Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı məlumat verib. O, iş adamları ilə görüşdə Türkiyə liderinin Xocalıya səfər edəcəyini vurğulayıb. Bağçı səfərin baş tutacağı dəqiq tarixi açıqlamayıb.
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfərinin həssas dövrə təsadüf edəcəyini vurğulayıb. O qeyd edib ki, Rusiya və İranın Azərbaycana qarşı təxribatlarını artırdıqları dövrdə ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırması vacibdir: “Türkiyə Cümhurbaşqanı Azərbaycana səfəri zamanı Xocalıya gedəcək. Bu, Ərdoğanın iştirakı ilə Şuşada Türkiyənin konsulluq xidmətinin açılması üçün yaxşı fürsətdir. Konsulluq üçün böyük bina tələb olunmur. Şuşada olduğum sırada orada müharibə zamanı zərər görməyən ikimərtəbəli evlər gördüm. Onlardan birinin konsulluq üçün münasib yer olacağı qənaətindəyəm. Yox əgər hazır məkan tapmaq mümkün deyilsə, konsulluq binasının təməlatma mərasiminin keçirilməsi də mümkündür.
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət edən və Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirən nazir müavini Mixail Qaluzin ötən ilin iyun ayında açıqlama vermişdi ki, Moskva və Bakı Rusiyanın Azərbaycanda Baş konsulluqlarının yaradılmasını müzakirə edir. Qaluzin Rusiyanın Xankəndidə konsulluq xidməti açmasını nəzərdə tuturdu. Təyyarə olayından sonra Xankəndidə Rusiyanın konsulluq xidmətinin açılması mümkün deyil. Bakıdakı “Rus evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidəki “konsulluq xidmətini” daha betərinə çevirər. Azərbaycan ərazisində Rusiyaya aid bu kimi mərkəzlərin sayı nə qədər az olarsa, bizim üçün milli və təhlükəsizlik baxımından bir o qədər faydalıdır”.
Politoloqun fikrincə, baş verənlər fonunda Türkiyə ilə ittifaq gücləndirilməli və Şuşada qardaş dövlətin konsulluq xidmətinin fəaliyyəti təmin edilməlidir. Bu, Azərbaycanın həm də Rusiya və İrandakı mərkəzlərə tutarlı cavabı olar.