ABŞ-dən Türkiyəyə NATO tərifi: “Möhtəşəm müttəfiq və yaxşı dostdur”

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Türkiyənin Alyansdakı strateji rolunu və müdafiə sənayesinin imkanlarını yüksək qiymətləndirib. O, Türkiyəni “möhtəşəm müttəfiq və yaxşı dost” adlandırıb.

Sherg.az xəbər verir ki, Uitaker Türkiyənin NATO-nun cənub-şərq cinahında mühüm ərazini qoruduğunu, güclü orduya və Alyansın ehtiyac duyduğu hərbi texnika, sursat və digər vasitələri istehsal edə bilən inkişaf etmiş müdafiə sənayesinə malik olduğunu bildirib.

ABŞ rəsmisi Türkiyəni NATO-nun ən güclü ordularından birinə sahib ölkə kimi qiymətləndirərək, Ankaranın Alyans daxilində çox fəal çalışdığını vurğulayıb.

Uitaker həmçinin ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi münasibətlərin Ankara-Vaşinqton əlaqələri baxımından mühüm rol oynadığını deyib.

NATO-nun yeni mərhələsini “NATO 3.0” adlandıran Uitaker, Ankarada keçirilən son NATO sammitində müttəfiqlərin müdafiə xərclərinin artırılması ilə bağlı ilk hesabatın təqdim edildiyini və nəticələrin yaxşı olduğunu qeyd edib.