- Resursları müharibəyə və qarşıdurmaya xərcləməyin heç bir mənası yoxdur
Erməni politoloq Armine Marqaryan deyib ki, artıq bərqərar olan sülh gücləndikcə, zamanla Azərbaycan və Ermənistan arasında gediş-gəliş də başlaya bilər.
Ekspertin fikrincə, Ermənistanın radikal-revanşist müxalifəti son seçkilər ərəfəsində sülhlə bağlı təxribatçı və manipulyativ təbliğata əl atsa da, bununla xalqın səsini ala bilməyib.
“Ümid edirik, elə bir gün gələcək ki, azərbaycanlılar bizim ölkəmizə gələcək, biz də onların ölkəsinə gedəcəyik. Amma bu, sabah baş verməyəcək, bunun üçün zamana ehtiyac var”.
Marqaryan əlavə edib ki, sülh artıq konkret və hissolunan reallığa çevrilib.
Millət vəkili Fazil Mustafa Sherg.az-a bildirib ki, Ermənistan seçkiləri sülh və müharibə tərəfdarları arasında xalqın seçimini müəyyənləşdirdi:
"Səslərin az və ya çox olması isə başqa məsələdir. Amma parlamentdə hökuməti formalaşdırmaq üçün böyük əksəriyyət sülh tərəfdarlarına səs verdi.
Onlar açıq şəkildə bildirirdilər ki, barışığa doğru gedəcəklər. Bu, bizim tərəfimizdən də normal qarşılanır. Biz də müəyyən şərtlər yerinə yetirildikdən sonra eyni kursu normal qəbul etməyə hazırıq.
Çünki gec-tez regionun inkişafı baxımından bu iki xalq arasında sülhün bərqərar olması hər iki dövlətin inkişafına təkan verəcək".
Deputat vurğulayıb ki, resursları müharibəyə və qarşıdurmaya xərcləməyin heç bir mənası yoxdur:
"Əgər bu vəsaitlər münasibətlərin qurulmasına və iqtisadi infrastrukturun açılmasına sərf olunsa, hər iki ölkənin güclənməsi və inkişaf etməsi mümkün olacaq. Ona görə də Marqaryanın fikirləri reallığı əks etdirir".