- Tehran Hörmüz boğazı kartını işə salacaq, neft bahalaşacaq
ABŞ İrana qarşı müharibəni iqtisadi təzyiq vasitəsilə davam etdirməyə başlayıb. Maliyyə naiziri Skott Bessent bu günki açıqlamasında, ən böyük maliyyə əməliyyatının başladığını elan edib.
İranın hərbi zavodlarının demək olar ki, hamısını və nüvə proqramını məhv etdiklərini iddia edən Bessent, hazırda müharibənin son mərhələsinə daxil olunduqlarını açıqlayıb. Vaşinqtonun başlatdığı iqtisadi təcrid kampaniyasının əsas hədəfi, Tehrandakı rejimi qidalandıran bütün maliyyə arteriyalarını kəsməkdir. Qeyd edək ki, İran iqtisadiyyatı uzun illərdir beynəlxalq sanksiyaların ağır yükü altında çətinlik çəkir. Rəsmi statistikaya əsasən, 2026-cı ilin fevral ayınadək əsas ehtiyacların qiyməti 60 faiz, ərzaq məhsulları isə iki dəfə bahalaşıb.
Bəs ABŞ-nin İranı iqtisadi blokadaya almaq cəhdi, gözlənilən nəticəni verəcəkmi?
Məsələni Sherg.az-a şərh edən professor, siyasi şərhçi Ali Satan ABŞ-nin iqtisadi təzyiq siyasətini “sudan məhrum olan balığın son çırpıntıları” kimi qiymətləndirib:
"İran 47 ildir ki, sanksiyalar altında yaşayır. Xalq sanksiyalar ucbatından hər növ məhrumiyyətə müqavimət göstərir. ABŞ iqtisadi təcrid kampaniya ilə İranı ağır vəziyyətə salmaq və öz şərtlərini diktə edərək, qarşı tərəfi güzəştə məcbur etmək niyyətindədir. Lakin iqtisadi blokada Tehranda gözlənilən rejim dəyişikliyinə səbəb olmayacaq. Əksinə, ağ bayraq qaldırmaq niyyətində olmayan İran hakimiyyətinin mövqelərini daha da sərtləşdirəcək və cəmiyyətin rejim ətrafında daha sıx birləşməsinə zəmin yaradacaq. Şübhəsiz ki, İran ABŞ-nin sanksiyalarına cavab olaraq əlindəki ən böyük strateji rıçaq olan Hörmüz boğazı kartını dövriyyəyə buraxacaq. Bununla da dünya bazarında neft qiymətlərinin yüksəlməsinə şahid olacağıq. ABŞ-nin başlatdığı iqtisadi müharibənin görünən üzü ilə yanaşı, pərdəarxası məqamları da var. Yəni, İran-ABŞ qarşıdurmasında neft qiymətlərinin qalxmasından mənfəət götürən lobbilər olduğu kimi, neft ucuzlaşdıqda qızılın bahalaşmasından gəlir əldə edən maliyyə mərkəzləri də mövcuddur”.
Analitikin fikrincə, mövcud prosesləri dəyərləndirərkən, “neft-qızıl bazarının oyunçuları” amilini də nəzərə almaq lazımdır:
“Yeni sanksiyalar, İranla ticarət edən üçüncü ölkələri də hədəf alacaq. Burada əsas oxun Çinə yönəldiyi aydın görünür. Lakin ABŞ-nin qərarverici dairələri anlamalıdırlar ki, bu həmlə təkcə ABŞ-Çin münasibətlərinə deyil, İranla ticarət edən bütün dövlətlərin Vaşinqtonla əlaqələrinə son dərəcə mənfi təsir göstərəcək. Bir sözlə, Vaşinqtonun başlatdığı iqtisadi müharibə İrandan daha çox ABŞ-nin öz maraqlarına və geostrateji mövqeyinə zərbə vuracaq".