“22 iyul tarixində Şərq vaxtı ilə saat 22:30-da ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri ardıcıl 12-ci gecə İrana qarşı növbəti hücumu başa çatdırdı”.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının “X” hesabında məlumat verilib.
Məlumatda ABŞ qüvvələrinin İranın hərbi hədəflərinə, o cümlədən dəniz hərbi imkanlarına, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara, sahil müşahidə məntəqələrinə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirdiyi və bu zərbələrin İranın mülki dənizçilərə və kommersiya gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətdiyi bildirilib.
Məlumatda o cümlədən bu ay ABŞ qüvvələrinin İrana qarşı dənizdə blokadanı bərpa edərkən quruda onlarla İran hərbi obyektini hədəfə aldığı bildirilib.
Bildirilib ki, bu günə qədər CENTCOM gəmilərin İran limanlarına girməsinin və ya çıxmasının qarşısını almaq üçün doqquz ticarət gəmisini yönləndirib və birini sıradan çıxarıb.
CENTCOM-un açıqlamasında Yaxın Şərqdə 50000-dən çox ABŞ hərbçisinin fəaliyyət göstərdiyi və yüksək ayıq-sayıq, diqqətli, ölümcül və hazır vəziyyətdə qaldığı deyilir.