Qarşılıqlı razılaşmaya əsasən, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi Ermənistandan Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyət göstərəcək. Artıq tibbi ləvazimat, ərzaq məhsulları və digər humanitar yükləri Suriyaya aparan ilk 4 yük maşını Ermənistan-Türkiyə sərhəd məntəqəsindən keçib. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın çatdırılması üçün sərhədin müvəqqəti açılmasına görə Türkiyə hökumətinə təşəkkür edib. Qeyd edək ki, Türkiyə Kəlbəcərin işğalına etiraz əlaməti olaraq və Azərbaycana dəstək məqsədilə 1993-cü ildən sərhədləri bağlayıb. Bəs, iki ölkə arasındakı bu sərhəd məntəqəsi daimi açıla bilərmi?

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Türkiyə ilə Ermənistan arasında uzun zamandır danışıqlar davam edir.
Alim vurğulayıb ki, Türkiyənin mövqeyi, şərtləri, regiona baxışı bəllidir:
"Şuşa Bəyannaməsinin müddəaları, Türkiyə-Azərbaycan qardaşlığı ortadadır. Türkiyənin şərtləri bəllidir. Əgər söhbət sərhədlərin daimi açılmasından, normal münasibətlərdən gedirsə, mütləq mənada Azərbaycan-Ermənistan arasında sülh sazişi imzalanmalı və Bakının razı olacağı şərtlər qeyd-şərtsiz qəbul olunmalıdır. Sərhədlərin daimi açılması o halda mümkündür. Ermənistanın böyük ehtiyacı var. Onminlərlə erməni çörək qazanmaq üçün Türkiyə çalışır. Baxmayaraq ki, Ermənistan cəmiyyəti, müxtəlif təbəqələri anti-Türkiyə ritorikasını tərk etmək istəmirlər, qondarma "soyqırım" ədəbiyyatından vaz keçmirlər. Amma Türkiyə yenə humanist davranaraq ermənilərə imkan yaradır".
T.Nüsrətoğlu vurğulayıb ki, Türkiyənin kilid rola sahib olduğunu görürük:
"Ermənistanın həm ticari, iqtisadi inkişaf baxımdan, Avropa ilə inteqrasiya, regionda normal şəraitdə öz varlığını davam etdirməsi baxımından Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulması əsas şərtddir. Burada həm bilsin, həm də Türkiyənin şərti odur ki, Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı qanuni aktları aradan qaldırmalıdır. Ermənistan bu ziddiyyətli siyasətdən, həmlələrdən əl çəkməlidir. Ermənistan rəhbərliyinin 2020-ci ildən bu yana bir-birini təkzib edən açıqlamalarına baxsaq, görərik ki, İrəvan hökuməti əlindəki bütün imkanları tükədib. "Bəlkə də qaytardılar" fəlsəfəsini ön planda tutaraq revanşist mövqe sərgilədilər. Amma heç nəyə nail ola bilmədilər. Nəticələr ortadadır. Yardım məsələsi Ermənistanın Türkiyəyə yaxınlaşmaq cəhdidir. Suriyada Türkiyənin müstəsna xidmətləri var və orada hökumətin qurulmasında müstəsna rol oynayır. Bu mənada Ermənistan Suriyaya humanitar yardım göstərərək Türkiyəyə yaxın durmağa çalışır. Təbii ki, bu, müvəqqətidir. Türkiyənin şərtləri çox açıq-aydındır. Azərbaycan və Türkiyə liderləri regional və qlobal addımlarını birgə müzakirə və məsləhətləşmə şəraitində atırlar. Şərtlər qəbul olunacağı şəraitdə sülhü ən çox istəyən və ilk gündəmə gətirən məhz Azərbaycandır. Ermənistandan da bundan faydalanacaq".