daimi Nümayəndəliyində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsinin qanlı səhifəsi olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qanlı Yanvar hadisəsinin xalqımız üçün faciə olmaqla yanaşı, millətimizin qəhrəmanlığı, yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, 35 il keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayıb.

Daimi nümayəndə Azərbaycanın üzləşdiyi faciənin ertəsi günü Ulu Öndər Heydər Əliyevin SSRİ-nin paytaxtı Moskvada ədalətin təmin edilməsi üçün Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını qeyd edib.

F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan 20 Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sona çatdığını, xalqımız və ölkəmiz üçün artıq yeni dövrün başladığını diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Televiziyasının hazırladığı və Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Anım tədbirində Strasburqdakı diplomatlarımızla yanaşı bu şəhərdə yaşayan Azərbaycan icmasının üzvləri də iştirak ediblər.