ABŞ Azərbaycan-Ermənistan sülh prosesində fəallaşır - TƏHLİL

Vensin Bakı səfəri ABŞ-nin Cənubi Qafqazda yeni mərhələyə start verdiyini göstərdi

ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri regionda geosiyasi vəziyyətin dəyişdiyi bir dövrdə baş tutub. Azərbaycan və Ermənistana edilən bu səfər və Bakıda imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” Vaşinqtonun bölgədə iştirakını davam etdirmək niyyətini göstərir. 44 günlük müharibədən sonra yaranan yeni siyasi və təhlükəsizlik mühiti fonunda ABŞ-nin proseslərdə aktiv rol almağa çalışması regiondakı güc balansına təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

ABŞ vitse-prezidenti Ceyms Devid Vens səfəri sosial şəbəkə hesabında “Ermənistan və Azərbaycana sülh naminə tarixi səfər” kimi təqdim edib. O bunun ABŞ prezidentinin xarici siyasət kursunun tərkib hissəsi olduğunu qeyd edib.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında ABŞ vitse-prezidenti Vensin səfərinin Cənubi Qafqazın geosiyasi dinamikası baxımından əhəmiyyətli mərhələ olduğunu deyib:

"Devid Vensin Azərbaycan və Ermənistana səfəri, Bakıda “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması Vaşinqtonun regiona münasibətdə daha sistemli və institusional yanaşmaya keçdiyini göstərən siqnaldır.

İlk növbədə, səfərin “sülh naminə tarixi səfər” kimi təqdim edilməsi diqqət çəkir. Bu ifadə ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində rol almaq niyyətini açıq şəkildə ortaya qoyur. Vaşinqton uzun illər ATƏT-nin Minsk qrupu çərçivəsində vasitəçi kimi çıxış etsə də, 44 günlük müharibədən sonra regionda vasitəçilik balansı dəyişdi. Rusiya və qismən Avropa İttifaqı daha fəal göründü. Lakin Trampın hakimiyyətə qayıdışı ilə ABŞ prosesdən kənarda qalmaq istəmədiyini nümayiş etdirdi. 8 Avqust Vaşinqton görüşü, indi də ABŞ vitse-prezidentinin regiona səfəri Vaşinqtonun yeni mərhələdə siyasi təsirini artırmağa çalışdığını göstərir".

Politoloq Strateji Tərəfdaşlıq Xartiyasının mühim sənəd olduğunu vurğulayıb: 

"Bu sənəd hüquqi baxımdan hərbi ittifaq anlamına gəlməsə də, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. ABŞ üçün Azərbaycan regionda enerji təhlükəsizliyi, Orta Dəhliz layihəsi və Mərkəzi Asiya ilə bağlantı baxımından vacib aktordur. Xüsusilə Avropanın Rusiya qazından asılılığını azaltmağa çalışdığı bir dövrdə Azərbaycanın enerji resursları və tranzit imkanları Vaşinqtonun strateji hesablamalarında mühüm yer tutur.

Eyni zamanda, ABŞ-nin həm İrəvan, həm də Bakı ilə paralel təmas qurması balans siyasətinə işarədir. Ermənistan son illərdə təhlükəsizlik baxımından Rusiyadan kənarlaşmağa və Qərbə yaxınlaşmağa çalışır. Bu fonda Vaşinqton üçün hər iki paytaxtla əlaqələri genişləndirmək regionda nüfuz uğrunda rəqabətdə üstünlük qazanmaq vasitəsidir. ABŞ beləliklə həm sülh prosesində iştirakçı, həm də təhlükəsizlik arxitekturasının mümkün qurucularından biri olmaq istəyir".

Analitik Vensin paylaşımında Prezident Trampın xarici siyasət xəttinə istinad edilməsinin daxili siyasi mesaj xarakteri daşıdığını bildirib:

"Bu, administrasiyanın Cənubi Qafqaz siyasətini strateji prioritet kimi təqdim etməsi və bunu vahid komanda mövqeyi kimi göstərməsi deməkdir. ABŞ daxilində seçki və ya siyasi müzakirə mühitində xarici siyasət uğurları tez-tez administrasiyanın effektivliyinin göstəricisi kimi təqdim olunur.

Bununla yanaşı, bu addımın regional reaksiyaları da nəzərə alınmalıdır. Rusiya Cənubi Qafqazı öz ənənəvi təsir zonası hesab edir. ABŞ-nin fəallaşmasını Moskva diqqətlə izləyəcək. İran da regiondakı geosiyasi dəyişikliklərə həssas yanaşır. Deməli, Vaşinqtonun artan iştirakı yalnız ikitərəfli münasibətlər deyil, daha geniş güc balansı kontekstində qiymətləndirilməlidir".

Müsahibimiz qeyd edib ki, Vensin səfəri və imzalanan Xartiya ABŞ-nin Cənubi Qafqazda daha fəal və institusional mövqe tutmaq niyyətinin göstəricisidir: 

"Bu, həm sülh prosesinə dəstək, həm enerji və nəqliyyat layihələrində iştirak, həm də geosiyasi təsir imkanlarının genişləndirilməsi məqsədlərini ehtiva edir".