Ağdərənin sıx meşəliklərində erməni terrorçular qalır

Snayper vasitəsilə atəşin açılması da buna dəlalət edir

  Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu naməlum şəxs tərəfindən snayper silahından atəşə tutulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin komandanlığı və Azərbaycan tərəfi faktla bağlı araşdırma aparır. Qarabağda erməni silahlı dəstələrin tərksilah edilməsi prosesi davam etsə də, tam başa çatmayıb və mümkündür ki, bunu silahı hələ də təhvil verməyənlər edə bilər. Digər yandan silahı təhvil verməyən erməni terrorçular bu atəşlə “şəhər döyüşünə” başlaya biləcəklərini də göstərirlər. İstənilən halda bu hadisə Xankəndidə erməni terrorçuların gizləndiyini və təhlükə yaratdığını sübut etdi. Onların zərərsizləşdirilməsi və tərksilah edilməsi üçün ev-ev axtarışlar aparılması zərurəti var.

  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, antiterror tədbirlərindən sonra da Ağdərənin sıx meşəliklərində erməni terrorçularının, silahlı şəxslərin qalması mümkündür. Analitikin fikrincə, snayper vasitəsilə atəşin açılması da buna dəlalət edir: "Bu kimi hadisələrin baş verməsi gözlənilən idi. Yaxşı olar ki, meşəlik-dağlıq ərazilərdə müasir avadanlıqlarla, video-müşahidə aparatları ilə axtarışlar aparılsın. Bölgə tam təmizlənməlidir ki, belə təxribatlar baş verməsin. Düzdür, əksər separatçı və terrorçular tərksilah edilib, lakin bəzi ünsürlərin gizlənməsi, üzə çıxmaması da istinsa edilmir. Məlumatın Rusiya tərəfindən yayılması da təhlükənin qaldığını göstərir. Rus sülhməramlıları da ermənilərin terrorundan sığortalanmayıb. Ona görə də bölgədə gizlənmiş separatçılara qarşı rus sülhməramlı kontingenti ilə birlikdə əməliyyatlar keçirilə bilər".