Millət vəkili: Azərbaycan islamofobiyaya qarşı ən qətiyyətli mövqe göstərən ölkələrdən biridir

Azərbaycan, BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş islamofobiya ilə mübarizəyə dair qətnamələri dəstəkləyir və həmin sənədlərdə nəzərdə tutulan tədbirlərin dərhal həyata keçirilməsinə çağırır. Bu barədə Prezident İlham Əliyev “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətində bildirib. Prezident vurğulayıb ki, islamofobiya son zamanlar dünya miqyasında daha açıq və sistemli şəkildə özünü göstərməyə başlayıb. Artıq bu təhlükəli meyl təkcə ayrı-ayrı ölkələrlə məhdudlaşmır, bir çox regionlarda geniş yayılıb. İslama qarşı yönəlmiş nifrət, müsəlmanlara qarşı ayrı-seçkilik və dözümsüzlük sürətlə artır və vəziyyət daha ciddi hal almaqdadır. Prezident İlham Əliyevin islamofobiya ilə bağlı səsləndirdiyi fikirlər qlobal reallığı əks etdirir və bu məsələyə beynəlxalq səviyyədə daha ciddi yanaşma zərurətini ortaya qoyur. Bugünkü dünyada dini kimliyə görə ayrı-seçkilik və nifrət çağırışları yalnız ayrı-ayrı icmaları deyil, bütövlükdə cəmiyyətlərin birgəyaşayış modelini təhlükə altına alır. Xüsusilə islamofobiya kimi geniş yayılmış və sistematik hal alan neqativ tendensiyaya qarşı təkcə müsəlman ölkələri deyil, bütün beynəlxalq ictimaiyyət ortaq məsuliyyətlə yanaşmalıdır.  
Millət vəkili Sahib Alıyev Sherg.az-a bildirib ki, islamofobiya Asiyada Hindistan, Myanma kimi ölkələrlə yanaşı Qərbdə də geniş vüsət alıb. Və  bu, artıq ayrı-ayrı ksenofobiyaya, rasizmə yoluxan çevrələr arasında yayılmayıb, eyni zamanda dövlət siyasətinə çevrilib:
“Qərbdəki böyük dövlətlərin rəhbərləri multikulturalizmin özünü doğrultmadığını bildirirlər və onların bu bəyanatlarının arxasında əslində ilk növbədə islamofobiya dayanır. Belə fikir söyləyənlərdən biri də Fransa rəhbərliyi olub. Fransada 2021-ci ildə orada yaşayan və  Fransa vətəndaşı sayılan müsəlmanlara qarşı qəbul edilən qanunda açıq şəkildə islam separatizm ilə eyniləşdirilmişdi. Daha sonra qanunda müəyyən düzəlişlər olundu. Amma həmin onu oxuyan istənilən şəxs başa düşür ki, onun bütün maddəsindən islamofobiya tökülür. Cənab Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə islamofobiyanın yolverilməz olduğunu söyləyib. Azərbaycan islamofobiyaya qarşı mübarizə məsələsində müsəlman dövlətləri sırasında nəinki ən qətiyyətli və prinsipial mövqe  tutmasıyla fərqlənir, eyni zamanda bununla ən effektiv mübarizə aparan da bizim dövlətimizdir. Bir çox ölkələrinin liderləri susmağa üstünlük verdikləri halda Azərbaycan müsəlmanlara qarşı ayrı-seçkiliyin yörverilməzliyini ən yüksək səviyyədə sərt şəkildə tənqid edir və bunun arxasında kimlərin dayandığını da ad çəkməklə bildirir. Azərbaycanda multikulturalizm həm dövlət siyasəti, həm də həyat tərzi olması, bütün dinlərə eyni dərəcədə ehtiram göstərilməsi isə fikrimcə, islamofobiyaya qarşı ən təsirli mübarizədir. Xüsusilə də, Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti, Vatikanda  Müqəddəs Sebastian katakombalarının bərpası, ölkə daxilində xristan məbədlərinin bərpasında və inşasında oynadığı rol şübhəsiz ki, müsəlmanları xristan düşməni kimi tanıdanları silahsızlaşdırır. Digər müsəlman ölkələri də sözügedən məsələylə bağlı Azərbaycanın prinsipal mövqeyindən və təcrübəsindən çıxış etsələr, düşünürəm ki, bu, islamofobları xeyli dərəcədə cilovlayardı”.