Artıq II Qaregin hakimiyyət üçün təsirli fiqur hesab edilmir - Qafar Çaxmaqlı

Təxminən 100 gün ərzində Ermənistanda ciddi siyasi mübarizə gedəcək

Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi aktivlik artır. Baş nazir Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyası ilə hakimiyyət kursunu davam etdirir, müxalifət isə yeni birlik və bloklar formalaşdırır.

Eyni zamanda, bütün ermənilərin katolikosu II Qaregin ilə hakimiyyət arasında münasibətlər gündəmdədir. Kilsənin siyasi proseslərdə rolu və dövlətlə münasibətləri seçki ərəfəsində aktuallaşıb.

Ermənistan seçkilərə çoxşaxəli və dinamik siyasi vəziyyətdə daxil olur.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bütün ermənilərin katolikosu, Eçmiədzin kilsəsinin rəhbəri hesab olunan II Qareginin uzun müddətdir hakimiyyətin hədəfində olduğunu deyib: 

"Bu vəziyyət Qareginin Nikol Paşinyan hakimiyyətini qəbul etməməsi, onun əlehinə qüvvələri dəstəkləməsi, ona qarşı müəyyən fəaliyyətlər göstərməsi ilə əlaqələndirilir. Halbuki kilsənin dövlət işlərinə qarışması qanunvericiliyə zidd hesab olunur. Bu səbəbdən Paşinyanla katolikos arasında qarşıdurma davam edir.

Hakimiyyət II Qaregini kilsə rəhbərliyindən uzaqlaşdırmağa çalışıb və hətta bəzi kilsə nümayəndələri həbs olunublar. Onların fəaliyyətində dövlətə qarşı zorakı çağırışların olduğu iddia edilir. Məsələn, Gümrüdə dini rəhbər vəzifəsində olan şəxs hakimiyyəti zorla, hərbi yolla devirməyə çağırış etdi və bu səbəbdən həbs olundu. Digər bir kilsə nümayəndəsi də saxlanılıb. Hazırda onunla bağlı məhkəmə prosesi davam edir.

Eyni zamanda, Ermənistandakı bəzi dini mərkəzlərin bir araya gələrək II Qaregini vəzifəsindən uzaqlaşdırmaq cəhdləri də davam edir. Bu proses hələ başa çatmayıb. Hakimiyyətin əlində onun vəzifədən kənarlaşdırılması üçün müəyyən əsasların olduğu bildirilir. İddialara görə, II Qaregin kilsə qanunlarını pozub. Belə ki, ali dini rəhbər evli və ailəli olmamalıdır. Lakin onun həm Ermənistanda, həm də xaricdə ailəsinin və övladlarının olması barədə məlumatlar yayılıb. Bu isə kilsə qaydalarının kobud şəkildə pozulmasıdır".

Ekspert hazırda Ermənistan hakimiyyətinin başqa yol seçərək həmin qanun pozuntularını cinayət tərkibli əməl kimi araşdırmağa başladığını söyləyib:

"II Qaregin barəsində cinayət işi açılıb. Bu işin necə nəticələnəcəyi gələcəkdə bəlli olacaq. Artıq onun ölkədən çıxışına qadağa qoyulub. Bu məqam xüsusilə önəmlidir. Çünki o, Avstriyada keçiriləcək dini liderlərin toplantısında Ermənistan kilsəsini təmsil etməli idi. Lakin katolikosun ölkəni tərk etməsinə icazə verilməyib. Bütün bunlar Ermənistanda seçkilər ərəfəsində baş verir. Parlament seçkiləri yaxınlaşdıqca siyasi fəallıq artır. Yeni siyasi birliklərin formalaşması prosesi gedir. 

“Güclü Ermənistan” adlı siyasi təşkilat yaradılıb. Bu qurumun daha çox Rusiya meyilli qüvvələri birləşdirdiyi bildirilir. Məqsədin digər müxalif qüvvələri də ətrafında toplayaraq Paşinyan hakimiyyətinə qarşı güclü blok yaratmaq olduğu iddia edilir.

Parlamentdə təmsil olunan, Robert Koçaryan və Serj Sarkisyan ilə əlaqələndirilən fraksiyaların yeni təşkilatla mümkün birləşməsi də müzakirə mövzusudur. Belə bir birləşmə baş verərsə, Paşinyan üçün siyasi mübarizə çətin olacaq.

Hazırkı vəziyyətə görə, Paşinyanın və onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə önə keçdiyi bildirilir. Son sorğular da bunu göstərir".

Professor parlament seçkilərində Nikol Paşinyanın qalib gələ biləcəyinin ehtimal olduğunu bildirib: 

"Əgər Paşinyan qalib gəlsə, xarici təsir imkanlarını azaltmaq məqsədilə ölkə daxilində müəyyən addımlar atacaq. Xüsusilə Rusiyanın müdaxilə imkanlarının məhdudlaşdırılması istiqamətində tədbirlərin görülməsi mümkündür. Bu amil seçkilərin nəticəsinə təsir göstərə bilər.

Azərbaycan və Türkiyənin Ermənistan seçkilərinə təsir imkanlarının olub-olmaması da ölkə daxilində ciddi müzakirə mövzusudur. Azərbaycanın müəyyən təsir imkanlarının olduğu qeyd edilir. Məsələn, Ermənistana yanacaq tədarükü, dəmir yolu vasitəsilə yüklərin çatdırılması kimi məsələlər mövcud hakimiyyətin uğuru kimi təqdim olunur. Vaşinqtonda paraflanan sülh sazişi də Ermənistan cəmiyyətində müsbət qarşılanan addımlardan biri hesab edilir. Kommunikasiya xətlərinin açılması Ermənistanın dünyaya çıxış imkanlarını genişləndirə bilər.

Gündəmdə olan digər məsələ isə Türkiyə ilə sərhədlərin açılması ehtimalıdır. Əgər bu proses seçkilər ərəfəsində baş versə, bu da hakimiyyətə siyasi divident qazandıra bilər". 

Müsahibimiz Paşinyan hakimiyyətinin güclənməsi və ya zəifləməsinin Ermənistan cəmiyyətinin mövqeyindən asılı olacağını vurğulayıb:

"Son sorğulara əsasən, onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hazırda öndə görünür. Partiya daxilində də müəyyən təşkilati proseslər aparılıb. Paşinyanın komandasında onun irəli sürdüyü Ermənistanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi xəttini davam etdirə biləcək fiqurların olduğu vurğulanır. II Qareginin kilsə rəhbərliyindən uzaqlaşdırılması və ona qarşı hüquqi addımların atılmasının dini çevrələrin müxalifətə verdiyi dəstəyi zəiflədəcək. Artıq II Qaregin hakimiyyət üçün əvvəlki qədər təsirli fiqur hesab edilmir. Onun ictimai-siyasi təsir imkanlarının məhdudlaşdığı bildirilir. Son aylarda aparılan təbliğat fonunda cəmiyyətdə revanşist çağırışların Ermənistanın gələcəyi üçün səmərəli olmadığına dair fikir formalaşdığı qeyd olunur".

Q.Çaxmaqlı eyni zamanda qeyd edib ki, partiyaların və təşkilatların təmərküzləşməsi, birləşməsi və vahid qüvvə kimi ortaya çıxması prosesi gedir: 

"Bu prosesi Ermənistanda hakimiyyət orqanları da diqqətlə izləyir. Seçkilərə çox az vaxt qalıb. Təxminən 100 gün ərzində Ermənistanda ciddi siyasi mübarizə gedəcək. Kilsə bu məsələdə aktiv rol oynaya bilməyəcək".