Ağ Evdə keçirilən kritik toplantıdan sızan İran təklifi Vaşinqtonda ciddi qarışıqlıq yaradıb. Diqqətlər Trampın verəcəyi qərara yönəlib, kulislərdə isə gərginlik artmaqdadır. Sherg.az təfərrüatları təqdim edir...
ABŞ mətbuatının - "The New York Times" nəşrinin danışıqlar barədə məlumatlı, adının açıqlanmasını istəməyən mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evin “Situation Room”unda keçirilən yüksək səviyyəli iclasda İranın Hörmüz boğazı ilə bağlı planı barədə məlumatlandırılıb. Təklif müzakirəyə çıxarılsa da, Vaşinqtonda əsas sual dəyişməz qalıb: Tramp nə deyəcək?
Qəzetə danışan bir sıra ABŞ və İran rəsmiləri bildiriblər ki, təklifdə İranın nüvə proqramı ilə bağlı konkret addımlar nəzərdə tutulmayıb. Tehran rəhbərliyi daha əvvəl də beynəlxalq hüquqa əsasən uranı zənginləşdirmək hüququna malik olduğunu vurğulayaraq, ABŞ-nin bu fəaliyyətləri tam dayandırmaq çağırışlarını rədd edib və əlindəki zənginləşdirilmiş uranı təhvil verməyə razı olmayıb.

“Qələbədən imtina”
Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisinə görə, bu təklifin qəbul edilməsi Tramp üçün ictimaiyyət qarşısında “qələbədən imtina” kimi qiymətləndirilə bilər. Bu isə Ağ Ev daxilində hesablamaları daha da mürəkkəbləşdirir.
“Qırmızı xətlərimiz aydındır”
Ağ Ev sözçüsünün müavini Olivia Vales isə bildirib:
“ABŞ mətbuat vasitəsilə danışıqlar aparmır. Qırmızı xətlərimiz aydındır. Prezident yalnız Amerika xalqı və dünya üçün doğru olan razılaşmanı qəbul edəcək.”
Bu açıqlama qapını tam bağlamasa da, kifayət qədər açıq mesaj verir.
“Əvvəlki təklif də rədd edilib”
İran tərəfindən irəli sürülən təklif ilk olaraq ABŞ-nin "Axios " portalı tərəfindən gündəmə gətirilib. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi bu təklifi pakistanlı vasitəçilər üzərindən çatdırıb. Plan çərçivəsində atəşkəsin uzadılması və ya daimi xarakter alması, nüvə danışıqlarının isə yalnız Hörmüz boğazının yenidən açılması və məhdudiyyətlərin aradan qaldırılmasından sonra başlanması nəzərdə tutulub.
“Bütün çıxışlar kilitləndi”
Lakin pərdəarxası məlumatlar daha sərt mənzərəni ortaya qoyur. Bildirilir ki, Tramp ötən həftə İranın başqa bir təklifini də rədd edib və həftəsonu Pakistanın paytaxtı İslamabadda keçirilməsi planlaşdırılan görüşləri qəfil ləğv edib. ABŞ rəsmiləri iddia edirlər ki, İran tərəfi nüvə proqramı ilə bağlı güzəştə getmir və bu da “müharibənin həlli üçün bütün mümkün çıxış yollarını bağlayır”.
Tramp nə cavab verdi?
Bütün bu proseslərdən sonra gözlənilən cavab gəldi: Tramp administrasiyası İranın son təklifinə də ehtiyatla yanaşdı. Ağ Ev kulislərində müzakirələr artıq başqa istiqamətə yönəlib. ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi təzyiqin İran iqtisadiyyatına nə qədər davamlı təsir göstərə biləcəyi sual altındadır. "The New York Times" yazır ki, neft hasilatı anbar tutumunu aşdığı halda quyuların bağlanması ciddi zərər riski yaradır. Administrasiya daxilində bəzi şəxslər hesab edir ki, bu təzyiq İranı razılaşmaya məcbur edə bilər.
Lakin əks mövqedə olanlar, xüsusilə Trampın İsraillə birlikdə İrana qarşı hücumlara qoşulmasından sonra Tehranın daha sərt və üstün mövqeyə keçdiyini iddia edir.