Almaniya tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının 2027-2028-ci illər üzrə qeyri-daimi üzvlüyünə seçilə bilməyib. Nəticə ölkədə ciddi narazılıq və siyasi müzakirələrə səbəb olub.
Almaniya Baş naziri Fridrix Merts hökuməti yerli media və müxalifət tərəfindən kəskin tənqid edilib. Almaniyanın nüfuzlu nəşrlərindən biri olan Bild qəzeti nəticəni “federal hökumət üçün böyük biabırçılıq” adlandırıb.
Səsvermədə Portuqaliya 134, Avstriya isə 131 səs toplayaraq Təhlükəsizlik Şurasına seçilib. Almaniya isə cəmi 105 səslə geridə qalıb.
Almaniyanın tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilə bilməməsi təkcə diplomatik uğursuzluq deyil, həm də beynəlxalq münasibətlər sistemində baş verən dərin dəyişikliklərin göstəricisi kimi qiymətləndirilməlidir. Uzun illər ərzində Avropa İttifaqının əsas siyasi və iqtisadi lokomotivi hesab edilən Berlinin 2027-2028-ci illər üzrə üzvlük yarışında Portuqaliya və Avstriyadan geri qalması Almaniyanın qlobal təsir imkanları ətrafında ciddi suallar yaradıb.
Bu nəticə xüsusilə ona görə diqqət çəkir ki, Almaniya son onilliklər ərzində BMT platformasında ən fəal və maliyyə baxımından ən böyük donor dövlətlərdən biri olub. Belə bir ölkənin kifayət qədər səs toplaya bilməməsi beynəlxalq ictimaiyyətin Almaniyanın xarici siyasət kursuna münasibətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir.
Son illərdə Almaniya bir neçə mühüm beynəlxalq böhran fonunda ziddiyyətli mövqe sərgiləməkdə ittiham olunur. Xüsusilə Qəzza müharibəsi zamanı İsrailə verdiyi birmənalı dəstək bir çox ölkələrdə narazılıq yaradıb. Almaniya rəhbərliyi bunu tarixi məsuliyyətlə izah etsə də, xüsusən Qlobal Cənub ölkələri bu yanaşmanı ikili standartların nümunəsi kimi dəyərləndirirlər.
Eyni zamanda Ukrayna müharibəsi, İranla münasibətlər və enerji təhlükəsizliyi məsələlərində Berlinin sərgilədiyi siyasət də əvvəlki kimi birmənalı dəstək qazanmır. Bir çox dövlətlər Almaniyanın beynəlxalq hüquq və insan haqları mövzularında seçici yanaşma nümayiş etdirdiyini düşünür.
BMT Təhlükəsizlik Şurasına seçkilər ənənəvi olaraq dövlətlərin beynəlxalq nüfuzunun göstəricilərindən biri hesab edilir. Almaniyanın uğursuzluğu isə Qərb dövlətlərinin beynəlxalq təşkilatlar üzərində əvvəlki təsir imkanlarının zəiflədiyini göstərən növbəti siqnal kimi qəbul edilə bilər.
Son illərdə Afrika, Asiya və Latın Amerikası ölkələri qlobal qərarların qəbulunda daha böyük söz sahibi olmaq istəyirlər. Bu dövlətlərin əhəmiyyətli hissəsi Qərbin siyasi gündəminə kor-koranə dəstək verməkdən uzaqlaşır və daha müstəqil mövqe nümayiş etdirir. Almaniyanın kifayət qədər səs toplaya bilməməsi də məhz bu tendensiyanın nəticəsi kimi görünür.
Almaniyanın məğlubiyyəti təkcə Berlin üçün deyil, bütövlükdə Avropa İttifaqı üçün ciddi xəbərdarlıq hesab olunmalıdır. Çünki son illər Aİ daxilində siyasi parçalanmalar, iqtisadi çətinliklər və təhlükəsizlik məsələləri fonunda Avropanın qlobal təsir gücü əvvəlki dövrlərlə müqayisədə zəifləyib.
Bu fonda Portuqaliya və Avstriyanın daha çox səs qazanması göstərir ki, beynəlxalq ictimaiyyət daha çevik, daha az mübahisəli və kompromisə açıq diplomatiyaya üstünlük verməyə başlayıb.
Mövcud nəticə Almaniya hökumətini xarici siyasət prioritetlərinə yenidən baxmağa məcbur edir. Fridrix Merts hökuməti qarşıdakı dövrdə həm Qlobal Cənub ölkələri ilə münasibətləri gücləndirmək, həm də beynəlxalq böhranlara münasibətdə daha balanslı siyasət yürütmək zərurəti ilə üzləşə bilər.
Əks halda, BMT Təhlükəsizlik Şurasına seçkilərdə yaşanan uğursuzluq Almaniyanın beynəlxalq arenadakı təsir imkanlarının azalmasının ilk əlaməti kimi tarixə düşə bilər. Bu hadisə həm də onu göstərir ki, yeni dünya nizamında iqtisadi güc artıq təkbaşına siyasi nüfuzun təminatı deyil və dövlətlər qlobal legitimliyi qorumaq üçün daha çevik diplomatik alətlərdən istifadə etməyə məcburdurlar.