- Erməni tərəfinin AİHM-ə müraciətlərinin icraata qəbul edilməsi də həmin şəxslərin azadlığa buraxılması anlamına gəlmir
Bakıda saxlanılan erməni məhbusların səhhəti ilə bağlı Ermənistan tərəfindən növbəti dəfə müxtəlif iddialar səsləndirilib. İrəvanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) məhbusların maraqlarını təmsil edən hüquqşünas Siranüş Saakyan Azərbaycanı tibbi təminat və məhbusların hüquqları ilə bağlı tənqid edib. Lakin səsləndirilən iddiaların Azərbaycan tərəfindən təsdiqlənməsi barədə açıqlama yoxdur.
Erməni tərəfinin bu mövzunu beynəlxalq hüquq platformalarında gündəmə gətirməsi diqqət çəkir. Xüsusilə Azərbaycan əleyhinə səsləndirilən ittihamların hansı faktlara və obyektiv tibbi sənədlərə əsaslandığı məsələsi mühüm olaraq qalır. Bu səbəbdən mövzuya yanaşarkən yalnız Ermənistan tərəfinin açıqlamalarını deyil, Azərbaycan tərəfinin mövqeyini və məhbusların saxlanma şəraiti ilə bağlı rəsmi məlumatları da nəzərə almaq vacibdir.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Sherg.az-a açıqlamasında Ermənistan tərəfinin Bakıda saxlanılan ermənilərin səhhəti ilə bağlı səsləndirdiyi iddiaları əsassız və gülünc adlandırıb.
Hüquq müdafiəçisi hesab edir ki, erməni hüquqşünasların bu şəxslərin həbsinə dair tutarlı arqumentləri qalmadığı üçün indi məsələyə tibbi aspektdən yanaşmağa çalışırlar:
“Bundan əvvəl onları gah siyasi məhbus, gah da hərbi girov kimi təqdim edirdilər. Bu statusların heç birinin hüquqi əsası olmadığı ortaya çıxdıqdan sonra indi də onların səhhəti ilə bağlı problemlər axtarmağa başlayıblar. Halbuki bu şəxslərin həbsində heç bir siyasi amil yoxdur. Dünyanın müxtəlif ölkələrində də qanunsuz silahlı birləşmələrə və xunta rejimlərinə rəhbərlik etmiş şəxslər törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunurlar. Hesab edirəm ki, erməni tərəfinin konkret və tutarlı hüquqi arqumentləri olmadığı üçün beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətə yönəltməyə çalışırlar”.
Çingiz Qənizadə vurğulayıb ki, bu cür cəhdlər və Azərbaycan əleyhinə aparılan ləkələmə kampaniyası nəticəsiz qalacaq. Onun sözlərinə görə, erməni tərəfinin AİHM-ə müraciətlərinin icraata qəbul edilməsi də həmin şəxslərin azadlığa buraxılması anlamına gəlmir: “Onların barəsində Avropa Məhkəməsinin qərarı da yalnız bu ola bilər ki, işə mülki məhkəmədə baxılsın. Bu da daha bir neçə il mühakimənin davam edəcəyi deməkdir. Ona görə də erməni tərəfinin ərizəsinin icraata götürülməsi o demək deyil ki, Avropa Məhkəməsi bu cinayətkarların azadlığa buraxılması haqda qərar çıxaracaq. Ümumiyyətlə, ermənilərin fəallığının yeganə səbəbi bu məhbusların işini gündəmdə saxlamaqdır”.