ABŞ-nin İrana zərbələri nəticəsində ata, ana və azyaşlı uşaq həlak olub

ABŞ-nin İranın Keşm adasında yerləşən yaşayış evinə endirdiyi zərbə nəticəsində üç nəfər – ata, ana və azyaşlı uşaq həlak olub.

Sherg.az xəbər verir ki, məlumata görə, dağıntılar altından valideynlər və uşağın meyiti çıxarılıb. "Al Mayadeen" telekanalının məlumatına əsasən, hadisə zamanı daha iki uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Yerli hakimiyyət axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını açıqlayıb.

Xatırladaq ki, ABŞ daha əvvəl İranın müxtəlif bölgələrinə, o cümlədən Keşm adasına bir sıra hava zərbələri endirmişdi. Vaşinqton bu əməliyyatların Hörmüz boğazında kommersiya gəmilərinə qarşı İranın hərəkətlərinə cavab olaraq həyata keçirildiyini bildirib.

İran isə buna cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına zərbələr endirib və Vaşinqtonu atəşkəs razılaşmasını pozmaqda ittiham edib.

İyulun 25-də "Axios" nəşri ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələrin dayandırılması barədə göstəriş verdiyini yazıb. Ertəsi gün İran ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ hücumlarının dayanmasından sonra İran Silahlı Qüvvələrinin də cavab zərbələrini dayandırdığını bəyan edib. Buna baxmayaraq, bölgədə gərginlik hələ də davam edir.