- “Söhbət tükənmədən getmir, bu, informasiya müharibəsidir”
Son günlər ABŞ-ın silah və sursat ehtiyatlarının azalması ilə bağlı müzakirələr beynəlxalq medianın əsas gündəm mövzularından birinə çevrilib. Reuters, The Washington Post və Bloomberg kimi aparıcı media qurumları bu məsələ ilə bağlı ardıcıl məqalələr dərc edir, hərbi ekspertlər və siyasi şərhçilər isə ABŞ-ın mövcud hərbi ehtiyatları və istehsal imkanlarını təhlil edirlər.
Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yayımladığı açıqlamada ABŞ-ın silah ehtiyatlarının kifayət qədər olduğunu, ölkənin müdafiə sənayesinin intensiv fəaliyyət göstərdiyini və yeni istehsal güclərinin yaradıldığını bildirib. O, silah çatışmazlığı ilə bağlı iddiaları təkzib edib.
Bununla yanaşı, Tramp "Real America's Voice" kanalına müsahibəsində ABŞ-da bəzi sursat ehtiyatlarının azalmasının əsas səbəblərindən birinin Co Bayden administrasiyasının Ukraynaya böyük həcmdə hərbi yardım göndərməsi olduğunu iddia edib. Onun sözlərinə görə, Bayden dövründə Ukraynaya yüz milyardlarla dollar dəyərində silah və sursat verilib, hazırkı administrasiya isə fərqli model tətbiq edir: ABŞ silahları birbaşa Ukraynaya deyil, Avropa ölkələrinə satır, həmin ölkələr isə onları sonradan Kiyevə ötürür.
ABŞ-ın silah və sursat ehtiyatları ilə bağlı səsləndirilən narahatlıqlar nə dərəcədə əsaslıdır? Doğrudanmı Ukraynaya uzunmüddətli hərbi yardım ABŞ-ın strateji ehtiyatlarına ciddi təsir göstərib, yoxsa burada son aylarda Yaxın Şərqdə artan hərbi əməliyyatlar, istehsal imkanları və digər amillər də həlledici rol oynayır?
Mövzunun kifayət qədər aktual olduğunu vurğulayan hərbi ekspert Ramil Məmmədli Sherg.az-a bildirib ki, bu məsələ yalnız ABŞ-a aid deyil. Eyni vəziyyət Avropa ölkələri də daxil olmaqla, Ukraynaya hərbi dəstək göstərən bütün Qərb dövlətlərinə şamil olunur: 
“Məsələ ondadır ki, uzun illər ərzində formalaşdırılmış silah və sursat ehtiyatlarının əhəmiyyətli hissəsi qısa müddət ərzində Ukraynaya göndərildi. Nəticədə bəzi ölkələrin anbar ehtiyatları nəzərəçarpacaq dərəcədə azaldı. Bu, həmin dövlətlərin silah istehsal imkanlarının məhdud olması ilə bağlıdır. Hər bir ölkənin müdafiə sənayesinin müəyyən illik istehsal gücü var. Məsələn, ABŞ ildə müəyyən sayda "Javelin" tank əleyhinə raket kompleksi və ya "Stinger" daşınan hava hücumundan müdafiə sistemi istehsal edir. Bu silahlar illər ərzində ehtiyat kimi toplanır. Lakin qısa müddətdə onların böyük hissəsi Ukraynaya göndərildikdə, anbarlardakı mövcud ehtiyatlar azalır və həmin boşluğu dərhal doldurmaq mümkün olmur. Çünki istehsal gücü əvvəlcədən müəyyən olunub və onu qısa zamanda bir neçə dəfə artırmaq asan deyil.
Məhz buna görə müharibənin ilk iki-üç ilində ABŞ və Avropa ölkələrinin bəzi silah və sursat ehtiyatlarında azalma müşahidə olundu. Bu fakt həm rəsmi açıqlamalarda, həm də beynəlxalq hesabatlarda öz əksini tapıb.
Lakin bu vəziyyət ABŞ-ın və ya NATO ölkələrinin silahsız qalması anlamına gəlmir. Belə iddialar reallığı əks etdirmir. ABŞ Ukraynaya əsasən yerüstü əməliyyatlarda istifadə olunan silahlar, hava hücumundan müdafiə vasitələri, antidron sistemləri və müxtəlif növ sursatlar göndərib. Bununla yanaşı, Vaşinqton özünün ən strateji və çəkindirici hərbi potensialını, xüsusilə strateji silah sistemlərini Ukraynaya verməyib. Bu səbəbdən ABŞ-ın milli təhlükəsizliyi və müdafiə qabiliyyəti baxımından hər hansı kritik zəifləmədən danışmaq doğru deyil. Burada söhbət daha çox müəyyən silah kateqoriyaları üzrə ehtiyatların azalmasından və müdafiə sənayesinin həmin ehtiyatları yenidən bərpa etmək üçün əlavə vaxta ehtiyac duymasından gedir”.
R. Məmmədli bu iddiaları daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi dəyərləndirib: “Oxşar yanaşmalar Ukrayna müharibəsinin ilk mərhələlərində Rusiya ilə bağlı da səsləndirilirdi. Həmin dövrdə tez-tez Rusiyanın qısa müddətdə silah və sursat ehtiyatlarının tükənəcəyi, hərbi əməliyyatları davam etdirmək imkanlarını itirəcəyi iddia olunurdu. Lakin sonrakı hadisələr göstərdi ki, bu proqnozlar tam şəkildə özünü doğrultmadı. ABŞ dünyanın ən böyük müdafiə sənayesi komplekslərindən birinə malikdir. Bundan əlavə, Amerika ordusunun təchizatında yalnız ölkə daxilində fəaliyyət göstərən müəssisələr deyil, müttəfiq dövlətlərdə yerləşən çoxsaylı müdafiə sənayesi şirkətləri də iştirak edir. Bu baxımdan ABŞ-ın hərbi istehsal və təchizat zənciri kifayət qədər geniş və dayanıqlıdır.
Ona görə də ABŞ-ın silah ehtiyatlarının tam tükəndiyi və ya ölkənin hərbi imkanlarının ciddi şəkildə zəiflədiyi barədə iddialar reallığı tam əks etdirmir. Burada daha çox daxili siyasi mübarizənin və informasiya savaşının təsiri hiss olunur. Belə bəyanatların bir hissəsi ABŞ daxilində siyasi rəqabətin elementidir. Donald Trampın komandası Ukraynaya ayrılan hərbi yardımları əvvəlki administrasiyanın siyasətinin nəticəsi kimi təqdim edərək onu tənqid edir. Digər siyasi qüvvələr isə bu mövzudan fərqli məqsədlərlə istifadə edirlər. Seçki prosesləri yaxınlaşdıqca bu cür qarşılıqlı ittihamların və informasiya mübarizəsinin daha da intensivləşməsi gözləniləndir. Eyni zamanda, ABŞ-a qarşı mövqe tutan qüvvələr də bu müzakirələrdən öz təbliğat məqsədləri üçün yararlanmağa çalışırlar”.