"Bəlli olacaq ki, onun məqsədi heç də regionda sülhə nail olmaq yox, dəyişən regional reallıqlar fonunda vaxt qazanmaq və siyasi mövqeyini möhkəmləndirməkdir"
"İlanın ağına da, qarasına da lənət! İllah ki, onun da içərisində “Böyük Ermənistan” sevgisi var. Sadəcə olaraq digərlərindən fərqli olaraq maskalanmağı çox gözəl bacarır”
Ermənistanda keçirilən parlament seçkilərindən sonra yaranan siyasi vəziyyət regionda sülh gündəliyi ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Baş nazir Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətlər barədə açıqlamaları isə müxtəlif yanaşmalar doğurub.
AĞ Partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlamasında bu proseslərə ehtiyatlı yanaşmağın vacibliyini vurğulayıb və Paşinyanın real niyyətlərinin zamanla daha aydın görünəcəyini bildirib.
Ermənistanda keçirilən parlament seçkilərini ümumilikdə demokratik və rəqabətli bir proses kimi dəyərləndirən partiya sədrinin sözlərinə görə, həm kampaniya dövründə, həm də seçki günü namizədlər üçün geniş siyasi fəaliyyət imkanları yaradılıb: “Nikol Paşinyan şəhər və qəsəbələri qarış- qarış gəzib aktiv təşviqat aparıb, eyni zamanda rəqib siyasi qüvvələrə də bərabər şərait təmin olunub. Seçki prosesində ciddi qanun pozuntularına dair geniş və sistemli iddialar müşahidə edilməyib”.
Onun fikrincə, seçkilərin nəticəsi Ermənistan cəmiyyətində mövcud siyasi reallığın davam etdiyini, Paşinyanın qələbəsi isə erməni elektoratının ona olan etimadını qoruduğunu göstərir. T. Abbaslı bu dəstəyin səbəblərinin müxtəlif olduğunu vurğulayaraq bildirib ki, bir qisim seçici sülh və regional əməkdaşlıq gündəminə üstünlük verdiyi üçün, digər qisim isə əvvəlki “Qarabağ klanı” ilə assosiasiya olunan siyasi xəttdən uzaqlaşmaq və Rusiyadan asılılığın azaldılması kimi motivlərlə Paşinyana səs verib: “Nəticə etibarilə Paşinyan parlamentdə üstünlüyü təmin edərək hökuməti təkbaşına formalaşdırmaq imkanını saxlayır və bu, Ermənistanda yaxın dövrün siyasi trayektoriyasını müəyyən edən əsas faktor kimi çıxış edəcək. Lakin mən
Ermənistan Baş naziri ilə bağlı xüsusi ümidlər bəsləmirəm. Paşinyanın regionda sülh və qonşularla münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və səmimi siyasi kurs yürüdəcəyini də güman etmirəm. Paşinyanın prioriteti ilk mərhələdə Ermənistanın iqtisadi mövqelərini gücləndirmək, xarici investisiyalar cəlb etmək və paralel olaraq ordunun modernləşdirilməsi istiqamətində addımlar atmaq olacaq. Avropa və ABŞ ilə əlaqələrin dərinləşdirilməsi də bu strategiyanın tərkib hissəsi kimi çıxış edə bilər.
Ondan sonra Paşinyanın və onun ətrafının əsl siması ortaya çıxacaq ki, həqiqətənmi regionda sülhə nail olub, Azərbaycan və Türkiyə ilə əlaqələri möhkəmləndirməyə çalışırlar, yoxsa özlərini sülhpərvər kimi göstərib güclənmək üçün zaman mı qazanırlar.
Paşinyanın siyasi keçmişi və 44 günlük müharibə dövründəki ritorikası onun hazırkı “sülhpərvər” imicinə ehtiyatla yanaşmağı zəruri edir. Bu gün özünü sülh göyərçini kimi təqdim etməsinə baxmayaraq biz Şuşada yallı gedən, “Qarabağ Ermənistandır, nöqtə!” deyən, dinc şəhərlərimizin vurulması əmrini verən Paşinyanı da xatırlayırıq. Ona görə, insanlarımızın da Nikol Paşinyanla bağlı xüsusi eyforiyaya qapılmasının tərəfdarı deyiləm. Bu adam bizlə 44 gün müddətində müharibə aparmış və minlərlə insanımızın, gənclərimizin şəhid olmasına bais olmuş bir siyasətçidir. Yəni mənim üçün erməni siyasətçilərinin adlarının nə olmasının heç bir fərqi yoxdur. Hamısı eyni təfəkkürə və psixologiyaya malikdir.
Paşinyanın ilkin mərhələdə Rusiya təsirini zəiflətməyə və Qərbə inteqrasiyanı gücləndirməyə çalışacağını güman edirəm. Nə qədər nail olub olmayacağını isə zaman göstərəcək”.
T.Abbaslı sülh gündəliyi ilə bağlı mövqeyini sərt şəkildə ifadə edərək bildirib ki, Paşinyan üçün seçkidən əvvəlki dövrdə də sülh sazişini imzalamağa real maneə yox idi və o, baş nazir olaraq istədiyi vaxt bu addımı ata bilərdi. Onun sözlərinə görə, Paşinyan məğlub tərəfin rəhbəri olmasına baxmayaraq, qalib ölkəyə qarşı müxtəlif siyasi şərtlər irəli sürməklə prosesi uzadıb:
“İrəli sürdükləri şərtlər həyata keçirilməyənə qədər Paşinyanın sülh sazişi imzalayacağına inanmıram.
Bizim şərtlərimizə gəldikdə isə Paşinyanın Konstitutsiya dəyişikliyini edəcəyi, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılacağı ilə bağlı dediklərinin səmimiyyətinə inanmıram.
Ermənistan tərəfinin Azərbaycana qarşı konstitusion səviyyədə müəyyən tələblər irəli sürməsini unutmayaq. Azərbaycanın Konstitusiyada özünü 1918-ci ildə yaranmş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi onları narahat edir. Guya ki, Azərbaycan bu varislik prinsipinə görə, Ermənistanın suveren ərazisinin "bir hissəsinə iddia edir".
Bütün bunlar fonunda mənə elə gəlir ki, 5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik. Bəlli olacaq ki, onun məqsədi heç də regionda sülhə nail olmaq yox, dəyişən regional reallıqlar fonunda vaxt qazanmaq və siyasi mövqeyini möhkəmləndirməkdir.
Məntiqlə düşünsək, 44 günlük müharibədə Kapitulyasiya aktına imza atmasına rəğmən Paşinyan qalib gəldisə, demək ki seçkilərdən əvvəl sülh sazişini imzalamaq da onun qalibiyyəti üçün bir maneə deyildi.
Paşinyan siyasi manevr edir. Buna görə də onu digər revanşist ermənilərlə Paşinyanın tərəzinin ayrı gözünə qoymuram. İlanın ağına da, qarasına da lənət! İllah ki, onun da içərisində “Böyük Ermənistan” sevgisi var. Sadəcə olaraq digərlərindən fərqli olaraq maskalanmağı çox gözəl bacarır”.