Husilər "Saudi Aramco"nun obyektlərinə raket və PUA-larla zərbə endirdi

Yəmənin "Ənsar Allah" (husilər) hərəkatı Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun Ər-Riyad və Xurays şəhərlərindəki obyektlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Saria "Al Masirah" telekanalının efirində bildirib.

"Yəmən Silahlı Qüvvələri ballistik raketlər və dronlardan istifadə etməklə iki hərbi əməliyyat keçirib. Birinci əməliyyat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı 'Aramco' obyektini, ikincisi isə Xuraysdakı müəssisəni hədəf alıb", — deyə Saria qeyd edib.

Hərəkat rəsmisinin sözlərinə görə, hər iki əməliyyat uğurla nəticələnib və dəqiq zərbələr hücuma məruz qalan obyektlərdə iri yanğınlara səbəb olub. Saria əlavə edib ki, bu hücumlar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın son 12 saat ərzində Səna və digər əyalətlərə endirdiyi 50 zərbəyə cavabdır.

Husilər, həmçinin Səudiyyə Ərəbistanının hərbi bazalarına və neft obyektlərinə zərbələri davam etdirəcəkləri ilə hədələyiblər.