İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov

“Azərbaycan rəhbərliyi məsuliyyət daşıyan qüvvələri ifşa etməlidir”

Martın 5-də İran ərazisindən idarə olunan pilotsuz uçuş aparatları (PUA) ilə Naxçıvanda mülki infrastruktura hücum edilib. Bir dron Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri Babək rayonundakı məktəb yaxınlığına düşüb. Hadisə nəticəsində hava limanına ziyan dəyib, 4 nəfər mülki şəxs xəsarət alıb.

İran ordusunun Baş Qərargahı isə Azərbaycana PUA atmadıqlarını iddia edib. Azərbaycan MN isə gün ərzində yaydığı ikinci açıqlamada İrandan aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzr istəməyi tələb edib.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a bildirib ki, Azərbaycan rəhbərliyi məsuliyyət daşıyan qüvvələri ifşa etməlidir:

“İranın hərbi və siyasi rəhbərliyi bəyan edib ki, Azərbaycanın ərazisini hədəf kimi görmür. Bu açıqlama gərginliyin azaldılması istiqamətində müəyyən siqnal kimi qiymətləndirilə bilər. Lakin məsələ hərbi mütəxəssislər tərəfindən ətraflı şəkildə araşdırılmalıdır.

Bir neçə media qurumuna verdiyim şərhlərdə də qeyd etmişdim ki, mövcud şəraitdə İranın Azərbaycan və Türkiyəyə qarşı silahlı hücum etməsi məntiqli görünmür. Çünki İranın vəziyyəti onsuz da son dərəcə gərgindir. Belə bir şəraitdə əlavə düşmənlər qazanmaq, əlbəttə ki, rasional addım olmazdı.

Bununla belə, bir məqamı da istisna etmək olmaz: İranın həm daxilində, həm də xaricində kifayət qədər anti-Azərbaycan dairələr mövcuddur. Bu dairələr əvvəllər də Azərbaycana qarşı müxtəlif təxribatçı fəaliyyətlər göstəriblər. Buna görə də Azərbaycan rəhbərliyi təmkinli mövqe nümayiş etdirməli, məsələni hərtərəfli araşdırmalı, məsuliyyət daşıyan qüvvələri ifşa etməli və onların cəzalandırılmasını təmin etməlidir”.

Yusif Sulatanoğlu