- "Bu kontekstdə sionist lobbilər Trampa hətta yeni bir tələ qurmaq istəyə bilərlər"
Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında yaşanan gərginlik yeni diplomatik mərhələyə qədəm qoyub. Atəşkəs, nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında aparılan danışıqlar tərəflərin siyasi və iqtisadi reallıqları nəzərə alaraq müəyyən kompromislərə getdiyini göstərir.
Formalaşan yeni geosiyasi mənzərə təkcə İran-ABŞ münasibətlərinə deyil, həm də ABŞ-İsrail əlaqələrinin gələcək istiqamətinə və regionun təhlükəsizlik arxitekturasına əhəmiyyətli təsir göstərə bilər.
- Beynəlxalq Münasibətlər və Siyasət üzrə mütəxəssis Dr.Ufuk Necat Taşçı Sherg.az-a üç dövlət arasındakı münasibətlərdən danışıb:
"Tramp prosesin əvvəlində 440 kiloqramlıq, 60 faiz və daha yüksək səviyyədə zənginləşdirilmiş uranı məhv edəcəklərini və ya xüsusi əməliyyat keçirəcəklərini bəyan etdi. Lakin hazırda razılaşmaya görə o, uranın İran daxilində beynəlxalq mexanizm vasitəsilə seyrəldilməsinə razı görünür. İranın xarici işlər naziri Əraqçi də bu istiqamətdə açıqlamalar verib. Trampın hazırda nəzərdə tutduğu giriş imkanının da bunun olduğunu düşünürəm. Göründüyü qədərilə nüvə silahı hazırlamamaqla bağlı proses var. Lakin nəzarət edildiyi müddətcə İranın mülki məqsədli nüvə istifadəsinə müdaxilə edilməyəcək. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də İran əməkdaşlıq etdiyi müddətdə bir çox sanksiyalardan xilas ola biləcəyini və ABŞ-İran münasibətlərinin daha yaxşı ola biləcəyini bildirib".
Analitik bildirib ki, cümə günü Cenevrədə imzalanacaq mətn rəsmi atəşkəs mətnidir:
"Daimi sülh üçün isə 60 günlük proses var. ABŞ və İran nüvə məsələsi də daxil olmaqla müəyyən mövzularda şifahi şəkildə razılığa gəlməsəydilər, bu prosesi görməzdik. İran hər nə qədər öz daxilində bazasını konsolidasiya etsə də, iqtisadi cəhətdən çətin vəziyyətdədir. Beynəlxalq Valyuta Fondu (IMF) və müxtəlif düşüncə mərkəzləri hesab edir ki, İran iqtisadi baxımdan müharibənin vurduğu zərəri ən azı 10-15 ildə aradan qaldıra bilər. Bəzi qurumlar isə bunun 25 ilə qədər uzana biləcəyini bildirirlər. ABŞ-nin İrana qarşı hücumları planlaşdırdığı kimi getmədi. Vaşinqton Yaxın Şərqdə İsrailə görə çox ağır bir bədəl ödəmək üzrə idi. Lakin İranda da iqtisadi problemlər var. Yenə də İranda Paydari Cəbhəsi razılaşmanı çox ciddi şəkildə tənqid edir. Ötən günlərdə Müctəba Xameneinin çıxışını nəzarət etdikləri media orqanlarında yayımlamadılar. Buna görə də İran da müəyyən şəkildə razılaşma əldə etmək məcburiyyətindədir".
Ekspertin sözlərinə görə bu prosesin ən böyük məğlubu soyqırımçı İsrail hökumətidir:
"İsrail prosesi pozmağa çalışa bilər. Trampın İranla razılaşa bildiyi, lakin İsraillə razılığa gələ bilmədiyi çox maraqlı tarixi dövrdən keçirik. Bu baxımdan, atəşkəs prosesi sülh sazişinə çevrilsin və ya çevrilməsin, orta müddətli perspektivdə ABŞ-İsrail münasibətlərində də yenidən tənzimlənmə (rekalibrasiya) prosesi gözlənilə bilər.
ABŞ-nin İran müharibəsi prosesində istifadə etdiyi hərbi sursatları və raketləri yenidən ehtiyatlara daxil etməsi bir neçə il çəkəcək. Siyasi baxımdan ABŞ-yə olan etimad da sarsılıb. Buna görə də mümkün qədər tez Qərb yarımkürəsinə çəkilərək Yaxın Şərqi siyasi baxımdan yenidən formalaşdırmaq, daha sonra isə Asiya-Sakit Okean regionuna yönəlmək istəyən ABŞ var".
Müsahibimiz qeyd edib ki, hazırda ABŞ-nin ən böyük problemi İrandan daha çox İsrail olacaq:
"Bu kontekstdə sionist lobbilər Trampa hətta yeni bir tələ qurmaq istəyə bilərlər".