Avropanın iqtisadi nəhəngi Azərbaycana daha çox yaxınlaşır - ŞƏRH

  • Oqtay Qasımov: “Almaniya ilə münasibətlərin inkişafı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə güclü təkan verir”

İyulun 21-də Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini bildirib.

Politoloq Oqtay Qasımov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir:

"Belə ki, son illər iki ölkə arasında münasibətlərdə ciddi bir inkişaf və intensivlik müşahidə olunmaqdadır. Bir müddət öncə Almaniya Prezidenti Azərbaycana səfər etmişdi və burada ikitərəfli münasibətlərin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində olmuşdu. Nəzərə alsaq ki, Almaniya Avropanın aparıcı ölkəsidir, iqtisadi gücüdür və iki ölkə arasında münasibətlərdə enerji təhlükəsizliyi ilə bağlı münasibətlər ciddi şəkildə inkişaf edib. Son dövrlər bu əlaqələr müxtəlif istiqamətləri əhatə etməkdədir. Artıq Azərbaycan Almaniyanı qazla tədarükündə təminatçı ölkələrdən biridir. Əlavə olaraq, iki tərəf arasında logistika və nəqliyyat dəhlizləriylə bağlı əlaqələr mövcuddur. Bundan başqa Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı baş verir".

Politoloq daha sonra vurğulayıb ki, Azərbaycan Almaniya şirkətlərinin ölkəyə, xüsusən də işğaldan azad edilmiş ərazilərə cəlb olunması və onların fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparır:

"Almaniya ilə əlaqələrin inkişaf etdirilməsi həm də, Avropa İttifaqı ilə münasibətlərin inkişafına mühüm töhfə verir. Bu baxımdan Almaniya inkişaf etmiş sənayesi, yeni texnologiyası, hərbi sənaye kompleksi ilə öndə gedən ölkələrdən biridir. Nəzərə alsaq ki, Azərbaycan Prezidenti Almaniyaya səfəri zamanı, Almaniya sənayeçiləri və iş adamları ilə görüş keçirib və onların Azərbaycanda fəaliyyət göstərməsi ilə bağlı da bütün imkanlar yaradılıb, bu da alman kapitalının ölkəyə girişi üçün mühüm amil hesab olunur. Almaniya hökuməti ilə Azərbaycan hökuməti arasında kifayət qədər konstruktiv və rasional münasibətlər var. Bu münasibətlər getdikcə dərinləşir və bu hər iki tərəfin maraqlarına uyğundur.”

Paşa Nuriyev