Ukrayna Berlin kimi iki yerəmi bölünəcək?

Rusiya atəşkəsi qəbul etməkdə inadkarlıq göstərərkən, ABŞ Prezidenti Donald Trampın Kiyevdəki elçisi Ukraynanın İkinci Dünya Müharibəsindən sonra Berlinin bölünməsi kimi bir vəziyyətlə qarşı-qarşıya qala biləcəyini söyləyib.

Sherg.az xəbər verir ki, General Kit Kellog ölkənin nəzarət zonalarına bölünə biləcəyini, qərb hissədə “təhlükəsizlik gücü” çərçivəsində Britaniya və Fransa qüvvələrinin, şərqdə isə Moskvanın nəzarətindəki qüvvələrin yerləşə biləcəyini qeyd edib.

Kellog bu zonalar arasında Ukrayna qüvvələrinin yerləşəcəyi və bir hərbsizləşdirilmiş bölgənin yaradılacağını, lakin ABŞ-ın bu plan çərçivəsində quru qoşunları göndərməyəcəyini vurğulayıb.

Amerikalı elçi “The Times” qəzetinə verdiyi açıqlamada belə deyib:

“Demək olar ki, İkinci Dünya Müharibəsindən sonra Berlində olduğu kimi, bir rus bölgəsi, bir fransız bölgəsi və bir ingilis bölgəsi yaratmaq olar.”

Lakin Kellogg sonradan verdiyi açıqlamada "The Times" qəzetinin sözlərini təhrif etdiyini bildirib.

Sosial media hesabında paylaşım edən Kellog yazıb:

“Atəşkəsdən sonra Ukraynanın suverenliyini dəstəkləmək üçün davamlılığı təmin edəcək qüvvələrdən danışmışdım. Bölünmə məsələsini müzakirə edərkən, müttəfiq qüvvələrin məsuliyyət sahələrini və ya zonalarını nəzərdə tuturdum.”