"İran daxili siyasətində daha sərt inkişafların baş verməsi ehtimalı yüksəkdir. Bu halda islahatçı, proqramatik xətt geri plana keçəcək"
İranın daxili siyasi mühiti uzun müddətdir ki, müxtəlif ideoloji və praqmatik yanaşmaların toqquşduğu sahəyə çevrilib. Bu fərqli yanaşmalar ölkə siyasətində aydın şəkildə hiss olunur. Xüsusilə nüvə proqramı ətrafında gedən müzakirələr bu fərqləri daha da qabardır.
Bir tərəfdə daha çevik və beynəlxalq reallıqları nəzərə alan yanaşma var. Digər tərəfdə isə bu yanaşmanı strateji zəiflik sayan və sərt mövqeni üstün tutan qüvvələr dayanır. Bu hadisələrin fonunda Qalibafla bağlı yayılan xəbər diqqət mərkəzinə gəldi. Lakin İran İslam Şurası Məclisinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi bir müddət əvvəl Məhəmməd Baqir Qalibafın istefası ilə bağlı yayılan xəbərləri təkzib etdi. Qurumun yaydığı açıqlamada bildirilib ki, Qalibaf heç bir vəzifəsindən istefa verməyib.
Açıqlamada qeyd olundu ki, yeni danışıqlar mərhələsi müəyyən edilməyib ki, həmin prosesdə onun və ya başqa bir şəxsin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi müzakirə olunsun. Bildirildi ki, Qalibaf hazırda fəaliyyətini ciddi şəkildə davam etdirir.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a İran daxilində güc mübarizəsi yaşadığını söyləyib:
"Məhəmməd Baqir Qalibaf daha praqmatik, balanslı fiqur kimi görülərkən, İranda daha sərt xəttdə olan və inqilabi qanad kimi tanınan kəsim danışıqlar tonunu nəzarətdə saxlamaq istəyir. Nüvə dosyası ilə bağlı gərginlik mövcuddur və ABŞ ilə İran arasında aparılan danışıqlarda nüvə proqramının əhatə dairəsi məsələsində İran daxilində ciddi fikir ayrılığının olması güclü ehtimal kimi qiymətləndirilir.
Sərt qanad kimi xarakterizə olunan kəsimin nüvə məsələsində güzəştə getməyə qarşı olduğu şübhəsizdir. Çünki nüvə məsələsi İran üçün gələcəkdə mühüm güc mərkəzi və önəmli alət kimi qəbul edilir. Bu səbəbdən nüvə mövzusunda heç vaxt güzəşt edilməməli olduğunu müdafiə edən tərəfin mövcud olduğu məlumdur. Eyni zamanda İran daxilində sərtlik tərəfdarları ilə mülayim kəsim kimi tanınan qruplar hazırda müharibə səbəbilə bir-biri ilə yaxın münasibətdə və vahid mövqe şəklində müdafiə və əməkdaşlıq edirlər. Lakin daxildə öz aralarında mübarizə apardıqları da güclü ehtimal kimi qiymətləndirilir.
Bu səbəbdən yekun qərarın Ayətullah və dini lider olaraq Müctəba Xamenei və onun ətrafının verməsi gözlənilir. Qalibafın yanaşması bu xətlərlə tam üst-üstə düşməyə bilər. Yəni hazırda Müctəba Xamenei və İnqilab Keşikçiləri İran üçün daha təsirli və qərarvermə mexanizmində daha güclü mövqedədirlər".
Analitik qeyd edib ki, Səid Cəlili keçmişdə nüvə danışıqlarında daha sərt və ideoloji xətt yürütmüşdü:
"Onun hakimiyyətə gəlməsi daha az güzəşt, daha uzun və çətin danışıqlar prosesi deməkdir. Mümkün inkişaflara görə İran-ABŞ danışıqlarının daha da çətin və gərgin keçəcəyi anlaşılır.
ABŞ ilə İran arasında yaxın zamanda sürətli razılaşma ehtimalı azalacaqdır. Bu isə ikitərəfli danışıqlar prosesinin uzanmasına, razılaşma ehtimalları üzərində qarşılıqlı tələblərin dalana dirənməsinə və tıxanma riskinin artmasına səbəb olacaq. Texniki danışıqlar daha siyasi xarakter alacaq.
İran daxili siyasətində daha sərt inkişafların baş verməsi ehtimalı yüksəkdir. Bu halda islahatçı, proqramatik xətt geri plana keçəcək. Bu inkişaflar nəzərə alındıqda, iddia edilən proseslər baş versə, İranın danışıqlara tamamilə qapanmayacaq, amma daha sərt şərtlərlə bazarlıq aparmaq istəyəcək. Bu vəziyyət razılaşmanı çətinləşdirəcək və prosesi uzadacaqdır".
Politoloq bildirib ki, ABŞ İran qarşısında uğur qazana bilmir:
"Bu, onu sübut edir ki, sərt xətt tərəfdarları prosesi və gələcəyi öz xeyirlərinə olacaq şəkildə planlaşdırmaq istəyirlər".